Rep üstündə “Leyli-Məcnun”

Elşad Xose Məcnun, Natəvan Həbibi Leyli olacaq

Nizami Gəncəvinin «Leyli və Məcnun» poeması əsasında müzikl hazırlanır. Müzikl hip-hop janrında olacaq. Ancaq burda müxtəlif musiqi janrlarından, o cümlədən muğamdan, meyxandan  istifadə olunacaq. Bəstəkar Murad Quliyevdir. Məcnun rep oxuyacaq, Leyli R&B, yəni ritm və blyuz. Leyli Natəvan Həbibidir, Məcnun Elşad Xose.
Elşad Xose “Azadlıq” radiosuna etiraf edib ki, özünü Məcnun rolunda çətinliklə görür: “Rejissorun qoyduğu vəzifəni bir qədər icra edə bilmirəm. Onun istəyi başqadır, o Məcnunu başqa cür görür, mənim də xasiyyətimə bu uyğun deyil. O Məcnunu bir az utancaq, vəhşiləşmiş, uzun müddət heyvanlarla yaşamış biri kimi, belə də… Allaha, ilahiyyata bağlı, dünyadan uzaq olan bir personaj kimi görür. Mənə bir az uzaqdır. Mənə bir az uyğun gəlmir. Amma yenə də obrazdır, çalışıb canlandıracağıq…”.
Elşad Xose bildirib ki, bu, “Leyli-Məcnuna” müasir baxışdır. Həm də cavanları klassikamıza meylləndirməkdir. “Nə qədər klassik mövzu olsa da, müasir formada təqdimatı daha maraqlı olardı. Amma mətni olduğu kimi saxlayacağıq…”, deyə Xose əlavə edib.
Tamaşanın rejissoru İradə Saya Gözəlova da bu fikirdədir: “Əsas məqsəd cavanların ürəyinə yol tapmaqdır. Onların marağını çəkən yolla. Onlar repi, müasir musiqini sevirlər… Biz fikirləşdik ki, dahi Nizamini bu yolla çatdıra bilərik. Məncə alınacaq”.
Tamaşada Leyli və Məcnundan başqa bir sevgi cütlüyü də var: Zeydlə Zeynəb. Onlar Leyli və Məcnunun dostları, yaxud müasiri deyillər. Onlar XXI əsrin uşaqlarıdır. Elə əslində əsərin qəhrəmanı da onlardır. Zeynəb sevir, Zeyd eşqə-filana inanmır.
Rejissor deyib ki, bu, iki dünyanın toqquşmasıdır. Leyli ilə Məcnun o cavanlara, Zeydlə Zeynəbə kömək edəcəklər ki, əsl sevgini anlasınlar. Mənim çağırışım budur ki, əsl sevgi özünü qurban etməkdir, bir-birindən istifadə etməməkdir.
İki aydır başlayan məşqlər Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında və Mahnı Teatrında gedir.
Filarmoniyada tamaşanın rəqsləri məşq olunur. Rəqslərə quruluş vermək üçün ABŞ-dan xoreoqraf dəvət olunub.