500 milyonluq müəssisə 6.4 milyona satıldı

Etibar Pirverdiyevin şirkəti «AZENCO» ASC-nin səhmlərinin 97,54 faizini qəpik-quruşa aldı

“AZENCO” ASC-nin səhmlərinin 97,54%-i “Inter Enerji”yə keçib. Bu məlumatı “Turan” üçün Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətində təsdiq ediblər.
Qeyri-rəsmi məlumata görə, “Inter Enerji” MMC “AzərEnerji” ASC-nin prezidentinə məxsusdur. “Inter Enerji” səhmdar cəmiyyətini qəpik-quruşa alıb. Müqaviləyə əsasən, “Inter Enerji” MMC “AZENCO”nun səhmləri üçün 6,4 milyon manat məbləğində vəsaiti dövlət büdcəsinə köçürəcək. Eyni zamanda, investor 100 000 ədəd dövlət özəlləşdirmə çekini silib. “Inter Enerji” ASC-nin inkişafına 50 milyon manat məbləğində investisiya qoyuluşunu həyata keçirəcək. Onun xüsusi kapitalı isə 500 milyon dollardır. ƏMDK-də müəssisəyə əslində nə qədər vəsait qoyulduğunu dəqiqləşdirmədilər. Öhdəliklər 4 ilə yerinə yetirilməli idi. Amma şirkət onu 1 ilə icra edib. Öhdəliklər isə sadə deyil. Bu müddətdə Bakı, Sumqayıt. Lənkəran, Gəncə və başqa regionlarda istehsal və xidməti müasir tələblərə uyğunlaşdırmalı idi. Həmçinin bu investisiyalar nəticəsində gələcəkdə Sumqayıt Texnologiya Parkına daxil olan müxtəlif sahələrin yaradılması və inkişafının təmin edilməsi nəzərdə tutulur. Eyni zamanda, Mingəçevirdə mərmər və qranit daşların istehsalının genişləndirilməsi, Sumqayıtda yük maşınları istehsalının təşkili məqsədi ilə tədbirlər görüləcək.
Dekabrın 28-də “Inter Enerji” MMC-nin ilk ümumi yığıncağında səhmdar cəmiyyətini bölmək planlaşdırılır. Söhbət yəqin STP-ni SC-nin strukturundan çıxarmaqdan gedir. Bundan başqa, nizamnamə kapitalı artırılacaq. Bu gün o, 6 837,3 min manatdır. Satış zamanı “AZENCO”-nun debitor borcları öhdəliklərindən 3 dəfə çox – 911 mln manat olub.
“Inter Enerji” MMC-nin qələbəsi hələ 23 dekabr 2009-cu ildə məlum olub. ƏMDK bu barədə 12 fevral 2010-cu ildə məlumat verib. “AZENCO” ASC-nin səhmlərinin əmək kollektivi üzvlərinə (7000 nəfər) satışı, yumşaq desək, dumanlı olub. Onlara 15% əvəzinə 2,46% səhm verilib. “AZENCO” ASC energetika obyektləri, binalar və qurğuların tikintisi, montajı ə təmiri ilə məşğul olur. O, 1938-ci ildə yaradılıb və səhmləşənə qədər “Azerenerji” ASC strukturuna daxil olub.