Mahal Ismayıloğlu: «Bu imici özləri yaradıblar, Ingiltərəyə niyə ağız büzürlər?»
Son günlər xarici medianın Azərbaycan hakimiyyəti və ölkə başçısı Ilham Əliyevlə bağlı tənqidi məqalələri reaksiyasız ötüşmədi. “Yeni Azərbaycan” qəzeti son sayında “Britaniyasayağı demokratiya” və ya bu ölkənin “azad” mətbuatının ənənələri adlı geniş məqalə dərc edərək Britaniyanın və dünyanın nüfuzlu KIV-ləri sayılan BBC, “Guardian” və “The Eonomist”ə ittihamlar ünvanlayıb.
Qəzet Britaniyada “demokratiyanın” olduğunu, ölkə vətəndaşlarının hüquqlarının pozulduğunu, aksiyalar zamanı insanların polis zorakılığına məruz qaldığını və itlərə yem edildiyini yazıb. Və hesab edir ki, bu qurumlar Azərbaycanı tənqid etməkdənsə, öz ölkələrindəki qanunsuzluqlardan yazmalıdırlar. “Yeni Azərbaycan” onu da iddia edir ki, bu media quruluşlarının Azərbaycanla bağlı məlum yazı və reportajları sifarişlidir və reallıqdan xəbəri olmayan auditoriyaya hesablanıb.
“Xalq qəzeti”nin keçmiş baş redaktoru Mahal Ismayıloğlu hesab edir ki, “Yeni Azərbaycan” Ingiltərədəki vəziyyətlə Azərbaycandakı vəziyyət arasında uğursuz analogiya aparmağa çalışıb: “Bu analogiya ilə Azərbaycana müsbət imic yaratmaq istəyiblər. Bir şeyi nəzərə almaq lazımdır ki, Azərbaycanın bütün nöqsanlarını göstərən məqamların hamısı üzdədir. Bu ölkədə insan haqları kütləvi şəkildə pozulur, korrupsiyanın səviyyəsi ağlasığmaz həddə çatıb, məmur özbaşınalığı tüğyan edir, məhkəmə sistemi müstəqil deyil. Bütün bunların yoxluğu kifayət edir ki, Azərbaycan haqqında hökm çıxarasan. O ki qaldı hansısa ölkədə aksiyaların keçirilməsinə, bu həmin ölkənin siyasəti ilə ölkənin siyasi-iqtisadi, psixoloji durumu arasındakı fərqi göstərir. Bunu demokratiyaya zidd hal hesab etmək olmaz”.
M.Ismayıloğlu deyir ki, Ingiltərədə camaat küçələrə çıxıb etiraz edir və hökumətlə qarşıdurmaya gedir. Bunu da Azərbaycanla müqayisə etmək yersizdir: “Azərbaycanda insanlara narazılığını ifadə etmələri üçün imkan verilmir. Mitinq etməyə icazə yoxdur. Insanlar hüquqlarını məhkəmədə müdafiə edə bilmirlər. Bu imici özləri yaradıblar. Bu, ortalığa qoyduqları meyvənin dadıdır. Indi bu meyvə ağız bürüşdürürsə, Ingiltərə mətbuatına ağız büzməyin nə yeri var?”.


