“Əliyev iqtidarı Türkiyə əleyhinə hərəkətlərin içərisində oldu”
AXCP yetkilisi Fəhmin Hacıyevin Türkiyə mediasına kəskin açıqlaması yayılıb
AXCP sədrinin müşaviri Fəhmin Hacıyev Türkiyənin “dunyabulteni.net” sayıtına Azərbaycan-Türkiyə münasibətləri və Əliyev rejiminin antimilli mahiyyəti barədə geniş açıqlama verib. Sayt materialı “Azərbaycan Türkiyəyə qarşı güclərlə iş birliyində” başlığında təqdim edib. “Azərbaycanın daxili qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyev Ilham Əliyev rəhbərliyinə atəş püskürdü” sərlövhəli məqalədə AXCP sədrinin müşaviri müstəqilliyi əldə edərkən Türk və Islam dünyası ilə inteqrasiyanı hədəflədiklərini, lakin ötən müddətdə Heydər Əliyev ilə oğlu Ilham Əliyev iqtidarının ölkəni bu hədəflərdən uzaqlaşdırdığını söyləyib.
Azərbaycanı tanıyan ilk ölkənin Türkiyə olmasının çox əhəmiyyətli olduğunun vurğulayan Hacıyev, bu yöndə Türkiyənin Qafqazlar və Orta Asiya Respublikaları üçün mühüm strateji müttəfiq olduğunu deyib: “Lakin Əliyev iqtidarı zaman keçdikcə Türkiyəyə qarşı olan ölkələrlə əməkdaşlıq etdi və Türkiyə əleyhinə hərəkətlərin içərisində oldu”.
Fəhmin Hacıyev
Heydər Əliyev iqtidarı bizə faciə yaşadıb
Iki ölkə arasında münasibətlərin ürəkaçan səviyyədə olmamasının bir səbəbini də Azərbaycanın ilk lideri Elçibəyin hakimiyyətdən devrilməsi ilə əlaqələndirən F.Hacıyev bu çevrilişdə Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəlin də rol aldığını bildirib. O, Dəmirəlin “dostu və qardaşı” barədə də bəzi maraqlı faktları diqqətə çatdırıb:
“Heydər Əliyev 1940-cı illərdən – Stalin vaxtından Sovet kəşfiyyat təşkilatı olan, dünyada qırmızı terror təşkilatı kimi tanınan KQB-də işləmişdir. O zamanlar Sovet işğalı altındakı Azərbaycanın Islam aləmi və Türk dünyası ilə bütün əlaqələrini qoparmaq dinsiz kommunistlərin əsas məqsədi idi. Bu işi ən mükkəmməl icra edənlərdən biri, bəlkə də birincisi Əliyev idi. Kənd və qəsəbələrdə belə sıravi insanların Pantürkçülük və Panislamçılıqda damğalanaraq Sibirə, ölüm düşərgələrinə göndərilməsi KQB-nin Azərbaycana qarşı etdiyi vəhşiliklər arasındadır. Vəzifəm əsnasında əldə etdiyim məlumatlarda Türkiyəni parçalamaq və çökdürmək məqsədi ilə qurulmuş PKK-nın də Əliyevin Sovetlərə və Rus imperializminə verdiyi xidmətlər arasında olduğunu söyləyə bilərəm. Uzun illər dövlət işində çalışan Əliyev dövlət adamı olaraq çox yaxşı yetişmişdi. Ancaq ideologiyası antidemokrat, antiIslam və antiTürk idi. Bundan ötrü Əliyevin müstəqil Azərbaycanın başına gətirilməsi, ölkəmizi Islam aləmindən və Türk dünyasından qoparacaq bir faciə idi”.
Əliyev hakimiyyəti AKP-yə nifrət edir
Azərbaycan rəhbərliyinin AKP iqtidarına nifrət bəslədiyi də F.Hacıyevin açıqlamasında səslənib. O bildirib ki, AKP-nin Türkiyədə dəfələrlə seçkiləri qazanması, Türkiyənin iç siyasətdə siyasi və iqtisadi sabitliyə qovuşması və uğurlu xarici siyasət aparması, bu gün Türkiyənin dünyada söz sahibi olan, dünya oyun qaydalarını təşkil edə biləcək güclü bir dövlət halına gəlməsi ən çox Azərbaycanı sevindirməli olduğu halda əksinə, Azərbaycan rəhbərliyi buna bir kin və düşmənliklə yanaşır: “Türkiyə-Azərbaycan arasında strateji ortaqlıq hər iki tərəfin də qazancıdır. Ancaq keçmişdə və bu gün olduğu kimi dostluq ifadəsi altında başqa hesablar və siyasətlər icra edilməməsi şərtiylə. Bu gün Ərdoğan liderliyində Türkiyə fərqli bir yola çıxmışdır. Azərbaycan bu yolda Türkiyənin yanında iştirak etməli və onun siyasətlərini dəstəkləməlidir. Azərbaycanın yerləşdiyi geopolitik məkan, enerji qaynaqları onun Türkiyə baxımından əhəmiyyətini artırır. Əbülfəz Elçibəy hökuməti bunu çox gözəl anlayırdı və Türkiyənin önə çıxması üçün hər cür fədakarlığı edirdi. Təəssüf ki, 1993-də Əliyev-Dəmirəl qardaşlığı bu inkişafın qarşısını aldı”.
“Bakı baharı”na dəstək
AXCP yetkilisi sonda Azərbaycanda “Bakı baharı”nın yaşandığını söyləyərək avtoritar Əliyevçi rejimin yaxın bir zamanda çökəcəyinə inandığını ifadə edib. O, bu müddətdə Türkiyənin Azərbaycan müxalifətini də dəstəkləməsinin vacib olduğunu vurğulayıb.
Natiq Güləhmədoğlu