FHN-nin saxta sertifikatları

İran sobalarının satışında Kəmaləddin Heydərovun rəhbərlik etdiyi qurumun adından necə istifadə edilir?

Iran sobalarının satışında Fövqəladə Hallar Nazirliyinin(FHN) adından saxtakarlıq edilir. Bu barədə əlimizdə kifayət qədər ciddi fakt var. Bu faktı redaksiyamıza adının çəkilməsini istəməyən oxucularımızdan biri təqdim edib. Oxucumuz deyir ki, havalar soyumağa başlayandan sonra mənzili qızdırmaq üçün Iran istehsalı olan soba almaq qərarına gəlib.
Bu məqsədlə “Sədərək” Ticarət Mərkəzinə gedib. Ticarət mərkəzinin 3-cü sırasının ikinci korpusunda yerləşən 4 saylı mağazadan Iran sobası alıb. Həmin mabazanın Elnur adlı sahibi oxucumuza sobanın texniki cəhətdən təhəlükəsiz olması barədə FHN-nin Sənayedə Işlərin Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin  sertifikatını verib. Sənəddə agentliyin rəisi S.Qurbanovun imzası və FHN-nin möhürü var. Sertifikatda əlaqə üçün mobil nömrə də yazılıb: 050 339 17 02. Sobada problem yarandıqdan sonra oxucumuz əvvəlcə sənəddəki nömrəyə zəng edərək nə üçün belə bir keyfiyyətsiz və insan həyatı üçün təhlükəli olan mala sertifikat verilməsinə aydınlıq gətirmək istəyib. Lakin bəlli olub ki, həmin nömrənin sahibinin ümumiyyətlə bu məsələyə aidiyyatı yoxdur. Sadəcə sənədə nömrə xatirinə nömrə yazılıb. Beləliklə də aydınlaşıb ki, sertifikat saxtadır. Lakin maraqlıdır ki, Iran sobalarının satışı ilə məşğul olan işbazlar əksər alıcılara belə bir sertifikat təqdim edirlər. Özü də çəkinmədən, sərbəst şəkildə. Deməli, bu ticarətçilərin özfəaliyyəti deyil. Bu saxta sənədlər hansısa “güclü əl”in vasitəsilə hazırlanır. Bu “əl”in FHN-ə, bu qurumun rəhbəri Kəmaləddin Heydərova aid olub-olmadığını deyə bilmərik. Amma onu dəqiq bilirik ki, bu saxtkarlıq  insanların həyatı təhlükə altına qoyur.

Informasiya şöbəsi