Lütfü Zadə ADNA rektoruna məktub yazıb
Tanınmış amerikalı riyaziyyatçı, qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı, Kaliforniya Universitetinin professoru Lütfi Zadə noyabrın 9-da Azərbaycan Neft Akademiyasının rektoruna məktub yazıb. “Mən professor Rafiq Əliyevin işdən çıxarıldığını eşitdikdən dərhal sonra bu məktubu yazdım”,- o, “Turan”ın Vaşinqton müxbiri ilə söhbətində deyib.
“Turan”ın müxbirinə verilən məktubda deyilir: “Mən eşitdim ki, professor Rafiq Əliyev sizin universitetin kafedra rəhbəri vəzifəsindən azad edilib. Buna inanmaq çətindir. Professor Əliyev dünya miqyaslı alimdir. Qeyri-müəyyənlik şəraitində qərarların qəbulu ilə bağlı onun son işləri Tverski və Kanemanın iqtisadiyyat üzrə Nobel mükafatı aldıqları perspektiv nəzəriyyəsinin çərçivəsindən uzağa çıxır. Mən gözləyirəm ki, professor Əliyevin işi gələcəkdə Nobel mükafatına irəli sürüləcək”,- məktubda vurğulanır. Sonra məktubda deyilir:”Başa düşürəm ki, professor Əliyevin işdən çıxarılması insan haqları ilə bağlı hakimiyyəti tənqid etməsi ilə əlaqədardır. Mən tez-tez müxtəlif texniki problemlərlə əlaqədar Əliyevlə telefonla danışıram. Diskussiyalar zamanı insan haqları məsələsinə heç vaxt toxunulmayıb”. “Hesab edirəm ki, o, büsbütün elmlə məşğuldur. Ümidvaram ki, o, öz vəzifəsinə bərpa olunacaq və Azərbaycanda elmin inkişafına yardımını davam etdirəcək”.


