Hacı Məmmədovun bacısından sensasion açıqlamalar

haci_memmedov1«O, işin yenidən araşdırılmasını istəyir»

Əyyub Kərimov: «Hacı Məmmədov işinə yenidən baxılmalı və onun hansı faktları açıqlayacağına diqqət edilməlidir»

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Təcridxanasında saxlanılan Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun işi üzrə istintaq yenilənəcək.

Bu haqda Hacı Məmmədovun bacısı Arifə Məmmədova “Yeni Müsavat”a açıqlamasında bildirib. Onun sözlərindən aydın olub ki, artıq Hacı Məmmədova yeni vəkil tutublar.
“Hacı Məmmədova artıq vəkil tutmuşuq. O, işin yenidən araşdırılmasını istəyir. Qabaqda proseslər var. Hacı nə bilirsə, açıb deyəcək…”, – deyə A.Məmmədova qeyd edib.
Bacısının sözlərinə görə, Hacı Məmmədov əvvəllər ailə üzvləri ilə əlaqə saxlamaq istəmirdi, amma MTN rəhbərliyində dəyişiklikdən sonra görüşmək istəyib: “3 ilə yaxındır ki, bizimlə görüşdən imtina edirdi. Telefonla da danışmırdı. Bizi görmək belə istəmirdi. Eldar Mahmudovu çıxardılar, görüşmək istədi. Əvvəllər isə qəti şəkildə bizimlə görüşdən imtina edirdi, deyirdi ki, zəhləm gedir hamıdan, heç kimi görmək istəmirəm. Hacı Məmmədov 3 nəfəri öldürübsə, baxın görün bunlar, Eldar Mahmudov nələr edib! Bunlara inam qalıb?..”
Qardaşı ilə görüşü barədə suala cavabında A.Məmmədova “Köhnə işlərdən danışdı, dedi ki, Zakir Nəsirov günahsızdır, çıxmalıdır. Onu məcbur ediblər” deyə cavab verib. A.Məmmədova bildirib ki, qardaşı hər şeyi açıb deyəcək.
H.Məmmədovun bəs indiyə qədər niya susduğu haqda suala isə A.Məmmədova belə cavab verib: “Necə desin? Ora yerdir? Özləri “julik”in böyüyü idilər… Onu bu illər ərzində təzyiq altında saxlayıblar orada. Hər şeyi bir-bir deyəcək”.
A.Məmmədova müvafiq suallara cavabında qardaşı ilə bağlı işdə bəzi müəmmalardan şübhələndiklərinə işarə də vurub. “Bilmirsən ki, kim bu işə baş qoşursa, axırı ölümdür? Səməd Əliyev (H.Məmmədovun keçmiş vəkili – red.) rəhmətə gedib. Biz Səməd Əliyev öləndən sonra ona vəkil tutmaq istəmişdik, özü imtina edirdi. Oğlu Teymur neçə dəfə MTN-ə zəng vururdu, deyirdilər ki, vəziyyəti yaxşıdır, amma sizi görmək istəmir, danışmaq istəmir, vəkil də istəmir…

Hacı mənə zəng edib dedi ki, Elçin Behbudovla əlaqə saxla, ona de ki, təcili yanıma gəlsin. Mən də zəng elədim, Elçinə dedim. 2 gündən sonra Elçin Behbudov öldü. Hacının yanına gedə bilmədi. Sonra dedilər ki, ürəyi tutub, ölüb…”, – deyə o bildirib.

A.Məmmədova ona məxsus bağ evinin 2 il əvvəl əlindən alınması barədə sualı da cavablandırıb: “O bağ atamın idi. 1990-cı ildə almışdı. Atamdan sonra anama qalmışdı. Anam da mənə vermişdi. Əlimdən aldılar. O ev mənim idi. “Kupça” da əlimdə idi. Ora Hacının heç bir aidiyyəti yox idi. Pasportumda indi də ora qeydiyyatdayam. Mən xaricdən gələndən sonra şəhərdəki evimi satıb gedib oranı təmir elədik, köçdük ora. Bunlar da tutub aldılar. O vaxt mən Eldar Mahmudovla bacara bilməzdim. Ona bağın alınmasını Cahangir Hacıyev tapşırıb. Yəqin Hacıdan yoldaşına görə qisas alır. Başqa nə olacaq ki? Bağımın əlimdən alınması Eldar Mahmudovla Cahangir Hacıyevin işidir. 10 il bağı qoydular həbsdə. Sonra da götürüb verdilər dəxli olmayan bir adama. Bu gün mən küçədə qalmışam. Məhkəməyə də təzyiq edirdilər. Məhkəmə bizim iddia sənədlərini belə qəbul etmirdi. Zorla qəbul eləmişdilər. Daşınar və Daşınmaz Əmlak Hərracının rəhbərinin əli ilə bağımı satdılar. Məndən bağı alanda bunları desəydim, özümü də Hacının yanına göndərərdilər. Hazırda mən evsiz kimi polisdə qeydiyyatdayam”.

