Futbol üzrə 2012-ci il Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan son 4 ölkə də müəyyənləşib. Lent.az-ın məlumatına görə, “pley-off” mərhələsinin cavab görüşləri nəticəsində Xorvatiya, İrlandiya, Çexiya və Portuqaliya milliləri Ukrayna və Polşada təşkil olunacaq nüfuzlu yarışda iştirak hüququ əldə ediblər.
Türkiyə yığması Xorvatiya ilə səfər qarşılaşmasında möcüzə edə bilməyib. Baş məşqçi Qus Hiddink ilk görüşlə müqayisədə əsas heyətdə xeyli dəyişiklik etsə də, bu, yalnız uduzmamaq üçün yetərli olub. Amma İstanbuldakı 0:3 hesablı məğlubiyyət “ay-ulduzlular”ı çempionatın final mərhələsindən kənarda qoyub.
Estoniya da İrlandiyaya Tallindəki 0:4 hesablı məğlubiyyətin qarşılığında Dublində heç-heçə ilə kifayətlənib – 1:1. Çexiya öz meydançasında 2:0 hesabı ilə yendiyi Çernoqoriyaya səfərdə də qalib gəlib. Portuqaliya isə səfərdə qolsuz heç-heçə etdiyi Bosniya və Herseqovinanı öz meydançasında darmadağın edib – 6:2.
Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi dekabrın 2-də Kiyevdə olacaq. Püşk zamanı 16 ölkə 4 səbətə bölünəcək:
1-ci səbət: Ukrayna, Polşa, İspaniya, Hollandiya
2-ci səbət: Almaniya, İtaliya, İngiltərə, Rusiya
3-cü səbət: Xorvatiya, Yunanıstan, İsveç, Portuqaliya
4-cü səbət: Danimarka, Fransa, Çexiya, İrlandiya