“Ziyalıları çörəklə, ailə-uşaqla imtahana çəkirlər”

«Bu insanlar özləri hansı səviyyədədirlərsə, o səviyyədə də mübarizə aparırlar»

Vidadi Mirkamal: «İlham Əliyevə deyirik bunu etmə, çünki üç dəfə seçilməyin sənin də, xalqın da faciəsi ola bilər»

 

Son günlərin ən aktual mövzusu heç şübhəsiz ki, hakimiyyətin ziyalılara qarşı başlatdığı kampaniyadır. Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, ədliyyə generalı Vidadi Mirkamalla söhbətimiz də əsasən bu mövzuda oldu. Fürsətdən istifadə edib V.Mirkamalın digər məsələlərə də münasibətini öyrəndik.

– Rafiq Əliyevin Ziyalılar Forumundakı çıxışından sonra kafedra müdirliyindən çıxarılması gündəmin əsas mövzusuna çevrilib. Sizin bu məsələyə münasibətiniz necədi?
– Ümumiyyətlə indiki dövrdə bu hakimiyyətin tənqidinə yönələn bütün hərəkətləri iqtidar boş buraxmır. Onun müqabilində yaramaz hərəkətlərini davam etdirir. Bu yola qədəm qoyan hər bir şəxs, hər bir ziyalı bilməlidir ki, onun qarşıda nə gözləyir. Iqtidar da ziyalıların zəif yerini yaxşı bilir. Bilirlər ki, ziyalıları hardan vurmaq olar. Onları çörəklə, ailəsi, uşaqları ilə imtahana çəkirlər. Bizim taleyimiz budur. Bu təkcə R.Əliyevin başına gələn iş deyil. R.Əliyev dünya miqyaslı bir alimdi. Şəxsiyyəti bütün dünyaya məlumdu. Onun kafedra müdirliyindən çıxarılması şəxsiyyətinə, əməllərinə, əqidəsinə kölgə salan bir şey deyil. Ona görə də bu qədər kəskin reaksiya verilməsini anlaya bilmirəm. Bu əlbəttə ki, qınanılası, yaramaz bir hərəkətdi. Bütün cəmiyyətlərdə ziyalılara basqı olub. Ancaq bu dərəcədə aşağılamayıblar. Çünki bu insanların özləri hansı səviyyədədirlərsə, o səviyyədə də mübarizə aparırlar. Mübarizə meydanı bunlar üçün çox geniş deyil, dardı.

Rejim ətrafına özünə uyğun ziyalılar yığıb

– Məsələ ilə bağlı ictimai təpkini görən hakimiyyət bir qədər də hücuma keçdi. “Azərbaycan” qəzetinlə ziyalıları aşağılayan yazı dərc edildi. Bunun ardınca BDU-dan ziyalılarla bağlı bəyanat gəldi. Bu miqyasda iyrənc kampaniya nədən qaynaqlanır, bunun arxasında kim dayanır?
– Bütün rejimlər ətrafına özlərinə uyğun olan şəxsləri yığırlar. Bu mənada hakimiyyətin süfrəsinin qırağı ilə dolanan və onunla fəxr edən ziyalı adlanan şəxslər növbədə durub. Onları uzun müddət yemləyirlər. Belə hadisələr olanda da onlardan əsl ziyalılara qarşı istifadə edirlər. Biz buna alışmışıq. Hesab etmirəm ki, bu yeni taktikadı. Sadəcə olaraq həmin şəxslərə ictimai təpki çatışmır. Ictimai məzəmmət olmalıdı. Illər boyu oturublar öz yerlərində, elm aləmində heç bir yenilikləri yoxdu. Üstəlik də vətəndaş mövqeləri yoxdu. Belə olan halda həmin şəxslərin normal və qeyrətli insanların, ziyalıların üstünə hücuma keçməsi ictimai təpki qazanmır. Bu mənada həmin şəxslərə qarşı daha çox ictimai qınaq olmalıdı. Onlardan hər şey gözləmək olar. Ancaq bizim də təqsirimiz ondadır ki, belə insanların sayının azalması üçün onlara qarşı ictimai təpkini təşkil etməmişik. Çox təəssüf ki, Heydər Əliyev hakimiyyətdə olan dövrdə yaltaq və riyakar ünsürlərin sayı artıb. Həmin ünsürlərin içində ziyalılar da var. Ziyalının içində bir “mən” oturub. O “mən” mübarizə aparır. Istəməsəm də o hayqırır, insanlara qarşı olan zülmə dözmür. Belə insanları da susdurmaq mümkün deyil. Bizə də basqılar var. Ancaq istəmirik bu ortaya çıxsın. Çünki yerdə qalan insanlar deyəcək ki, görün belə insanların başına nə oyun açdılar. Mən də istəyərəm normal yaşayaq. Ancaq bu cəmiyyətdə normal yaşamaq mümkün deyil. Ona görə də bir ziyalı olaraq ən böyük təmənna mənim təmənnamdı. Mənim balalarım, nəvələrim, ətrafım demokratik Azərbaycanda normal yaşaya bilsin.

