“Hakimiyyət vicdan məhbuslarını dərhal azad etməlidir”

«Amnesty International» Azərbaycan hakimiyyəti qarşısında qəti tələb qoydu

Amnesty International Azərbaycanda bu ilin baharında baş vermiş etirazlar əsasında məhkum edilmiş 17 nəfəri vicdan məhbusu hesab edir və onların dərhal azadlığa buraxılmasına çağırır. Bu barədə Amnesty International təşkilatının Avropa və Mərkəzi Asiya proqramlarının direktor müavini Con Dalhizen “Obyektiv” TV-yə müsahibəsinə bildirib.

Amnesty International təşkilatı Azərbaycanda insan haqlarının durumu ilə bağlı “Heç vaxt çiçəklənməyən bahar: Azərbaycanda azadlıqlar tapdanır” adlı hesabat yayıb. Sənəddə ölkədəki korrupsiya, müstəqil media, qeyri hökumət təşkilatları və müxalifət partiyalarının üzərinə artmaqda olan təzyiqlərdən bəhs olunur. Hesabat son dövrlərdə özünüifadə azadlığının boğulması ilə bağlı hüquq pozuntularını əks etdirir, fərqli və tənqidi fikirlərin boğulmasını özündə ehtiva edir.
Sənəddə həmçinin bu ilin mart və aprel aylarındakı etiraz aksiyalarında baş verən pozuntular əks olunub.
Onun fikrincə, bu ilin yaz hadisələrindən əvvəl də jurnalistlər, azad media, müxalifət təqiblərə və təzyiqlərə məruz qalıb:”Ancaq xüsusi olaraq yaz hadisələrinin fonunda biz, toplaşmaq azadlığının, azad medianın və jurnalistlərin necə təqib olunduğunu bir daha müşahidə etdik”.

C.Dalhizen hazırda Azərbaycanda 17 nəfər vicdan məhbusunun  olduğunu deyib:”Bir də ədalətli məhkəmə hüququ pozulanlar var. Hansı ki, bu insanlar öz sərbəst fikirlərini ifadə etməyə cəhd edərkən həbs olunublar. Vicdan məhbuslarından 13-ü etiraz aksiyalarının təşkilinə görə həbs edilib. Qalan dörd nəfərə gəlincə, hansı ki, bu siyahıda Bəxtiyar Hacıyev və Cabbar Savalan da var, onlar yaz hadisələrindən əvvəl və sonra həbs olunublar. Biz qəti şəkildə bildiririk ki, Bəxtiyar Hacıyev, Cabbar Savalan, Şahin Həsənli və Vidadi Isgəndərli etiraz aksiyalarına çağırışa görə həbs edilib”.
O, səfərindən öncə görüşmək üçün Prezident Administrasiyası, Ədliyyə Nazirliyi və Daxili Işlər Nazirliyinə görüş üçün müraciət edib. “Mənə cavab veriblər ki, görüş üçün müvafiq vaxt deyil. Biz hər zaman hökumətlə görüşə hazırıq. Əgər hökumət istəsə, dəvət etsə, yenidən Bakıya dönüb müzakirələr apara bilərik. Amnesty International Azərbaycan hakimiyyəti ilə həmişə konstruktiv dialoqda olmaq istəyir. Başa düşürük ki, bütün məqamlarla bağlı fikirlərimiz üst-üstə düşməyəcək. Amma hesab edirik ki, bu müzakirə, diskussiya prosesi getməlidir və nöqteyi-nəzərlər bölüşməlidir. Son olaraq demək istəyirəm ki, Azərbaycan hökumətinin milli səviyyədə siyasi partiyaların və qeyri- hökumət təşkilatlarının səsinə qulaq asması daha vacibdir, nəinki bu situasiyada Amnesty International-ı dinləmək. Yəni, indiki məqamda vacibdir ki, hökumət qeyri hökumət təşkilatları və siyasi partiyaların mövqeyini dinləsin, müzakirə etsin, nəinki onların tənqidlərini, fikirlərini ümumiyyətlə yaxına buraxmasın.
Bu müzakirələr olmasa, situasiya daha da çətinləşə bilər”, – o bildirib.
“Amnesty International Azərbaycandakı vicdan məhbuslarının azadlığa buraxılması ilə bağlı daha müxtəlif aspektləri nəzərdən keçirir. Həbsdə olanların azad edilməsi üçün təşkilatın dünya üzrə şəbəkəsini hərəkətə gətirəcəyik və şəbəkəmiz vasitəsilə Azərbaycan hökumətini vicdan məhbuslarını azad etməyə çağıracağıq. Hökumətə məktub kampaniyasına başlayacağıq.
Eyni zamanda, məsələni beynəlxalq səviyyədə də ciddi şəkildə qaldıracağıq. Məsələn, BMT mexanizmi vasitəsilə və Avropa Şurası səviyyəsində vicdan məhbuslarının azad edilməsi məsələsini qaldıracağıq. Biz həmçinin Amnesty Inernational-ın beynəlxalq şəbəkəsi vasitəsilə çoxsaylı ölkələrin xarici işlər nazirlərinə müraciətlər edəcəyik. Məsələn, ofislərimiz Amerika, Norveç, Böyük Britaniya və digər Azərbaycanda marağı olan hökumətlərlə qarşılıqlı dialoqlarında bu məsələni qaldıracaq”, – C.Dalhizen qeyd edib(Turan).