Diktatora zərbə Hələbdən vurulacaq; əməliyyata Türkiyə nəzarət edəcək
Ərəb Ölkələri Liqası Əsəd rejiminə dinc vətəndaşlara qarşı zorakılıqları dayandırması üçün 3 gün vaxt qoymasıyla yanaşı, Bəşər Əsədin hakimiyyətdən getməsinə yönəlik planın detalları da ortaya çıxıb.
Türkiyənin “Sabah” qəzetinin xəbərinə görə, suriyalı müxaliflər, Ərəb Ölkələri Liqası və Türkiyə arasında aparılan danışıqlarda Əsəd rejiminin devrilməsi üçün hazırlanan planın ilk mərhələsində Suriyanın ikinci ən böyük şəhəri Hələbin şimalında, Türkiyəylə sərhəddə 5 kilometrlik uçuşa qadağan bölgənin yaradılmasını nəzərdə tutulur. Uçuşa qadağan zonayla bağlı Birləşmiş Millətlər Təşkilatı tərəfindən elan olunan qərarın Türkiyənin tətbiq edəcəyi, Ərəb Ölkələri Liqasının da bunu dəstəkləyəcəyi bildirilir. Bu müddət ərazində NATO-nun Əsəd rejiminə qarşı hərbi müdaxiləsi olmayacaq. Plan Suriya daxilində Əsəd əleyhinə halqanın mərhələli şəkildə genişlənməsini və Suriya ordusunda bölünmənin də güclənməsini nəzərdə tutur.
Dəməşqə göndəriləcək 500 nəfərlik müşahidə missiyasının hazırlayacağı hesabat Əsədə qarşı təzyiqlərin artırılmasının ilk həmləsi olacaq. Ərəb Ölkələri Liqası BMT-dən uçuşa qadağan bölgənin elan edilməsi haqda qərarın çıxarılmasını istəyəcək. Bu qərarın qəbuluna Rusiya və Çini razı salmaq çətin olacağı istisna olunmur. Ancaq ölüm hallarının getikdcə artması halında Rusiyanın daha çox dirənməsi çətin olacaq. Moskvanı razı salmaq üçün Liviyada olduğu kimi hərbi əməliyyatlara start verilməyəcək.
Ilkin mərhələdə elan olunacaq 5 km-lik uçuşa qadağan bölgə sonradan genişləndiriləcək. Zonaya Türkiyə nəzarət edəcək. Proses uzun zaman alacaq və olduqca çətin keçəcək. Bu müddət ərzində Suriya ordusu zəifləyəcək və yavaş-yavaş bölünəcək. Bölgə genişlənəcək və bu bölgədən əks hücumlara start veriləcək. Zamanla Hələbin Liviyada müxaliflərin paytaxtına çevrilən Benqazi kimi mübarizənin simvoluna çevrilməsi gözlənilir.
Türkiyə hökuməti isə uçuşa qadağan zonaya nəzarətlə bağlı şərtlərini də irəli sürüb. Ankaranın irəli sürdüyü şərtlər bunlardır: Uçuşa qadağan bölgə üçün BMT-nin qərarı olmalı və beynəlxalq hüquq təmin edilməli, Ərəb Ölkələri Liqası Türkiyənin mövqeyini sona qədər dəstəkləməli və Suriya prosesində liderliyini əlində saxlamalı, Avropa Birliyi və ABŞ bu müddət ərzində qarant durmalı və prosesə dəstək verməlidir.
Suriyanın hökumət nümayəndəsindən sensasion bəyanat
Bu arada Bəşər Əsəd rejiminin yüksək səviyyəli rəsmisi adının gizli saxlanması şərtilə Türkiyənin “Hürriyyət” qəzetinə müsahibə verərək, Suriyada yaşananlar, hakimiyyət daxilindəki hazırkı durumdan danışıb. Bəşər Əsədin küncə sıxışdırıldığını söyləyən rəsmi onun ətrafındakı bir çox bürokratın artıq indidən ailələrinin gələcəyi üçün narahat olduqlarını açıqlayıb.
Suriyanın hakimiyyət nümayəndəsi deyir ki, dünyanın diqqətini çəkəcək başqa bir hadisə baş verməsə, Əsəd rejiminin 6 həftəyə çökəcək. Onun sözlərinə görə, suriyalıların bu ölkədə baş verənlərlə bağlı Türkiyədən gözləntiləri çoxdur: “Suriyada hər kəs Türkiyənin hansı addım atacağını bilmək istəyir. Amma Türkiyə hələlik qəti qərar verməmiş kimi görünür. Əslində, elə bizim hökumətimiz də daxil olmaqla, kimsə qəti qərar verə bilmir. Çünki hadisələr çox sürətlə dəyişir. Türkiyənin Suriyaya verilən elektrik enerjisini kəsmək qərarı doğru deyil. Çünki bu qərardan Suriya xalqı zərər görəcək. Avropa Birliyinin sanksiyaları onsuz da durğunluq dönəmi yaşayan iqtisadiyyatımıza öldürücü zərbə oldu. Əmək haqlarının ödənilməsində problemlərlə üzləşdik. Tanıdığım və Bəşər Əsədə yaxın bürokratlar, elə mən özüm də nə edəcəyimizə dair qərar verməyə çalışırıq. Çünki ailələrimizi düşünmək məcburiyyətindəyik. Bitərəf qalmaq üçün istefa vermək istəsəm də, bunu edə bilmərəm. Əsəd rejimi müxalifətin tərəfinə keçdiyimi düşünər və ailəmə qarşı təhlükə yaranar”.