Ictimai Palatadan böyük, əzəmətli qurum yoxdu

– Ziyalıların bir sıra tələbləri ilə Ictimai Palatanın tələbləri üsti-üstə düşür. Bütün bunlar gələcəkdə birgə fəaliyyəti mümkün edə bilərmi?
– Ictimai Palatanın adı müxtəlif cür hallandırılır. Əslində bu cəmiyyətin münasibəti deyil. Cəmiyyətdə olan ayrı-ayrı qrupların münasibətidi. 2000-2001-ci illərdə AMAL Ziyalı Hərəkatı yaratdıq. Əslində onun əsas məqsədi xalq məclisi çağırmaq idi. Yəni ziyalı hərəkatının sonu xalq məclisinin çağırılması ilə bitməli idi və hərəkat öz funksiyalarını xalq məclisinə verməli idi. Xalq məclisi indiki Ictimai Palatanın daha böyük, əhatəli variantı idi. Orda cəmiyyətin bütün zümrələri təmsil olunmalı idi. O zaman müəyyən səbəblərə görə o ideya həyata keçmədi. Ancaq ideya olaraq qaldı ki, sabah kimsə bizdən daha yaxşı, qabiliyyətli insanlar onu irəli aparacaqlar. Nəhayət Ictimai Palata yaradıldı. O insanlar ki, Azərbaycanda demokratik cəmiyyət, haqq uğrunda mübarizə aparır, onların mübarizəsinin axırı Xalq Məclisi deyilən ideya ətrafında birləşməyə çatmalıdı. Hazırda Xalq Məclisinin ideyasının daşıyıcısı Ictimai Palatadı. Bu gün Ictimai Palatadan böyük, əzəmətli qurum yoxdu. Ona görə də ziyalılar da, partiyalar da, ağsaqqallar da Ictimai Palatanın ətrafında birləşib yumruq halında abırsız hakimiyyətə qarşı mübarizə aparmalıdır.

Normal dövlətlərdə sülalə hakimiyyətləri yoxdu

– Bir müddət əvvəl Ilham Əliyev “Əl-Cəzirə”yə müsahibəsində bildirdi ki, növbəti seçkilərə qatılıb-qatılmayacağı ilə bağlı qəti qərar verməyib. Bunun ardınca Ictimai Palata onu namizədliyini irəli sürməməyə çağırdı. Cavabında YAP rəhbərliyində təmsil olunanlar bu təklifi qeyri-etik adlandırdı. Bu iradı necə şərh edirsiz?
– Ilham Əliyevin belə deməyi ilk növbədə taktiki gediş ola bilər. Ictimai Palata Ilham Əliyevə deyir ki, normal, demokratik dövlətlərdə sülalə hakimiyyətləri yoxdu.
Qanunda dəyişiklik ediblər ki, iki dəfədən artıq seçilmək mümkündü. Əslində ən antidemokratik normanı konstitusiyaya daxil etmisiniz. Konstitusiyada o norma qalsın. Ancaq biz ona çağırış edirik ki, heç olmasa, faktiki olaraq bunu etmə. Çünki üç dəfə seçilməyin sənin də, xalqın da faciəsi ola bilər. Azərbaycanın demokratik imicinə çox böyük zərbə vura bilər. Əslində bu çox etik və normal bir çağırışdı.
Ona əməl olunacaq ya yox, bu tamam başqa məsələdi. Bu, müzakirə olunacaq.

