Araz Əlizadə: «Mən bu barədə konrket bir söz deyə bilmərəm»
Eks-prezident Ayaz Mütəllibovun siyasətlə məşğul olmayacağı barədə açıqlaması bəzi mülahizələrə yol açıb. Xatırladaq ki, Ayaz Mütəllibov bu barədə “Mediaforum”a açıqlamasında bildirib. “Azərbaycana qayıdıb ailəmi başıma yığıb oturacam evdə. Vəssalam”,- deyə eks-prezident vurğulayıb.
Ayaz Mütəllibov ASDP-nin həmsədridir. Bu baxımdan onun adıçəkilən partiyanın rəhbərliyində ola-ola siyasətlə məşğul olmayacağını söyləməsi qəribədir. Əgər o, bu fikrinə həmsədrlikdən istefa verəcəyini də əlavə etsəydi, onda eks-prezidentin Azərbaycana dönüb ailəsini başına yığıb evdə oturmasını normal qarşılamaq olardı. Lakin hələ ki, Ayaz Mütəllibov bu barədə bir söz deməyib.
Ehtimal edilir ki, eks-prezidentin bu açıqlaması hakimiyyətdə ona qarşı münasibətin birmənalı olmaması ilə bağlıdır. Yəni, Ayaz Mütəllibov Azərbaycana dönəcəyi təqdirdə ona qarşı xüsusi aqressiyası ilə seçilən hakimiyyətdəki müəyyən qruplaşmanın təhlükəsindən özünü sığortalamaq üçün bir manevr edir.
Başqa bir versiyaya görə Ayaz Mütəllibovun bu açıqlaması eks-prezidentin Paşayevlərlə anlaşmasının təzahürüdür. Məlumatlara görə, eks-prezidentlər haqqında qanunun Ayaz Mütəllibova da şamil edilməsində Paşayevlərin mühüm rolu olub. Lakin eks-prezidentə olan bu jest qarşılıqlıdır. Razılaşmaya görə Ayaz Mütəllibov rəsmən eks-prezident statusu almasının müqabilində siyasi iddialarından imtina edir və səylərini Paşayevlərin rəhbərlik etdiyi Bakı-Şirvan klanının güclənməsinə yönəldir. Ona görə də ehtimal olunur ki, eks-prezident Azərbaycana döndükdən sonra həmsədrlikdən də gedəcək.
ASDP həmsədri Araz Əlizadə isə “Azadlıq”a açıqlamasında Ayaz Mütəllibovun məlum açıqlamasını mətbuatdan oxuduğunu və onun Azərbaycana döndükdən sonra siyasətlə məşğul olub-olmayacağı barədə məlumata malik olmadığını deyib: “Bəlkə də Ayaz müəllimin fikirlərini səhv başa düşüblər. Hər halda mən bu barədə konrket bir söz deyə bilmərəm. Çünki məlumatım yoxdur, özü də heç nə deməyib”.
Azad