Yalnız Koreya müharibəsi Əsəd rejimini xilas edə bilər
Avropa Birliyinin son sanksiyalarına toxunan suriyalı hökumət nümayəndəsi bunun əhəmiyyətli olduğunu vurğulayıb: “18 nəfər Suriya rəsmisinə yönəlik sanksiyaların məqsədini yaxşı bilirik. Bu, Qərb dünyasının Iraq diktatoru Səddam Hüseynlə bağlı yürütdüyü strategiyaya bənzəyir. ABŞ Bağdada girdiyi zaman paytaxt 1 saat ərzində ələ keçirildi. Çünki o vaxta qədər Səddamın ətrafındakı hər kəslə razılıq əldə edilmişdi. Bir an içində hərəkət düyməsini basdılar. Əsəd rejiminin nə qədər dayanacağını heç kim təxmin edə bilməz. Vəziyyət çox sürətlə dəyişir. Altı həftə içində də çökə bilər. Mənim fikrimcə, fövqəladə hadisə baş verməsə, yəni, Koreya yarımadasında yeni müharibə başlasa və dünyanın bütün diqqəti həmin regiona yönəlsə, Əsəd rejiminin xilasından danışmaq olar. Düşünürəm ki, rejimin çöküşü qaçılmazdır”.
Əsədin vətəndaş müharibəsi təhdidi real deyil
Əsəd rejiminin Suriyada törətdiyi qətliamlar və ölkədə vətəndaş müharibəsi təhlükəsi yaratmaqla dünyanı qorxutduğuna dair iddialara toxunan rəsmi bildirib ki, Suriyada vətəndaş müharibəsi təhlükəsi yoxdur: “Çünki vətəndaş müharibəsinin başlanması milyonlarla qaçqın ordusu deməkdir. Türkiyə mühacir axınından, Israil ”Hizbullah”ın güclənməsindən, Iraq isə 1.5 milyon qaçqının geri qayıtmasından qorxur. Bəşər Əsəd də bundan istifadə edərək “əsla bizə müdaxilə etməyin” mesajı verərək, bu ölkələri təhdid edir. Halbuki, Suriyada vətəndaş müharibəsi real deyil”.
Iran Suriya üçün döyüşə girməyəcək
Suriyanın hökumət təmsilçisi onu da bildirib ki, ölkəsinə hərbi müdaxilə olacağı təqdirdə Iran Əsəd rejiminə hərbi dəstək verməyəcək. Onun sözlərinə görə, Iranın öz maraqları və hədəfləri var. Tehran Əsəd rejiminə sona qədər siyasi dəstək verəcək. Amma hərbi müdaxilə baş verəcəyi təqdirdə Suriya rejiminə hərbi dəstək göstərməyəcək: “Iranın bizə görə döyüşə qoşulacağını zənn edirsiniz. Amma Iranın daha böyük planları var. Onlar dünyanı dəyişməyi hədəfləyirlər. Nüvə silahı əldə ediblər, ABŞ və Israillə yarışacaqlar. Ona görə də nə Iran, nə də dəstəklədiyi ”Hizbullah” Suriyaya görə döyüşə qoşular. Bəli, Iran Əsəd rejimini sonuna qədər dəstəkləyəcək. Amma döyüşəcək qədər yox. Rusiyanın isə bizə silah satdığı deyilir. Ala bilərik, amma pul olmasa, silahı necə alacağıq? Bu iş mənfəətlə bağlıdır. Rusiyanın Amerika ilə 100 milyard dollarlıq razılaşması varsa, bizdən 1 milyard dollar belə qazanmayacağı halda, niyə bizə dəstək olsun?”
PKK kartı Əsədin sonu ola bilər
Suriya hakimiyyətinin PKK kartını oynayacağı barədə xəbərləri gülüşlə qarşıladığını söyləyən rəsmi bildirib ki, bu iddialar doğru deyil. Çünki bu, 1990-cı illərdə aktiv idi: “Birincisi, son beş ildir Türkiyə və Suriya arasında kəşfiyyat əməkdaşlığı o qədər yüksək səviyyəyə çatıb ki, əlimizdə olan bütün məlumatlar Türk kəşfiyyatında da var. Gizlətdiyimiz bir şey qalmayıb. Ikincisi, əgər Əsəd belə bir kart oynamaq istəsə, bu, Türkiyəyə ”Gəl, Dəməşqə qədər irəlilə” demək olar. Türkiyənin hərbi müdaxiləsinə yaşıl işıq yandırmaq olar”.