Bu iqtidardan gələn heç nəyi ciddi qəbul etmirəm

– Ilham Əliyevin qəti qərar vermədiyini deməsini səmimi qəbul edirsiniz?
– Qətiyyən. Bu iqtidardan gələn heç nəyi ciddi qəbul etmirəm. Çünki bunlar oyun oynayırlar. Demokratik cəmiyyətdən, demokratik islahatlardan yayınmaq üçün hər şey edirlər. Guya bunlar korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparırlar. Belə “guya”ların sayı çoxdu. Bunlar bütün beynəlxalq təşkilatlara söz veriblər ki, demokratik cəmiyyət quracaqlar. Hamısı boş söhbətlərdi, qətiyyən buna inanmıram. Amma bir ziyalı kimi beynəlxalq təşktlatların da səmimiyyətinə o qədər də inanmıram. Çünki beynəlxalq təşkilatlar özlərini Azərbaycanda kifayət qədər pis vəziyyətdə qoyan bəyanatlarla çıxış ediblər. Hesab edirəm ki, burda hakimiyyətin mənbəyi yalnız Azərbaycan xalqı olduğuna görə xalqla işlənilməlidir. Xalq son nəticədə sözünü deməlidir. Ancaq Ilham Əliyevin namizədliyini irəli sürüb-sürməyəcəyi barədə mübahisə etmək, yaxud hansısa beynəlxalq təşkilatın nəyisə düz, ya səhv deməsini müzakirə etmək vaxt oynatmasıdı və xalqı aldatmaqdan başqa heç nə deyil. Xalqın özü ilə işləmək lazımdı.

Əli Əhmədovla debata hazıram

– YAP rəhbərliyində təmsil olunanlar müxalifəti debata çağırır. Siz belə debatlarda iştirak etməyə hazırsınızmı və qarşı tərəfdən kimi dəvət edib, hansı mövzuları müzakirə etmək istərdiniz?
– Həmişə debatda olmuşam və ağıllı, normal debatı da xoşlayan insanam. Qarşı tərəfdə olanların çoxunu tanıyıram. Əli Əhmədovla birliklə universitetdə işləmişik. Düşünmürəm ki, biz Əli Əhmədovla oturub nəyisə müzakirə etsək, orda son nəticədə təmas nöqtəsi tapmayaq. Özünü dəli yerinə qoyan adamlarla yox, ağlı başında olan hər bir insanla debata girməyə hazıram. Debat, diskussiya həqiqətin meydana gəldiyi arenadı. Ora getməmək sadəcə olaran sadəlövhlük olardı.

– Dünyada baş verən hadisələr Azərbaycanın sərhəddinə yaxınlaşır. Amma Tunis, Misir, Liviyada baş verənlər Azərbaycan hakimiyyətini tərpətmədi. Bunlar nəyə arxayındı?
– Demək olmaz ki, tərpətmədi. Bunlar təlaş içindədirlər. Arada rüşvətxorluğa qarşı guya mübarizə başladı. Bu da Ictimai Palatanın təpkisi idi. Bu yaxınlarda Türkiyə ilə çox böyük saziş imzalandı. Bunların heç biri elə-belə deyil. Hakimiyyət də məcbur olur müəyyən güzəştə gedir.

