Ekspertlər Əsəd rejiminə diaqnoz qoydu

Elxan Şahinoğlu: «Yaxın zamanlarda Ərəb Dövlətləri Liqası ölkələri Suriya ilə diplomatik əlaqələri kəsəcək»

Sülhəddin Əkbər: «Suriyaya qarşı addımlar diktatura rejimi üçün sonun başlanğıcıdır»

Ərəb Dövlətləri Liqasının Suriyanı qurumdan çıxarmasından sonra bu ölkədəki Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı səfirliklərinə hücum təşkil olunub. B.Əsədəin tərəfdarları paytaxt Dəməşqdə Qətər və Səudiyyə Ərəbistanı səfirliklərini işğal edərək talayıblar. Səfirliklərlə yanaşı Türkiyənin Hələb və Lazkiyədəki konsulluqları da hücuma məruz qalıb. Lazkiyədə Fransa konsulluğuna da basqın olub. Türkiyə baş verənlərlə əlaqədar artıq Suriyaya nota verib və səfirlik işçilərini ailələrilə birlikdə Dəməşqdən çıxarıb. Bəs görəsən Suriyanın qonşuları ilə münasibətləri bu dərəcədə gərginləşdirməsi ona nə vəd edir?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Suriya paytaxtındakı xarici ölkələrin səfirliklərinə hücumlar Əsəd rejiminin artıq məntiqlə hərəkət etmədiyini göstərir. Heç şübhəsiz, bu cür addımların Əsəd rejiminin sonunu yaxınlaşdırdığını deyən ekspert vurğuladı ki, Əsədin atdığı addımlar hər ötən gün daha da aqressivləşir: “Əsəd rejimi aqoniya içərisindədir. Qərbin sanksiyalarıyla üzləşən Suriya, Türkiyənin də təpkilərinə məruz qalır. Bütün bunların fonunda yalnız Əsədin ümid etdiyi təşkilat Ərəb Dövlətləri Liqası idi. Amma Ərəb Dövlətləri Liqasının təmsilçiləri ilə görüşlərində Əsədin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, əksinə qırğınları daha da artırması Dəməşqin təşkilatdan çıxarılması ilə nəticələndi. Düşünürəm ki, bundan sonra Suriyanın da son aqressiv hərəkətlərinin fonunda Ərəb Dövlətləri Liqasına daxil olan ölkələr Suriya ilə diplomatik əlaqələri kəsəcəklər. Bu isə Əsəd rejiminə yaxşı heç nə vəd etmir”.

Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbərin fikrincə, Suriyada hazırda cərəyan edən prosesləri Liviyadakı hadisələrlə müqayisə etsək, görərik ki, Əsəd rejiminin də aqibəti barədə qərar qəbul olunub. BMT Təhlükəsizlik Şurasının Liviya haqqında kəskin qərarı məhz Ərəb Dövlətləri Liqasının mövqeyindən sonra açıqladığını xatırladan S.Əkbər vurğuladı ki, bundan başqa, hazırda Suriyada da müxalifət Liviyadakı kimi birlik formatı ortaya qoyub: “Bütün proseslər ona işarə edir ki, Suriyaya qarşı addımlar diktatura rejimi üçün sonun başlanğıcıdır. Artıq həm Ərəb Dövlətləri Liqası, həm də Türkiyə Suriya müxalifətinin liderləri ilə əlaqə saxlayırlar. Eyni zamanda proseslərdə ABŞ, NATO və Avropa Birliyi də dolayısı ilə iştirak edir. Artıq bütün tərəflər Bəşər Əsəddən sonrakı dövrü müzakirə edirlər. Bəşər Əsəd qərar verməlidir. Yoxsa onun və ailəsinin sonluğu olduqca faciəvi yekunlaşa bilər”.

Xəyal