5 məsul vəzifə tutub, həm də kafedra müdiri olanlar…

(«70 Ç» maddəsinin izi ilə)
Tanınmış alim Rafiq Əliyevin ADNA-dakı kafedra müdiri vəzifəsindən məhz hakimiyyəti tənqid etdiyinə görə çıxarılması heç kimdə şübhə doğurmur. Amma əmrdə onun guya Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç”“ bəndini pozduğuna görə vəzifədən azad edildiyi qeyd olunub. Məcəllənin həmin bəndində deyilir: «Işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda (72-ci maddə) əmək müqaviləsi ləğv olunur».
Neft Akademiyasının tərbiyə işləri üzrə prorektoru Qasım Məmmədovun «Media forum» saytına söylədiyi bəzi məqamlara da diqqət yetirək:
– Rafiq Əliyev fakültənin dekanı Ramiz Allahverdiyevin təqdimatı ilə işdən azad olunub. Dekanın təqdimatında göstərilir ki, Rafiq müəllim son vaxtlar uzunmüddətli xidməti ezamiyyətlərə gedir, ona görə də kafedranın idarə olunmasında müəyyən problemlər yaranıb… Kafedra müdiri yerində olmayanda, təbii ki, işçilər də bundan sui-istifadə hallarına yol verirlər. Zəng edirsən, lazım olan işçini də yerində tapmaq olmur.
Əziz oxucular, bu deyilənlərin ifşa olunmasında müstəqil media hər şeyi edə bildi. Ən müxtəlif yerlərdə çalışan yazarlar məsələnin bütün tərəflərini üzə çıxardı. Həmkarlarımızdan “Yeni Müsavat” qəzetinin yazarı Famil  Cəfərli (yeri gəlmişkən, Ziyalılar Forumu ətrafında yaranan məsələ də bu qəzetin gördüyü faydalı işləri qeyd etməyi özümə borc bilərəm) maraqlı bir mövzuya da toxunmuş, bəzi vəzifə sahiblərinin ali məktəblərdə kafedra  vəzifələri tutmasını xatırlatmışdı. Lakin bu məsələnin hərtərəfli işıqlandırılmasına ehtiyac var. Görün kimlər universitetlərdə kafedra müdiridir və 70-ci maddənin “Ç”“” bəndinə əməl” edir:
1. Məzahir Pənahov, MSK sədri – BDU-da ümumi fizika kafedrasının müdiri;
2. Yaqub Eyyubov, baş nazirin müavini – Memarlıq və Inşaat Universitetində «Bünövrələr, özüllər və yeraltı qurğular” kafedrasının müdiri;
3. Misir Mərdanov, təhsil naziri – BDU-da ali riyaziyyat kafedrasının müdiri;
4. Rəbiyyət Aslanova, deputat, Milli Məclisin insan hüquqları komitəsinin sədri – BDU-da fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri;
5. Yaqub Mahmudov, deputat, AMEA Tarix Institutunun direktoru – BDU-da qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri;
6. Murtuz Ələsgərov, keçmiş parlament sədri – BDU-da konstitusiya hüququ kafedrasının müdiri;
7. Ziyafət Əsgərov, deputat,  parlament sədrinin müavini – BDU-da Murtuz Ələsgərovun kafedrasında müavin;
8. Novruz Məmmədov, prezident administrasiyasının şöbə müdiri, Dillər Universitetinin fransız dilinin leksikologiyası və üslubiyyat kafedrasının müdiri;
9. Bəxtiyar Əliyev, Milli Məclisin üzvü, elm və təhsil məsələləri daimi komissiyasının sədr müavini, prezident yanında əfv məsələləri komissiyasının, korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın üzvü, MDB Parlament Assambleyasının üzvü – BDU-da psixologiya kafedrasının müdiri (zəruri əlavə: kafedranın müəllimi  G.M.Əhmədova da Milli Məclisin üzvüdür);
10. Asəf Hacıyev – deputat, Milli Məclisin Elm və təhsil məsələləri komitəsinin üzvü, Qara dəniz Iqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin rəhbəri və Parlament Məclisi Sədrinin müavini, həmçinin  Azərbaycan MEA-nın Kibernetika Institutunun laboratoriya rəhbəri – BDU-nun ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının müdiri;
11. Qərib Məmmədov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri – BDU-nun torpaqşünaslıq kafedrasının müdiri;
12. Nizami Cəfərov, deputat, mədəniyyət komitəsinin sədri, Atatürk Mərkəzinin direktoru –  BDU-nun ümumi dilçilik kafedrasının müdiri;
13. Əli Əhmədov, deputat, YAP sədrinin müavini – BDU-nun politologiya və sosiologiya kafedrasının müdiri;
14. Bağır Əsədov, Ali Məhkəmənin hakimi – BDU-nun mülki hüquq kafedrasının müdiri;
15. Yusif Məmmədov, Pedaqoji Universitetin rektoru – BDU-da “Riyazi-fizika tənlikləri” kafedrasının müdiri;
16. Asəf Isgəndərov, Lənkəran Dövlət Universitetinin rektoru – BDU-da optimallaşdırma və idarəetmə kafedrasının  müdiri;
Jurnalist Natiq Cavadlı ilə birlikdə tələm-tələsik topladığımız bu siyahını uzatmaq da olar. Amma baxın bu siyahıda kimlər yoxdur? 5 məsul vəzifədə çalışanlar, hətta Lənkəranda  işləyib Bakıda kafedra müdiri olanlar, bir universitetdə rektor olub digərində kafedra müdirliyi edənlər, işə gəlməyənlər, nazirlər, adətən xaricdə olan məmurlar və s. Buyurun, bu da sizə Əmək Məcəlləsinin 70 maddəsinin  “Ç”“” bəndi və Rafiq Əliyevin işdən çıxardılmasının “ciddi”“” səbəbi.