Ziyalı qətliamı

“Dünyanın bərkini-boşunu görmüş, tarixin sınaqlarının şahidi olmuş biz ziyalı ağsaqqallar da bütün bunları nəzərə alaraq, yanlış mövqe tutanlara bu yoldan çəkinməyi tövsiyə edirik”,- bu cümlə Milli Elmlər Akademiyasının 4 üzvündən sonra Bakı Dövlət Universitetinin (BDU) bir qrup müəllimi adından Ziyalılar Forumuna qarşı yayılmış müraciətdən götürülüb. “Azərbaycan” qəzetində göstərilir ki, bu müraciətə ümumilikdə 245 nəfər imza atıb. Bu verdiyim sitatdan anlaşılır ki, müraciət imzalanması, lap doğrusu icra edilməsi üçün ağsaqqal yaşda olanlara göndərilib…
Bu məsələni bir yana qoyaq ki, bu 245 ziyalı (ziyalı sözünü dırnaqda vermirəm, çünki dırnaqarası ziyalı olmur) zamanı çatanda “danışacaq” – haçansa gerçəkdən dövlətin rəsmi qəzeti olacaq “Azərbaycan”a, kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq həmişəlik müxalif, daha doğrusu, tənqidçi mövqedə qalacaq “Azadlıq”a danışacaqlar, içlərindəki sirləri tökəcəklər, “vallah bizlik deyildi”, deyəcəklər, ya da bəziləri hətta o məktuba imza atmadığından, səsləri kimi imzalarının da oğurlandığını deyəcəklər və çalışacaqlar ki, cəmiyyət onların vaxtilə tutduğu əməli bağışlasın. Necə ki, bu günlər, kimlərsə zindandan, kimlərsə canını qurtarmaq üçün qaçıb getdiyi qürbət ölkələrdən peşman olduğunu qəzetlərə danışır, haçansa söydükləri müxalifət liderlərindən bağışlanmasını istəyir. Bunlar olacaq, buna kimsənin şübhəsi yoxdu. Çünki bütün avtoritar, diktatura rejimlərinin çöküşündən sonra hər yerdə hər şeyi danışıblar. Biz bağışlayan millətik. Lap Isa kimi. Ancaq rejimin murdar addımlarında vintcik olanlar özləri-özlərini bağışlaya biləcəkmi, bax, bu çətin məsələdi. Ola da bilər ki, bu cür imza sahiblərinin bir neçəsi vicdanına cavab verməyib həyatını özünəqəsdlə xilas eləməyə çalışacaq. Ancaq bunlar bir az sonraya aid işlərdi. Hələlik diqqəti çəkən nədi? “Dünyanın bərkini-boşunu görmüş, tarixin sınaqlarının şahidi olmuş biz ziyalı ağsaqqallar…”. Dünyanın bərki-boşu deyəndə ən azı XX əsrdə baş vermiş ikinci dünya müharibəsindən başlanan bir zaman nəzərdə tutulur. Həmin bərki-boşu görmək, müşahidə eləmək və yaşamaq üçünsə adamın heç olmasa o müharibə başlayanda azı 10 yaşı, indi isə heç olmasa 80 yaşı olmalıdı. Olsun, nə deyirik ki. Allah ömürlərini bir o qədər də artırsın ki, vicdanları ilə də söhbət eləməyə vaxtları qalsın. Axı başqa bir iş var! Indi 80, lap 70 yaşı olan 245 müəllimi BDU-da necə saxlayıblar işdə? Bəs “65 yaş qanunu” hara getdi? Hələ o da maraqlıdı ki, bu imza yiyələrinin içində xanım ziyalı da varmı? Varsa onda niyə “ağbirçək” yazmayıblar? Ağsaqqal xanım olurmu?
“Həqiqi ziyalılar antiazərbaycan şəbəkənin ölkəmizdə axtardığı istinad nöqtələri ola bilməz”. Bu da onların mətnindəndi. Ziyalının həqiqi və qeyri-həqiqi olduğunu necə müəyyən etməli? “245-lər”in məntiqindən belə çıxır ki, kim hakimiyyət müdafiə eləyirsə, o həqiqidi, kim ölkənin uçurum qarşısında olduğunu, insanlığın boğulduğunu deyirsə, qeyri-həqiqi. Hər halda dürüstlüyü müəyyən eləmək üçün sözdən başqa cihazımız yoxdu. Hamı bilir ki, saray şairindən azad şair daha doğru danışar, saray alimindən azad alim. Saray alimi deyərkən təbii ki, “245-lər”in PA-da çalışdığını demirəm. Söhbət hansı tərəfə yıxılmaqdan gedir. Yıxan hakimiyyətə, yoxsa yıxılmış xalqa tərəf.
P.S. Mən bu yazını yazdığım vaxt internetim kəsilmişdi. Set əldə eləyib, yazını qəzetə göndərmək istəyəndə qəfildən “Azadlıq”da “Hakimiyyətin anti-ziyalı kampaniyası ifşa edildi” başlıqlı yazını gördüm. Sən demə, artıq iki ziyalı imzasından imtina elədiyini bəyan eləyib və o da aydın olur ki, imzalatdırılan ilk mətn tam ayrısıymış. Bu qeydi elə-belə, internetin önəmini vurğulamaq üçün yazdım…