Rəsmi Tehrana təzyiqlər artdıqca, təhdidlər də ciddiləşəcək
Sülhəddin Əkbər: «Təhlükənin qarşısını almaq üçün Azərbaycan Türkiyə başda olmaqla öz müttəfiqləri, strateji tərəfdaşları ilə birgə hərəkət etməlidir»
Iranın Azərbaycanda təxribatlar hazırladığı barədə məlumatlar dəfələrlə mətbuatda özünə yer alıb. Bu günlərdə isə ABŞ-ın “Fox 11″ telekanalının yaydığı xəbərə görə, Federal Təhqiqatlar Bürosu (FTB) Iranın Ilham Əliyevi devirmək planlarının üstünü açıb. Belə ki, plana əsasən, Iran xüsusi xidmət orqanları gələn il ölkəmizdə iki səs-küylü terror aktı və bir siyasi qətl həyata keçirməyə hazırlaşır. Bu da ölkədə ajiotaj, panika yaranmasına, əhali arasında etirazların baş qaldırmasına xidmət etməlidir. Hətta Tehranın bu planı həyata keirmək üçün meksikalı narkotik tacirləri ilə iş birliyinə getdiyi də açıqlanıb. Telekanalın məlumatına görə, ölkədə kütləvi etirazlara və iğtişaşlara səbəb ola biləcək siyasi qətlləri Iran ayətullahlarına yaxın çevrələr təşkil edib.
Qeyd edək ki, son dövrlər Iran rəsmilərinin və dini çevrələrinin Azərbaycana yönələn hədələri artıb. Belə olan halda Iranın ölkəmizdə təxribatlara əl atacağı nə dərəcədə real görünür və mümkün təhlükələrdən qorunmaq üçün hansı addımların atılması zəruridir?
Avro-Atlantik Şuranın sədri Sülhəddin Əkbər Iranın hər zaman Azərbaycanla bağlı buna bənzər planlarının olduğunu deyir. Bununla bağlı ölkəmizə müxtəlif səviyyələrdə təhdidlər çatdırılıb. Ekspkertin fikrincə, bu baxımdan ABŞ telekanalının yaydığı xəbərdə qeyri-adi heç nə yoxdu.
Ekspertin sözlərinə görə, Iranla ABŞ arasında psixoloji müharibənin getdiyi bir zamanda bu tip informasiyalara diqqətlə yanaşmaq lazımdı. Amma bu o demək deyil ki, bunlara ciddi yanaşmaq lazım deyil. Çünki 1990-cı illərin əvvəllərindən Azərbaycanda öz şəbəkəsini qurmağa başlayan Iranın ölkəmizdə geniş potensialı var. Üstəlik, Iran Azərbaycanda Rusiya ilə birgə hərəkət edir. Həm cənubdan, həm şimaldan təzyiqlər zaman etibarı ilə üst-üstə düşür.
S.Əkbərin fikrincə, Suriya və Iran məsələsi ciddiləşdikcə, hərbi müdaxilə ehtimalı artdıqca Azərbaycana da təzyiqlər artacaq. Çünki Türkiyənin Suriya məsələsində aktiv iştirakı yüksələn xətlə gedir. Buna paralel Iran da Türkiyənin müttəfiqi olan Azərbaycana qarşı təzyiqlərini sərtləşdirir. Hətta Azərbaycan Tehrana qarşı ehtiyatlı siyasət aparsa da, Iran tərəfindən bu təhlükə getdikcə ciddiləşəcək. Çünki Iranın Azərbaycanda kəşfiyyat, təxribat fəaliyyəti aktiv şəkildə davam edir.
Ekspert hesab edir ki, təhlükənin qarşısını almaq üçün Azərbaycan Türkiyə başda olmaqla öz müttəfiqləri, strateji tərəfdaşları olan ABŞ, NATO, Avropa Birliyi ilə birgə hərəkət etməlidir. Amma ilk növbədə Azərbaycan Türkiyə ilə artıq sıx təmasda olmalı, təhdidlərə cavab verilməsi məsələsində bu ölkə ilə paralel hərəkət etməlidir.
Fizzə