A.Məmmədova deyib ki, başlarına gələnlərlə bağlı ətraflı şəkildə yazaraq istintaqa təqdim edəcəklər.

Buna görə Hacı Məmmədov prosesdə deyirdi ki, mən hər şeyi aça bilmirəm”

Bəs H.Məmmədovun işinə yenidən baxılması nə dərəcədə mümkündür? Buna gediləcəkmi və H.Məmmədov yeni hansı məqamları açıqlaya bilər?

Tanınmış vəkil Əyyub Kərimov “Azadlıq”a açıqlamasında bildirdi ki, H.Məmmədov həqiqətən də məhkəməsində bildiklərinin hamısını açıqlamamışdı. H.Məmmədovun demədiyi fikirləri tablolar vasitəsilə cəmiyyətə çatdırmaq istədiyi fikrinin də olduğunu deyən Ə.Kərimov vurğuladı ki, bu tablolarda müxtəlif işarələr var idi. Amma məhkəmə prosesi başa çata qədər H.Məmmədov işiylə bağlı bir çox xətlər açılmadı: “Qəribəsi odur ki, məhkəmə prosesini aparmayan hakim Vəkil Şükürov sonradan ”Qara Kəmər” əməliyyatı adlı kitab yazdı. Sənədli xronika olan bu kitabda qeyd olunur ki, bu kitab MTN-in 90 illik yubileyinə həsr olunub. Uzun müddət məhkəmə sistemində işləyən bir hakim bəyəm MTN-in əməkdaşıdır? Adamdan soruşarlar ki, sən hakim olmusan və baxdığın işlə bağlı kitab yazırsan. Kitab tam halda baxılan prosesə və Hacı Məmmədovun dəstəsinin ifşasına həsr olunub. Düşünürəm ki, bu kitab MTN-in tapşırığı ilə yazılıb. Düşünürəm ki, Hacı Məmmədov prosesinin gedişini MTN izləyirdi, çəkirdi və hər axşam baxdıqdan sonra hakimə göstərişlər verirdilər. Məhz buna görə Hacı Məmmədov prosesdə deyirdi ki, mən hər şeyi aça bilmirəm. Zakir Nəsirov Cinayət Axtarışı Baş Idarəsinin rəisi olub. Mən onu çox təcrübəli hüquqşünas kimi tanımışam. Hesab edirəm ki, Hacı Məmmədov məsələsində o qurban verildi. Çünki Hacı Məmmədov məsələsində DIN-dən bir general tutulmalı idi”.

H.Məmmədovun yenidən araşdırma tələb etməsinə razılıq verilib-verilməyəcəyinə gəlincə isə Ə.Kərimov bildirdi ki, H.Məmmədov bir sıra mühüm məsələləri açıqlaya bilər: “Adil Ismayılov dəfələrlə deyirdi ki, onun müdafiə etdiyi Zakir Nəsirova MTN-də demişdilər Ramil Usubovun əleyhinə ifadə versin və bu ifadədən sonra nazir dərhal həbs olunacaq. Kim demişdi bunu? MTN-də kim daxili işlər nazirinin həbsini istəyirdi? Bax buna aydınlıq gətirilə bilər. Çünki Ramil Usubovla Eldar Mahmudov arasında münasibət bəlli idi. Vaxtı ilə Ramil Usubov düzgün addım ataraq Eldar Mahmudovu DIN-dən uzaqlaşdırıb. Yoxsa Eldar Mahmudov DIN-də dəstə yaradacaqdı. Ikinci məqam ki, Hacı Məmədovun demədiyi daha bir neçə nüans açıla bilər. Yəni Hacı Məmmədovun açıqlamaları harada dayandırılıb. Prosesə rəhbərlik edən hakimlər Hacı Məmmədova təzyiq göstəriblərmi?”.

Ə.Kərimovun sözlərinə görə, daha bir mühüm məqam H.Məmmədovun nəyə görə cəzaçəkməəssisəsinə köçürülməyib. “Axı bu təkcə Hacı Məmmədovun iradəsi deyildi. Çünki Hacı Məmmədov cəzaçəkməəssisəsinə köçürülsəydi o Eldar Mahmudovun nəzarətindən çıxacaqdı. Hacı Məmmədov cəzaçəkməəssisəsində bir çox şeyləri yaza və ictimailəşdirə bilərdi. Hacı Məmmədov Eldar Mahmudovun şəxsi dustağı idi. Bu Azərbaycan tarixində görülməyən hadisədir”, deyə Ə.Kərimov vurğuladı.

Ə.Kərimov hesab edir ki, H.Məmmədov işinə yenidən baxılmalı və onun hansı faktları açıqlayacağına diqqət edilməlidir. Bunun üçün siyasi iradə gərək olduğunu deyən Ə.Kərimov qeyd etdi ki, əgər H.Məmmədovun demək istədikləri ictimailləşdirilməsə bu cəmiyyətdə əlavə suallara səbəb olacaq.

Xəyal