Diktaturanın dirənişi

Keçmiş vitse-prezident, Suriya prezidenti Antibəşər Əsədin ölkədən qaçmış əmisi Rifat Əsəd qardaşı oğluna səslənib: “Hakimiyyəti xalqa qaytar!”. Əmi qardaşoğlunun hakimiyyətini qısaca xarakterizə eləyib: “Mən Suriya yönətim sistemini yaxşı bilirəm. Hakimiyyətlə uzlaşmayan tezliklə öldürüləcək”. Elə san Cəlal Əliyev danışır.
Azərbaycanla Suriya arasında siyasi oxşarlıq çoxdur. Oxşarlıqlardan biri də özünü bugünlər göstərməkdədir. Ölkədəki dözülməz sosial-siyasi duruma qarşı çıxan akademik Rafiq Əliyevin “öldürülməyinə” tezcə sanksiya verilib. R.Əliyevi kafedra başqanlığından çıxaran rejim mənəvi öldürmə proseduru olaraq indi onun “ziyalı titulunu” üstündən götürməyə çalışır. Qaranlıqdan doğulmuş, qaranlıq yolu tutmuş əliyevçi rejim başçıları aydınlıq-ziyalılıq anlayışına da verilib-alınası alver predmeti kimi baxırlar.
BDU-nu kommersiya obyektinə çevirmiş M.Abelin başçılığı ilə akademik Rafiq Əliyevin “ziyalılıq titulunu” əlindən almağa yönəlmiş 245 imzalıq bir yazı çıxıb. Harda? 18 ildən bu yana hər baxımdan antiAzərbaycan qəzetinə çevrilmiş “Azərbaycan” qəzetində. Xarakterindən, leksikonundan görünür: 245 imzalıq bu yazı Prezident Administrasiyasında, Azərbaycan xalqına antipatiyası ilə tanınan R.Mehdiyevin kabinetində yazılıb. Yazıda Ziyalılar Forumuna birbaşa 37-ci ilin damğaları vurulur, “antiazərbaycan şəbəkəsi” kimi söz birləşməsi qullanılır.
R.Mehdiyevin, onun başında durduğu bəlli ŞƏBƏKƏNIN Azərbaycan Xalq Hərəkatına sonsuz nifrəti bu yazıda da özünü açıq göstərir. Hərəkatın 20 Yanvar qırğınına gətirib çıxarmasından danışılır, ancaq o qırğına gətirən gerçəklik gizlədilir. O gerçəkliyi bu gün də Əliyevlərin başlıca düşmən gözündə gördükləri M.S.Qorbaçovun bircə frazası bütün çılpaqlığı ilə açıb göstərir: “Qeydar Alieviç, uberite svoix lyudey s ulitsı!”. Bu fraza yalnız 20 Yanvaradək deyil, 20 Yanvardan sonra baş verən bir çox bəlli olaylar üçün də açar rolunu oynayır. KQB başda olmaqla güc strukturlarında, başlıca olaraq, REGIONAL ŞƏBƏKƏ yaratmış H.Əliyev hakimiyyətə yiyələnənədək Azərbaycanda çevrilişlər olacaq, qan töküləcəkdi. Ancaq, sonradan göründüyü kimi, hakimiyyətə yiyələnəndən sonra da ailə-klan hakimiyyətini uzun illər qoruyub saxlamaq üçün QANLA QANUN siyasətinə üstünlük veriləcəkdi.
Çoxillik QANLA QANUN siyasətinin başında duranlar bu gün “Ziyalılar forumunun” mövqeyinin düzgün, ədalətli olmadığını… bildirirlər. Onda soruşulur: 18 illik hakimiyyətiniz boyunca özünüzün bircə dənə düzgünlük, ədalət faktınızı göstərə bilərsizmi? Ortada belə bir fakt yerli-dibli olmadığına, bütünlüklə bunun tərsi olduğuna, Azərbaycan xalqına düşmən, aqressiv bir hakimiyyət formalaşdırdığınıza görə bütün televiziyalarınız, bütün qəzetləriniz millətə bağlı, gerçəyi dilə gətirməkdən çəkinməyən kimsələrin üzünə biryolluq qapalıdır – akademik Rafiq Əliyevin də!
Əliyevçi antimilli rejimin başlıca yönəticisi R.Mehdiyev iki il qabaq “Azərbaycan” qəzetində çıxan bir yazısında demişdi: “Prezident Administrasiyasında işə götürmək üçün savadlı hüquqşünas tapa bilmirik”. Istənilən 18 illik demirəm, 5 illik hakimiyyət üçün də bu, açıq CINAYƏT faktıdır – 5 ildə ən azı özü üçün 5 savadlı hüquqçu yetişdirə bilməyən hakiiyyət kəsinliklə cinayətkar hakimiyyətdir! Biz bu gün rüşvəti, korrupsiyanı, oğurluğu, soyğunçuluğu DÖVLƏT IDEOLOGIYASINA çevirən bir hakimiyyət faktoru ilə üz-üzə qalmışıq. QANLA QANUN siyasəti bu halkimiyyətin xarakter-prinsip görsənişi olaraq ortaya çıxır.
“Tarix göstərib ki, milli maraqlara əsaslanmayan yol, heç bir dövlətə şərəf, heç bir xalqa xoşbəxtlik gətirməyib” DEMAQOGIYASINA gəlincə, bunu tarix yox, 18 illik əliyevçi rejim faktı göstərir! Akademik Rafiq Əliyev bu fakta qarşı çıxdığından… LINÇ edilir.