Saleh özünə 90 gün vaxt qoydu

Yəmən rəhbəri 3 ay ərzində hakimiyyətdən gedəcəyini açıqlayıb

“Ərəb baharı”nın yaşandığı və hələ də gərginliyin davam etdiyi Yəməndə istefası tələb olunan Əli Abdulla Saleh hakimiyyətdən gedəcəyinə dair növbəti bəyanat səsləndirib. O, müxalifətlə hakimiyyətin ötürülməsi ilə bağlı razılaşmadan sonra 90 gün ərzində istefaya getməyə hazır olduğunu bəyan edib.

Saleh bildirib ki, razılaşma əldə olunduqdan və ratifikasiya edildikdən, hakimiyyətin ötürülməsi mexanizmi və seçkilərin vaxtı müəyyənləşdirildikdən sonra səlahiyyətlərindən imtina edəcək. O, prosesin maksimum 90 gün vaxt aparacağını da vurğulayıb. Salehin dərhal istefasını tələb edən Yəmən müxalifəti isə onun növbədənkənar seçkilərədək hakimiyyətdə qalmaq üçün vaxt uzatmağa çalışdığı qənaətindədir.

Əlavə edək ki, 32 ildir Yəmən rəhbəri postunu tutan Salehi istefaya Fars körfəzi ərəb ölkələrinin əməkdaşlıq Şurası çağırıb. Bundan başqa, BMT Təhlükəsizlik Şurası da analoji çağırışı əks etdirən qətnamə qəbul edib. Ekspertlərin fikrincə, hakim partiya və müxalifət ümumi razılığıa gələ və hakimiyyətin ötürülməsi mexanizmiylə bağlı razılıq əldə edə bilərlər.

Yaxın Şərq və Şimali Afrika ölkələrini bürüyən üsyan dalğası Yəməndə bu ilin yanvarından başlanıb. Nümayişçilər 32 ildir ölkə başçısı postunu tutan Əli Abdulla Salehin istefasını tələb edirlər. O, isə etirazları polis və ordunun gücü ilə yatırmağa çalışıb. Yəmən Silahlı Qüvvələrinin bir neçə bölməsi müxalifətin tərəfinə keçib və hakimiyyət uğrunda mübarizə tədricən silahlı xarakter almağa başlayıb. İyulun 3-də məscidin atəşə tutulması nəticəsində Saleh ağır yaralansa da, Səudiyyə Ərəbistanında müalicə aldıqdan sonrə yenidən ölkəsinə qayıdıb.