Mən Rafiq Əliyevdə böyüklük, insanlıq gördüm, ama zərrəcə qəhrəman olmaq istəyi görmədim. Hətta düşünürəm ki, qəhrəmanlıq böyük alimin xoşladığı bir şey də deyil. Söhbət onun özündən gedir. Niyə xoşlamır? Çünki qəhrəmanlıq acı məqamlarda, ağır situasiyalarda gərəkən bir keyfiyyətdi, Rafiq bəy isə elm ilə məşğuldu; elm isə ağır situasiyaların ümumiyyətlə, mövcud olmaması üçün deyilmi? Zənnimcə, onun bu günlər danışdıqlarını isə elə özünün yeni nəzəriyyəsi (“Qeyri-müəyyənlik şəraitində qərarların qəbulu”) ilə əsaslandırmaq olar.
Ama sən saydığını say, gör PA-da nə sayırlar. Bu ölkədə hətta qəhrəmanlıq da şəxsin istəyindən asılı deyil. Adamı necə kölə, qul eləyirlərsə, bu rejimdə, qəhrəmanlıq da eləcə, zorla həyata keçirilir. Yəni adamı zorla məcbur eləyirlər ki, qəhrəman olsun.
Böyük yazıçı Stefan Sveyq elə bu tip rejimlər və ölkələr üçün demişdi: “Ən saf gerçək belə, başqalarına zorla qəbul etdirilməyə çalışıldığında düşüncəyə qarşı çevrilmiş cinayətə çevrilir”. Indi bu məntiqlə yanaşanda sanki bu ölkədə suçdan və cinayətdən başqa heç nə işlənmir. Hətta neft çalışmaları da bu səviyyədə deyil. Suç var, cəza yoxdu. Cəzanın yoxluğu isə, adətən, sonunda onun çox amansız olmasını doğurur. Çauşesku, Qəzzafi və onlarla başqasının sonluğu. Illərlə göstərdiyin zor sonunda özünə qayıdır, həm də hamısı birdən, bir anda.
Zorla qəbul etdirilmiş sevgi belə, məzmununu dəyişib nifrət və əxlaqsızlıqla dolu köləliyə çevrilir. Kölə isə artıq vicdanının və ürəyinin diqtəsi ilə yox, ağanın əmri ilə hərəkət eləyir. Ramin Dekonun ADNA-dan hazırladığı reportajdakı bir məqam bu baxımdan çox diqqətəlayiqdi.
Qəfildən kafedradan bir müəllim çıxır, özünü təqdim etmir və “lazım deyil” deyib, jurnalistə mane olur. Qoluna girib yavaş-yavaş korpusdan çıxarmağa çalışır. Deko praktikant olduğunu, işdən aldığı tapşırığa əsasən Rafiq Əliyevin əleyhinə danışan müəllimləri tapmalı olduğunu deyir.
“- Səni başa düşürəm. Ancaq bu, mümkün deyil. Sən yazarsan, sonra aləm bir-birinə dəyər. Indiki vaxtda olmaz.
– O, niyə işdən çıxarılıb? Mən onun əleyhinə nə yaza bilərəm qəzetdə? Siz mənə kömək edin də…
– Redaktorun zəng etsin Siyavuş müəllimə. Icazə alsın, danışmaq problem deyil.
– Rafiq Əliyevin günahı var?
– Sən icazə al, necə cavab istəsən, elə də danışacam.
– Icazə versələr, əleyhinə danışacaqsınız, yoxsa lehinə?
– Icazə al, hər şey sən istədiyin kimi olacaq.
– Həm lehinə, həm də əleyhinə ola bilər?
– Gəldiyiniz məqsəd üzrə danışacağıq…”.
Baxın, bu insan müəllim adı daşıyır. Hətta ona ziyalı da deyirlər. Kim deyə bilər ki, Ziyalılar Forumuna, Rafiq Əliyevə qarşı aparılan çirkin kampaniyada bu adamın adı yoxdu. Ümumiyyətlə, bu adamıcığazın adı varmı? Danışmaq üçün ona icazə və tapşırıq verilməsini istəyir. Lehinə desələr lehinə, əleyhinə desələr əleyhinə. Fərqi yoxdu. Belələrinə tapşırıq gəlsə, cinsini də fərqli göstərə bilər. Bundan sonra Qulu Məhərrəmli və Cəlal Allahverdiyevə qarşı BDU-dan göndərilən yeni “bəyanat” müəlliflərini anlamaq heç də çətin deyil. Qulu müəllimin cavabı isə lap roman adını xatırladır və çox möhtəşəm səslənir: “Bircə cümlə ilə yazın ki, Qulu Məhərrəmli bunu dinlədi və güldü…”.
“Qulu Məhərrəmli bunu dinlədi və güldü…”
•
•