Beş-altı il əvvəl Rusiyanın NTV kanalında atiinhisarçılığa və məmur süründürməçiliyinə həsr olunmuş tok-şouya baxırdım. Əslən Azərbaycandan olan biznesmen Araz Ağalarov bu verilişə əlində ABŞ-ın və Rusiyanın vergi məcəllələri ilə gəlmişdir. Bir neçə səhifəlik ABŞ və bir neçə cildlik Rusiya vergi məcəllələrinin analoqunu aparmaqla bərabər, iş adamı amansız bürokrat aparatının azad iqtisadiyyata vurduğu ölümcül zərbədən danışmışdı.
Azərbaycan prezidenti ilə quda olandan sonra, Azərbaycan kimi ölkədə limitsiz biznes imkanları əldə edən Araz Ağalarov, yəqin ki, həmin tok-şouda dediklərini “dəhşət”lə xatırlayır və Rusiyada onu əzən vergi məcəlləsinin Azərbaycan variantını yazanların atalarına rəhmət oxuyur. Bu Azərbaycan məcəlləsi onun rəqiblərini bir-bir sıradan çıxarır, kitablarını bağlayır, təbii ki, bircə ona dəymir.
Azərbaycan və postsovet ölkələrindəki oxşar rejimlərdə birinci qudalar ölkənin əsas biznes sahələrinə nəzarət edirlər. Nazarbayevin qudası isə daha uzağa gedib – dəyişikliklərin baş verməməsi durumunda “Kaztransqaz” dövlət şirkətinin prezidenti, ölkənin ən varlı adamı (əlbəttə, Nursultan əkədən sonra) Timur Kulibayev prezident postuna ən “layiqli” namizəddir və s. Özbəkistan və Tacikistanda da qudaların biznesi əngəl tanımır.
Araz Ağalarov konkret olaraq, turizm, tütün-alkoqol və dərman biznesini tam inhisara almaqdadır. Rəmzi ardıcıllıq möhtəşəmdir – alkoqol və tütünün fəsadlarını aradan qaldırmaq üçün müalicə də qaçılmazdı, necə deyərlər, dəqiq hesablanmış ekvivalent biznes gəlirlərinin tək əldə toplanması.
Cənab Ağalarovun Rusiyada gileyləndiyi amillər, Azərbaycanda ona milyardlar qazandırır. Sadəcə bir misal, amerika istehsalı olan Kent-8 siqareti Rusiyada 40-44 rubl (1,10 azn), Azərbaycanda isə 1,30-1,40 manatdır. Cənab Ağalarovun məmləkətimizdə vergi-gömrük-bürokratik əngəlləri ilə üzləşmədiyini nəzərə alsaq, bu siqaret təxminən 1 manata satılmalıdır. Artıq şəhərin mərkəzində bu markanın qiyməti 1,40 manata qalxıb.
Hazırda ölkədə bir “Zəfəran” aptekləri bumu yaşanır, Bakıda göbələk kimi artan bu apteklər birinci qudanın nəzarətindədir, indi kimin nə həddi var ki, burda satılan dərmanların bahalığından şikayət etsin. Zatən çox yaxında, bütün dərman şirkətləri “rəqabətə” davam gətirə bilməyəcəklər. Yaşayış minimumun qəza həddində olduğu Azərbaycanda dərman qiymətlərinin keçmiş postsovet respublikaları ilə müqayisəsi insanı dəhşətə gətirir. Indoneziyada istehsal olunan, bir dərman 100 kapsulalıq qutuda Rusiyada 5 manata, anoloji dərman məmləkətimizdə, özü də 60 kapsullu qutularda 8-10 manatadır. Bəzi dərmanlarda bu fərq hətta yüz manatadək artır. Əziz YAP-çılar, budurmu ümumilli dəyərlər, cəsarətiniz varsa, münasibət bildirin, akademikin az qala attestatını saxta çıxarırsınız, bu boyda həngaməni isə görmürsünüz! Bəs ulu öndərdən ilham almışdınız, hanı xalqa olan olan sevginiz, debat-debat deyirsiniz, özü də canlı efirdə, tutalım orada bu məsələ qoyulub, cənab Əli Əhmədov, cavab verin! Kəskin yox, üstüörtülü, səfir göndərilməyə imkan verən parametrlərdə, belə danışa bilməzsiniz, çünki ən azı Əli Nağıyev cəsarəti yoxdu, sizdə…
Bax belə, hörmətli oxucu, Araz Ağalarovun beş-altı il əvvəlki gileyləri, nə dərəcədə səmimi idi, deyə bilmərəm, amma bu “haqsızlıq” indi ona milyardlar qazandırır, özü də get-gedə digər biznes sahələrini də ələ keçirməkdə davam edir.
…Bir neçə gün əvvəl Səlim Müslümov dedi ki, ildə üç minə yaxın pensiyaçı ölür, buraya avtomobil qəzalarında ölənləri, orduda həlak olan əskərləri və öz əcəli ilə haqq dünyasına qovuşanları əlavə etsək, bu mərasimlərin təşkilindən əldə olunan qazanc, bu sahəni monopoliyaya alanlara ağlasığmaz sərvət gətirir… Niyə də olmasın, axı? Siqaret, dərman, ölüm bir-biri ilə qohum olan anlayışlardır.
Ümummilli qudanın demarşı – məntiqə görə növbədə şeyximizdir
•