Batan əmanətlər məsələsi yenə gündəmdə

YAP-çı ekspert günahı parlamentdə görür

Əli Əlirzayev: «Xalq özü öz deputatını seçsə, belə problemlər parlamentdə həllini tapar»

 

Sovet dövründən qalan bank əmanətlərinin qaytarılmasıyla bağlı məsələ yenidən aktuallaşıb. Maliyyə naziri Samir Şərifov parlamentin iclasında bu məsələyə diqqəti çəkərək bildirib ki, əmanətlərin qaytarılması ilə bağlı problem yoxdur. Yəni Milli Məclis müvafiq qanun qəbul etsə, bunun budcə vasitəsilə icrasında problem olmayacaq.
Əmanətlərin qaytarılması məsələsiylə uzun müddət məşğul olan sabiq millət vəkili Əli Əlirzayevin qəzetimizə açıqlamasına görə, parlament qanun qəbul edəndən sonra bu məsələ öz həllini tapa bilər. Əsas qanundur, bu da hələlik olmadığına görə hüquqi əsas da yoxdur və heç kim də bu məsələni boynuna götürmək istəmir: “Qanunun hazırlanması, müzakirəsi və digər məqamlarda ictimaiyyət, xalq da iştirak edir. Qanunun hazırlanması üçün təşəbbüs gəlməlidir. Bu təşəbbüs ölkə başçısı, Nazirlər Kabineti və qanunvericiliyin hazırlanmasında hüququ olan orqanlardan gəlməlidir”.
Ə.Əlirzayev söylədi ki, əhalinin əmanətlərinin qaytarılması məsələsini parlamentin iclaslarında bir neçə dəfə qaldırıb, lakin bütün deputatlar eyni fikri paylaşmadığı və kənar rəy müxtəlif olduğu üçün məsələ həllini tapmayıb. Hətta 2005-ci ildə bank əmanətlərinin qaytarılması məsələsi az qala həll olunma dərəcəsinə çatsa da, yenidən qapanıb: “Bu məsələyə münasibət birmənalı olmadığı üçün problem həll edilmir. Xalq öz fikrini demək üçün hələ yetişməyib, seçkilərdə o elə şəxsləri seçə bilərdi ki, əmanətlərin qaytarılması məsələsinə yenidən baxılmasını, yaxud qaytarılması problemi həll olunardı. Bu barədə müvafiq qanun olmadığı və eləcə də birmənalı fikir formalaşmadığı üçün problem yerində sayır”.

Nigar