Silahlı qüvvələrdə itkilər son 9 ildə rekord həddə çatıb

Çürüyərək ölən əsgərin atası: «ANS-ə dedilər ki, Eldarın vəziyyəti normaldır, cavab versinlər görək, normal adam 12 gündən sonra niyə öldü?»

Il başa çatmayıb, amma Azərbaycanda 2011-ci ildə həlak olan hərbçilərin sayı son doqquz ildə ən yüksək həddə çatıb. Bu barədə məlumat verən “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinlinin sözlərinə görə, 2011-ci ildə silahlı qüvvələrimiz 89 hərbi qulluqçusunu itirib. Bu öləmlərdən də yalnız 13-ü döyüş itkisi olub. Qalan 76 nəfər isə nizamnamədən kənar münasibətlərin, xəstəliyin, yol qəzalarının və s. qurbanı olub.
Ildən ilə orduda qeyri-döyüş itkilərinin sayında ciddi artım qeydə alındığını deyən C.Sümərinli xüsusilə, nizamnamədənkənar hadisələr və xəstəliklər nəticəsində ölüm hallarının, intiharların çoxaldığını vurğulayıb. Onun sözlərinə görə, 2011-ci ildə silahlı qüvvələrdə baş vermiş intiharların sayı da son 9 ildə rekord göstəricidir – 12 nəfər.
“Ehtiyatda və Istefada olan Zabitlər” Ictimai Birliyinin sədri Yaşar Cəfərli bildirib ki, itkilərin artması orduda olan ciddi problemlərlə bağlıdır: “Təəssüf ki, müvafiq dövlət orqanları ictimaiyyətin itkilərlə bağlı narahatlığını sükutla qarşıyır, itkilərin qarşısının alınması üçün effektif tədbirlər görülmür. Nəticədə itkilərin sayı artdıqca vətəndaş cəmiyyətinin də Orduya qarşı münasibəti sərtləşir, onsuz da yüksək olmayan döyüş ruhu daha da zəifləyir”.
Bu ilin əvvəllərində Müdafiə Nazirliyinin Göygöldəki hərbi hissəsində baş vermiş və 6 nəfərin ölümüylə nəticələònmiş qətliam zamanı həlak olmuş əsgərin atası Etibar Quliyev müvafiq qurumlar tərəfindən aldadıldıqlarını, hüquq-mühafizə orqanlarının gerçəklikləri ört-basdır etdiklərini bildirib.
“Orada baş verənlər heç də rəsmi qurumların ictimaiyyətə təqdim etdikləri kimi deyil. Biz bilirik ki, orada kəşfiyyat işləyib, PKK-nın əli olub… Mənim uşağımı arxadan vurublar. Digər 3 nəfəri isə ürəyindən güllələyiblər. Son nəticədə də uşaqlarımıza böhtan atıblar”.
Üzündə çürümə getdiyindən təxminən ay yarım əvvəl Türkiyəyə aparılarkən hava limanında dünyasını dəyişmiş əsgər Eldar Novruzovun atası Qədir Novruzov oğlunun ona vurulmuş iynə nəticəsində qətlə yetirildiyini deyir: “Rəy verirlər ki, ölümə ağciyər-ürək çatışmazlığı səbəb olub. Hadisədən 20 gün əvvəl isə həkim müayinəsindən keçərkən onun ürəyinin, ciyərlərinin sağlam olduğu barədə rəy verilmişdi. Hətta qorxulu xərçəng də 20 günə ağ ciyəri parçalamır. Oğlumun ölümünün səbəbi hadisədən bir gün əvvəl hərbi hospitalda ona vurulan iynədir. Eldarın səhhətilə bağlı ANS-də material gedəndən sonra uşağı məhv eləmək yolunu tutdular. Ona zəhər vurdular. Müdafiə Nazirliyinin nümayəndəsi ANS-ə demişdi ki, Eldar Novruzovun vəziyyəti normaldır, əks halda, biz onun müalicəsi üçün tədbir görərik. Bu açıqlamadan 12 gün sonra oğlum dünyasını dəyişdi. Indi cavab versinlər görək, normal adam 12 gündən sonra niyə öldü?”
Müdafiə Nazirliyinə yönəlik ittihamlara cavab verən “Azərbaycan Ordusu” qəzetinin baş redaktorunun müavini Ibrahim Rüstəmov hesab edir ki, hazırkı vəziyyətin yaranma səbəblərindən biri gənclərin hərbi xidmətə hazır olmaması, həmçinin savadsızlığıdır.
Aytən Məmmədova