Fuad Qəhrəmanlı: «YAP Azərbaycanın sərvətlərini talayan insanların birliyidir»
“Faktiki olaraq eyni hərəkatın tərkibindən çıxmış və hamısının da eyni məqsədlərə xidmət etdiklərini bəyan edən ayrı-ayrı adamlar sonradan fərqli partiyalar yaratdılar.
O zaman, AXCP, Müsavat, AMIP və digər partiyaların əksəriyyəti eyni hərəkatın tərkibindən çıxdı, eyni məqsədə xidmət etmiş ayrı-ayrı insanların şəxsi ambisiyalarının həyata keçirilməsi üçün yaradıldı”. APA-nın xəbərinə görə, bu fikirləri Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib. Ə.Həsənovun sözlərinə görə, bu partiyaların hamısı eyni ideyaya xidmət edirdilər, lakin ayrı-ayrı düşərgələrə parçalanmışdılar: “Məhz, həmin partiyalar da məqsədi və məramı bəlli olmayan fəaliyyətlərlə məşğul olurdular. Onlar qanun çərçivəsində, demokratik dəyərlərə aid sivil mübarizə metodlarından imtina edərək, qeyri-qanuni vasitələrlə fəaliyyət göstərirdilər. Hər biri ətrafına müəyyən qədər silahlı adam toplamışdı və Azərbaycanın ayrı-ayrı yüksək ranqlı vəzifələrinin açarlarını tələb edirdilər. Ortaya şəxsi ambisiyalarını qoymaqla, özlərinə xüsusi şərait istəyirdilər”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə deyir ki, siyasi partiyalar ayrı-ayrı şəxslərin yox, cəmiyyətdəki qrupların maraqlarını ifadə edir: “Xalq Cəbhəsi yarandığı dövrdə bir hərəkat kimi meydana çıxmışdı. Ayrı-ayrı qrupların yox, bütövlükdə Azərbaycan xalqının azadlıq və müstəqillik istəklərini və ərazi bütövlüyünü özünün hədəfi kimi elan etmişdi. Həmin vaxt yaranan silahlı dəstələr də özünümüdafiə dəstələri idi. Onlar vəzifə almaq niyyəti ilə yaradılmamışdı. Onun nəticəsidir ki, o zaman Azərbaycan Xalq Cəbhəsinin minlərlə üzvü şəhid olmuşdu. Həmin vaxt Əli Həsənovun harada ollduğu, hansı işlə məşğul olduğu isə heç kimə bəlli deyil”.
F.Qəhrəmanlının fikrincə, Ə.Həsənov bu fikriylə təkcə Xalq Cəbhəsinin yox, bütövlükdə Azərbaycan xalqının həm ərazi bütövlüyü, həm də müstəqillik uğrunda apardığı mübarizəyə həqarət etmiş olur: “Burada təəccüblü heç nə yoxdur. Əli Həsənovun da təmsil olunduğu hakimiyyətin nümayəndələrinin böyük əksəriyyəti həmin dövrdə Azərbaycanın müstəqilliyinin əleyhinə fəaliyyət göstərmiş insanlar olub. Çoxu müstəqilliyin əleyhinə səs verib. Əli Həsənov da düşüncə baxımından onlardan heç nə ilə fərqlənmədiyinə görədir ki, Xalq Cəbhəsinə həqarət edir, tarixdəki böyük rolunu ləkələməyə çalışır. Azərbaycan Xalq Cəbhəsi yarandığı gündən bu yana demokratiya uğrunda mübarizə aparıb. Əli Həsənovun təmsil etdiyi hakimiyyət isə dünyada korrupsiyanın yüksək səviyyəsi, insan haqlarının bərbad vəziyyətdə olması ilə tanınır. Bu onu sübut edir ki, məhz YAP soyğunçuluq məqsədilə yaradılıb. Bu partiya Azərbaycanın sərvətlərini talayan insanların birliyidir. Bu baxımdan Əli Həsənov ünvanı səhv salıb”.



