Azərbaycan cəmiyyəti Türkiyəyə hansı mesajı verdi?

turkiyeTürkiyə hökuməti Azərbaycan xalqını YAP hakimiyyətinə qurban verməməlidir

Türkiyənin Rusiya təyyarəsini vurması Azərbaycanda da geniş müzakirəyə səbəb oldu. Amma bu müzakirələr təkcə hadisənin özünə münasibətdə ifadə olunmadı. Daha çox Azərbaycan hökumətinin Türkiyəyə dəstək verməməsi və qardaş ölkəyə qarşı qeyri-səmimi münasibəti müzakirə edildi. Demək olar ki, əhalinin bütün təbəqələri hökumətin mövqeyini aqressiya ilə qarşıladı və hökumətin dili ilə danışanlar ictimai rəyin “daş-qalağı” ilə üz-üzə qaldı.

Yəni, Azərbaycan hökuməti ilə Azərbaycan cəmiyyəti arasında birmənalı uçurum yarandı. Nardaran hadisəsi başverənə qədər Türkiyə məsələsi əsas mövzu idi və hər gün hökumətə qarşı cəmiyyətin nifrəti dərinləşirdi. Bu mənada sosial şəbəkələri obyektiv ölçü vahidi də hesab etmək olar. Demək istəyirik ki, Azərbaycan hökumətindən fərqli olaraq, Azərbaycan cəmiyyəti “bir millət-iki dövlət” şüarına sədaqət nümayiş etdirdi. Ona görə də qardaş Türkiyə bu son hadisələrdən ciddi nəticə çıxarmalıdır. Yeri gəlmişkən, AXCP sədri Əli Kərimlinin Türkiyənin “Ülke TV” kanalına müsahibəsində də bu məqama xüsusi toxunuldu. Əli Kərimli Türkiyə hökumətinə çağırış etdi ki, Azərbaycana münasibəti yalnız hökumət üzərindən tənzimləməsinlər. Azərbaycandakı avtoritarizmə, anti-demokratik idarəetməyə də münasibət bildirsinlər.  Çünki, Azərbaycanı yalnız hakimiyyət deyil, Azərbaycan xalqı da təmsil edir və bu xalqın Türkiyədən böyük gözləntiləri var.

Əli Kərimlinin fikirlərinin davamı olaraq demək istəyirik ki, Türkiyə hökuməti son olaylarda Azərbaycan xalqının Türkiyəyə münasibətini görməzdən gəlməsin. Türkiyə hökuməti Azərbaycana münasibəti, hakimiyyətin kaprizlərinə uyğun müəyyənləşdirməməlidir. Onsuz da prinsipial məsələlərdə hakimiyyət Türkiyəyə birmənalı dəstək vermir. Son olaylarda da Türkiyəni üzr istəməyə səslədilər. Yəni, Rusiyanın xoşuna gəlməyə çalışdılar.

Bütün bunları nəzərə alaraq Türkiyə hökuməti Azərbaycan vətəndaşlarının hüquqlarının pozulmasına, hakimiyyətin qanunsuz əməllərinə dəstək verməməlidir. Türkiyənin Azərbaycandakı dayağı YAP hökuməti yox, Azərbaycan müxalifəti, sıravi vətəndaşlardı.

Bəli, xalqdan güc almayan, xalqın seçmədiyi hakimiyyət Türkiyə üçün etibarlı və əbədi müttəfiq ola bilər.

Bir daha təkrar edirik ki, Türkiyə hökuməti əsas və etibarlı tərəfdaşı olan Azərbaycan cəmiyyətini tək qoymamalı, hökumətin riyakar manevrlərinə məqam gələndə adekvat mövqe sərgiləməlidir.

Hökumətə münasibətlə, xalqa münasibətin qarışdırılması Türkiyənin maraqlarına da ziddir.

Samir