Baxsınlar Mübarəkə, Qəzzafiyə

– Dünyadakı proseslərdə iki təcrübə müşahidə olunur. Birincisi, Yunanıstan və Italiya nümunəsidi. Iqtisadi və sosial problemlər baş qaldırdıqda hökumətlər istefa verdi. Ikinci nümunə ərəb ölkələridi. Bu ölkələrdə hakimiyyət dirəniş göstərib xalq üsyanlarını qanla boğmaq yolunu tutdu.
– Dəfələrlə demişəm ki, bəşər cəmiyyəti yaranandan insanlar sosial rifah axtarıblar. Sosial rifah olan dövlət normal hesab edilir. Sosial rifah dövlətləri Isveç, Norveçdi. Dövlətlərdə sosializmin elementləri çox böyükdü. Əsas məqsəd sosial rifahın, sosial ədalətin bərpasıdı. Hər bir cəmiyyətdə o sosial ədalət axtarışı var. Liviyada bir nəfər 200 milyard mənimsəyib, ancaq qalanlarının 200 dolları da yoxdu. O mənada qeyri-bərabərlik bu insanları inqilaba məcbur edir. Italiyanın, Fransanın öz problemləri var. Dövlət xeyli varlanır, ancaq sosial ədalət, rifah ona nisbətən daha zəifdi. Çünki ictimai, iqtisadi münasibətlər daha intensiv inkişaf edir. Amma sosial münasibətlər geri qalır. Azərbaycanda olan narazılığın əsas səbəblərindən biri isə budur ki, ölkə varlandıqca insanlar kasıblaşır. Paradoks budu. Azərbaycana neft pulları gəlir. Bəziləri milyardlar qazanır, digərləri bunu hiss etmir. Eyni zamanda ölkə idarəolunmaz hala gətirilib. Bu iqtidarın içində normal, ağlı başında olan şəxs yoxdu ki, Bakı şəhəri icra hakimiyyətinin başçısı olsun. Ora normal bir adam qoymaq lazımdı. Yağış yağan kimi insanların evini su basır, şəhərdə bir yerdən başqa yerə getmək böyük çətinlik yaradır. Azərbaycanda bu dəqiqə çox böyük ictimai psixoz var. Ailədə də, küçədə də, iş yerində də. Ictimai psixoz şəratində yaşayan insanların sonu ona gətirib çıxarır ki, onlar hər şeyə tüpürərək dağıdıb qırmağa çalışırlar. Bundan çəkindirmək üçün deyirik ki, normal siyasət yürüdün. Bu insanlar sonda hər şeyi çevirməsin. Biz “demokratiyaya keçidin yol xəritəsi”ni hazırlamışıq. Məqsəd budur ki, baxın, ölkəni bu günə qoymusunuz. Ola bilsin hansısa şərt xoşunuza gəlməyəcək, hansınınsa üstündə işləmək lazımdı. Ancaq gəlin oturaq, müzakirə edək. Ancaq bunlar ümumiyyətlə reaksiya da vermir ki, guya heç belə şey yoxdu. Çünki özlərini son dərəcə güclü sayırlar. Mənəviyyatları yoxdu. Intellektual cəhətdən o gücdə olmaqları mümkün deyil. Özlərini güclü sayırlar, çünki əllərində hakimiyyət və pul var. Korrupsiya və rüşvət hesabına yığılmış xeyli vəsaitləri var. Ancaq baxsınlar Mübarəkə, Qəzzafiyə. Bu milyardlar son nəticə olaraq onların qurtara bilmədi. Bizim də ziyalı olaraq, Ictimai Palata olaraq cəmiyyətə çağırışımız ondan ibarətdir ki, bu insanları radikallaşdırmayaq.
Sabah radikallaşmış insanların, kütlə halına çevrilmiş xalqın qarşısında nə heç bir ziyalı, nə də Ictimai Palata dura biləcək.

Fizzə Heydərli