cemilhesenli

Cəmil Həsənlinin Şərqi Türkistanla bağlı kitabı Moskvada nəşr olundu

cemilhesenliÖtən həftə Moskvada, NAUKA və FLİNTA nəşriyyatlarında Milli Şuranın sədri, tarix elmləri doktoru, professor Cəmil Həsənlinin “Sincan Sovet Siyasətinin cazibəsində: Stalin və Şərqi Türkistanda müsəlman hərəkatı, 1931-1949” (Синьцзян в орбите советской политики: Сталин и мусульманское движение в Восточном Туркестане, 1931–1949) adlı monoqrafiyası nəşr edilib.

Kitabın elmi redaktoru London İqtisad Məktəbinin professoru, tarix elmləri doktoru Vladislav Zubokdur. Bu əsər müəllifin son 10 il ərzində araşdırdığı İkinci dünya müharibəsi illərində və soyuq müharibənin əvvəllərində SSRİ-nin cənub sərhədləri boyunca Sovet siyasəti silsiləsindən sonuncu kitabıdır. Daha əvvəl bu proqram çərçivəsində Güney Azərbaycan və Türkiyənin Şərq vilayətləri ilə bağlı Moskvanın niyyətlərini ilk mənbələr əsasında nəşr etmiş müəllif həmin silsiləni Sincandakı Sovet siyasəti ilə tamamlamışdır.

Kitabda 20 ilə yaxın bir xronoloji çərçivədə Çinin uyğurlar və digər müsəlman xalqlarının yaşadığı Sincan vilayəti barədə Sovet planları, onun həyata keçirilmə metodları, Orta Şərqdə SSRİ-nin siyasətinin gizlinləri öz əksini tapmışdır. Müəllif hadisələri iki fazada verir. Birinci mərhələdə ötən əsrin 30-cu illərində Şərqi Türkistanda Çin hökuməti əleyhinə başlanmış uyğur üsyanlarının geniş xarakter alması, regionda türk-islam dövlətinin yaradılması və Sovet İttifaqının hərbi yardımı ilə müsəlman üsyanının qan içində boğulması, 1944-1949-cu illəri əhatə edən ikinci mərhələdə isə Moskvanın Çan Kayşi rejiminə təzyiq vasitəsi kimi Sincanda Çin əleyhinə müsəlman hərəkatına göstərdikləri gizli yardımlar işıqlandırılmışdır. Əsərdə göstərilir ki, 1943-cü ilin may ayıdan başlayaraq Stalin Şərqi Türkistanı Sovet təsirinə salmaq, orada müsəlman hərəkatını dəstəkləmək istiqamətində bir sıra gizli qərarların təşəbbüsçüsü olmuşdur. Müəllifin təbirincə, əslində Moskva Çində yetişməkdə olan müsəlman hərəkatını öz nəzarətinə almış və onu öz maraqlarına uyğunlaşdırmağa çalışmışdır.

Kitabda 1944-cü ilin noyabrında Əli xan Törə başda olmaqla qurulan Şərqi Türkistan Respublikasının tarixi və taleyi, İli, Tarbaqatay və Altay vilayətlərini əhatə edən “üç oymaq” inqilabının milli qayəsi, milli hökumətin siysi, iqtisadi və mədəni reformaları, əyalətdə ordu quruculuğu və sair arxiv sənədləri əsasında təhlil edilmişdir. Müəllif, Şərqi Türkistan hadisələrini Güney Azərbaycan hadisələri ilə müqayisəli formada təhlil edərək maraqlı nəticələr əldə etmişdir. Əsərin yazılması ilə bağlı professor C.Həsənli Rusiya, Amerika və Britaniya arxivlrinin ilk dəfə dövriyyəyə gətirilən sənədlərindən istinad nöqtəsi kimi istifadə etmişdir. Onun bu araşdırması Orta Şərqdə müsəlman hərəkatı, Soyuq müharibə coğrafiyası, Orta Asiya Sovet respublikalarının Şərqi Türkistan hadisələrində iştirakı, Sovet – Çin münasibətləri və böyük güclərin uyğur hərəkatına münasibəti baxımından çox nadir məqamlarla yadda qalır. Kitab beynəlxalq münasibətlər tarixi, soyuq müharibə diplomatiyasının gizlinləri, ümumtürk tarixi, Çin müsəlmanlarının tarixi və taleyi ilə bağlı məsələlərə yeni yanaşma tərzini ortaya qoyur.