Nurəddin Məmmədli: «Türkiyənin dəstəklənməsi Azərbaycanın strateji maraqlarına uyğundur»
Mehman Əliyev: «Azərbaycan bu məsələdə kifayət qədər təmkinli olmalıdır»
Türkiyə ilə Rusiya arasında yaşanan gərginlik bir sıra iri dövlətləri məsələyə münasibət bildirməyə məcbur edib. Bütün dövlətlər Türkiyənin haqlı mövqeyini dəstəkləyir. Bəs baş verənlərlə bağlı Azərbaycan hansı mövqedən çıxış etməlidir? Türkiyə uzun müddətdir Azərbaycana görə Ermənistanla sərhədləri bağlayıb. Türkiyə üçün sərhədlərin bağlı qalması ciddi maliyyyə itkisi olsa da, sərhədlər açılmır. Eyni zamanda Türkiyə Qarabağ münaqişəsinin həlli yolunun tapılmasında da Azərbaycana dəstək verir. Artıq bununla neçənci dəfədir ki, Azərbaycandan yaxın müttəfiqi Türkiyə ilə bağlı mövqe bildirməsi istənilir. Yəni geosiyasi durum bunu tələb edir.
AXCP sədrinin müavini Nurəddin Məmmədlinin fikrincə, hakimiyyət hələ təyyarə olayından əvvəl türkmənlərin kütləvi şəkildə məhv edilməsinə reaksiya verməli idi. Türkmənlərin bizim soydaşlarımız olduğunu deyən N.Məmmədli bildirdi ki, onlar Azərbaycandan köçürülmüş Suriya və Iraqda məskulaşdırılan azərbaycanlılardır: “Onların köməksiz vəziyyətdə məhv edilməsinə Azərbaycan hakimiyyəti biganə qalmamalı idi. Türkiyə ilə bizim tarixi əlaqələrimiz olub. Bu əlaqələr Türkiyə ilə Azərbaycanı daha yaxın olmağa vadar edir. Azərbaycan hakimiyyəti əksinə, bu əlaqələrin dərinləşməsinə can atmır”.
Təyyarə olayını sadə hadisə kimi dəyərləndirməyin tərəfdarı olmayan N.Məmmədli vurğuladı ki, uzun illərdir Qərblə Rusiya arasında münasitlər gərgin olsa da, heç zaman hərbi insident səviyyəsində mübarizə aparılmayıb. Yəni Qərb həmişə Rusiya ilə hərbi qarşıdurmaya getməkdən ehtiyat edir. Ona görə Azərbaycan bir qədər ehtiyatlı mövqe sərgiləməlidir. Azərbaycan özünü hərbi müdaxilədən qorumalıdır. Amma Türkiyənin dəstəklənməsi Azərbaycanın strateji maraqlarına uyğundur. Çünki Türkiyə NATO-nun üzvüdür. Ona görə indiki halda konfliktdə tərəf olmaq təhlükəli olsa da, hər hansı formada Türkiyə ilə həmrəylik nümayiş etdirilməlidir”.
“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev isə hesab edir ki, Rusiya və Türkiyə arasında yaşanan gərginlik müvvəqəti xarakter daşıyır. M.Əliyevin sözlərinə görə, tərəflər mütləq yenə bir araya gələcəklər. Türkiyənin mövqeyinin birmənalı olduğunu deyən M.Əliyev vurğuladı ki, Rusiya onunla hesablaşmağa məcbur olacaq: “Rusiya və Türkiyə danışıqlar yolu ilə bir araya gələcək və yenə iki dövlət əməkdaşlıq edəcək. Azərbaycanın mövqeyinə gəlincə, münaqişədə tərəf olmaq gərək deyil. Tərəflər çıxış yolunu tapacaqlar. Ona görə Azərbaycan bu məsələdə kifayət qədər təmkinli olmalıdır. Onsuz da hökumət heç nə etməyəcək. Düşünürəm ki, cəmiyyət bu istiqamətdə sərt addım atmamalıdır”.
Xəyal