Əsədin gözünü qan tutub

Suriya diktatoru 1 gündə 70 nəfəri öldürtdürdü; Iordaniya səfirliyinə də hücum oldu

Gül və Ərdoğan Bəşər Əsədə xəbərdarlıq etdi

Suriyada Bəşər Əsəd rejiminin hakimiyyət əleyhdarlarına qarşı hücumları davam edir. Noyabrın 14-də Suriyada bu ölkədə etirazlar başlayandan bəri ən qanlı günlərdən biri yaşanıb. Son 24 saat ərzində baş verən silahlı toqquşmalarda 70-dən çox adam ölüb. Londonda mərkəzləşmiş Suriya Insan Haqları Müdafiəçiləri təşkilatının məlumatına görə, qanlı toqquşmalar Suriya-Iordaniya sərhədinə yaxın Xerbet Qazale və Hirak şəhərləri arasındakı ərazidə baş verib.
Silahlı toqquşma zamanı ölənlərdən 27-nin dinc sakin, 12-nin ordudan uzaqlaşaraq müxalifətin tərəfinə keçən hərbçilər, 34-nün isə hökumət qüvvələrinin hərbçiləri olduğu bildirilir. Müxalifət tərəfdarlarının əksəriyyəti Dəraa əyalətinin cənubunda yoxlama məntəqəsi yaxınlığındakı yolda təhlükəsizlik qüvvələri tərəfindən güllələnib. Daha 4 nəfər də Homs şəhərində öldürülüb.
Suriya müxalifəti isə ölkədə yaranmış siyasi böhranın həllində Moskvanın köməyinə nail olmağa çalışır. Müxalifət blokunun nümayəndə heyəti Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparmaq üçün Moskvaya səfər edib. Parisdə mərkəzləşmiş Suriya Milli Şurasının rəhbəri Burhan Qaliun ölkələrində yaranmış böhrana xaricdən hərbi müdaxiləsiz son qoyulmasını istədiklərini bildirib.

Abdullah Gül: “Bir daha təkrarlansa, cavabımız fərqli olacaq”

Bu arada, Türkiyə prezidenti Abdullah Gül Suriyada türk diplomatlara hücumlara münasibət bildirib. O, baş verənlərin qəbuledilməz olduğunu söyləyib. O, belə bir hadisənin təkrarlanacağı təqdirdə Türkiyənin cavab addımının fərqli olacağını da xatırladıb. Gül Bəşər Əsədin zorakılıq yolunu tutduğunu və ona təklif olunan fürsətlərdən imtina edərək çıxılmaz bir dalana dirəndiyini bildirib.

Ərdoğan Əsədi sildi

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın münasibəti isə daha sərt olub. Baş nazir Suriya hakimiyyətinin xarici səfirliklərə hücumlara göz yumduğunu bildirərək, Bəşər Əsədə “Sən” deyə müraciət edib. Ərdoğan Türk bayrağının məna və əhəmiyyətini, sülhün simvolu olduğunu yer üzündə bilən xalqlardan birinin də Suriya xalqı olduğunu xatırladaraq, səfirliyə hücum zamanı bayrağı yandıranları “alçaq” adlandırıb.
Bəşər Əsədi bir daha xəbərdar edən Ərdoğan Suriya diktatoruna üz tutaraq, “sənin özünə bir daha xatırladıram: zülmlə abadlıq olmaz, tarixdə qanla qidalanan lider adını qazanmağını istəməzdim, amma sən bu yolla gedirsən” deyə, – xitab edib. Suriya xalqıyla həmrəy olduğunu vurğulayan Ərdoğan hadisələrin necə cərəyan etməsindən asılı olmayaraq, heç vaxt Suriya xalqını tək qoymayacağını bildirib.
Ötən gün isə Irodaniyanın Suriyadakı səfiriyinə hücum olub. Hakimiyyət tərəfdarları səfirlik binasına hücum ediblər. Əlavə edək ki, məhz iki gün öncə Iordaniya kralı Abdulla Bəşər Əsədi istefa verməyə çağırmışdı. O, Əsədin etirazçıların tələblərini yerinə yetirməli olduğunu bildirmişdi. Yayılan məlumatlara görə, Iordaniya səfirliyinə hücum məhz kral Abdullanın açıqlamasına cavabdır. Iordaniya kralı Əsədi istefaya çağıran ilk ərəb lideridir.