Müavini cinayətkar olan rəisə niyə vəzifə verildi?

mtnElçin Quliyev keçmişdə baş verənlərə görə məsuliyyət daşımır?

Hökumət nə qədər gündəmi dəyişmək istəsə də yenə də MTN-də baş verənlərlə bağlı yazılır, haqlı suallar ortaya çıxır. Bugünlərdə xəbər yayıldı ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi işdən azad edilib. MTN-in Ictimai Əlaqələr Idarəsindən bildiriblər ki, milli təhlükəsizlik nazirinin vəzifəsini müvəqqəti olaraq icra edənin müvafiq əmri ilə Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib.

Çox maraqlı təyinatdır. Bir tərəfdən MTN-də baş verənləri obyektiv araşdıracaqlarını, keçmişdə baş verənlərə aydınlıq gətirəcəklərini bildirirlər, digər tərəfdən nazirliyin əsas strukturlarından birinə rəhbərlik edən adamı Akademiyaya kafedra rəisi təyin edirlər. Hansıki, bu adam da çox suallara cavab verməli və məsuliyyət daşıdığı əməllərə görə mühakimə olumalıdır.

Məsələn, Əli Kərimliyə qarşı MTN-in sui-qəsd planı haqqında mətbuat geniş yaydı, bu xəbər müzakirə mövzusuna çevrildi və yavaş-yavaş unutduruldu. Belə ki, 7 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən əlbəyaxa döyüş növü üzrə üçqat dünya çempionu Bəhlul Muradov “Millətim” qəzetinə ünvanladığı məlum məktubda AXCP sədri Əli Kərimlini öldürmək üçün tapşırıq aldığını bildirmişdi. Məktubda bildirilirdi ki, bütün tapşırıqlar MTN-in Antiterror Mərkəzinin rəis müavini Ilqar Əliyevdən gəlir. Eyni zamanda bildirilirdi ki, Əli Kərimlini öldürmək üçün ona 50 min dollar pul təklif olunub. Sifarişi verən adam deyirmiş ki, ölkədə xaos yaransa, tapşırıq yerinə yetirilmiş olacaq.

Deməli, MTN-in Antiterror mərkəzi müxalifət liderinin ölümünə fətva veribmiş. Belə çıxır ki, bu əməliyyat baş tutsaydı, bir siyasi xadimin qanın batıracaqdılar. Amma xoşbəxtlikdən Bəhlul Muradovun vicdanı bunu qəbul etməyib və sifarişdən imtina edib. Indi bu məqamlara da aydınlıq gətirilməlidir. Antiterror Mərkəzinin keçmiş rəisi rəhbərlik etdiyi idarənin əməllərinə görə məsuliyyət daşımırmı? Üstəlik, indi də bu adamın tabeliyində olan şəxslər məsuliyyətə cəlb olunub.

Bütün bunlardan sonra Elçin Quliyevi hansı əsaslarla Akademiyaya təyinat alır? Bu reputasiya ilə o nəyi tədris edəcək? Işlədiyi nazirliyin, rəhbərlik etdiyi qurumun “fəaliyyəti” göz qabağındadır. Və bu qədər olaylardan sonra adama yeni vəzifə verilir.

Bir daha aydın olur ki, MTN hadisələrinin qabardılmasında  əsas məqsəd şəffaflığı təmin etmək olmayıb. Bütün prosesə ən yüksək səviyyədə nəzarət olunub və müəyyən adamlar məsuliyyətdən kənarlaşdırılır.

Samir