Gültəkin Hacıbəyli: «Türkiyənin Azərbaycana verdiyi dəstək ölkəmizdən də bu insidentlə bağlı açıq mövqe sərgilənməsini tələb edir»
Türkiyə XIN rəhbəri Mövlud Çavuşoğlunun Bakıya səfəri və keçirdiyi görüşlər bir daha bu təəssüratı yaradır ki, rəsmi Ankara Bakının təyyarə qalmaqalı ilə bağlı sərgilədiyi mövqedən o qədər razı deyil. Bunu Çavuşoğlunun spiker Oqtay Əsədov və Əli Əhmədovla keçirdiyi görüşlər də sübut edir.
Dövlət başçısı Ilham Əliyevin məsələ ilə bağlı açıqlaması da maraq kəsb edir. “Azərbaycan Türkiyə ilə Rusiya arasında münasibətlərdə yaranmış gərginlikdən narahatlıq hissi keçirir”. Bunu I.Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. I.Əliyev deyib ki, Azərbaycanın hər iki ölkə ilə tarixən sıx əlaqələri var, Azərbaycan tərəfi Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin azaldılması və aradan qaldırılması istiqamətində səy göstərməyə hazırdır.
Bəs, Azərbaycanın sərgilədiyi mövqe Türkiyəni qane edə bilərmi?
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli hesab edir ki, Türkiyə Azərbaycandan açıq və birmənalı mövqe ummaqda haqlıdır. Çünki Azərbaycan tarixinin ən taleyüklü dönəmlərində Türkiyənin həmişə Azərbaycanın yanında olduğunu deyən G.Hacıbəyli vurğuladı ki, bir çox hallarda Türkiyə Azərbaycanı, dövlət maraqlarına zidd olsa belə, dəstəkləyir: “1993-cü ildən bu günə qədər Türkiyə Ermənistan sərhədlərinin bağlı qalması Ankaranın dövlət maraqlarına cavab vermir. Məhz bu addıma görə Türkiyənin Avropa, Qərblə münasibətlərində ciddi problem yaranıb. Avropa ilə münasibətlərin hələ çözülməməsinin bir səbəbi də Türkiyənin Ermənistanla 22 ildir ki, sərhədlərini bağlı saxlamasıdır. Bu barədə Avropa institutlarının təmsilçiləri dəfələrlə mövqe bildiriblər. Amma Türkiyədə bəyan edib ki, Ermənistan işğalda olan torpaqları azad etməyincə, biz də sərhədləri açmayacağıq. Türkiyə buna görə Avropa ilə münasibətlərində itkilərə məruz qalıb. Amma Azərbaycana görə geri çəkilməyib”.
G.Hacıbəyli bildirdi ki, Türkiyənin ötən əsrin əvvələrindən Azərbaycana verdiyi açıq dəstək Azərbaycandan da bu insidentlə bağlı açıq mövqe sərgilənməsin tələb edir. “Mənəvi cəhətdən Türkiyənin bu cür dəstək istəməsində haqqı var. Amma biz bilirik ki, Azərbaycan hakimiyyətinin Rusiya ilə çox ciddi əlaqələri var. Konkret olaraq Azərbaycan hakimiyyətinin içindəki bir qanad Rusiya ilə yaxınlığı ilə seçilir. Və bu qanad Rusiya ilə bağlı tənqidi fikirlər söylənməsinin qarşısını alır. Bu baxımdan Türkiyə tərəfinin də istədiyi dəstəyi almayacağı halda razı qalmaması təbiidir. Amma reallıq bundan ibarətdir ki, bu gün hakimiyyətdə Rusiya istiqaməti çox güclüdür və bu da hadisələrə obyektiv baxmağa imkan vermir”,- deyə G.Hacıbəyli vurğuladı.
Xəyal




