Dünya sivil inkişaf axarına düşəndə bu qeydiyyat məsələsini ona görə düşünüb ortaya çıxarıblar ki, insanların həyatı asanlaşsın. Məsələn, bir ərazidə yaşayan əhali qrupları məskunlaşdığı yer üzrə rahat siyahıya alınsın və koordinasiya edilsin. Zaman keçdikcə bu məsələnin mahiyyəti xeyli şaxələnib və dərinləşib. Qeydiyyat işləri insanlarla bağlı fəaliyyətləri də əhatə etməyə başlayıb. Amma yüzillər keçsə də, bu formal məsələnin məğzi dəyişməyib. Mahiyyət ümumilikdə cəmiyyətə yardım etmək, gündəlik yaşam şərtlərini istiqamətləndirmək, yüngülləşdirmək olaraq qalıb.
Indi kimsə izah edə bilərmi, bir ölkədə insanın fəaliyyət istiqamətinin azad şəkildə ifadə olunmasına hansı əsasla əngəl yaradılır? Insanların qanun çərçivəsində təmsil olunduğu hər hansı təşkilata niyə qadağa qoyulsun ki? Niyə 26 illik tarixi olan bir partiyanın qeydiyyatını yeniləmək məsələsi böyük problemə çevrilib, insanların vaxtını, əsəblərini və enercisini almalıdır axı? Hansı əsasla? Niyə hər kəsə gün kimi aydın olan bir məsələni bu qədər eybəcər şəkildə qalmaqal müstəvisinə çəkib özlərini rəzil etməyə həvəslidir bu adamlar? Deyəsən bunlar indi dalanlara “islanmışın yağışdan nə qorxusu” məntiqi ilə girirlər. Getdikləri qədər getsinlər təbii, baxaq divar qurtarandan sonra hara gedəcəklər?..
Bəzən düşünürəm ki, bəlkə insanların bu ölkədə baş verənlərdən heç xəbəri yoxdur? Varsa, bu qədər görməzlik və biganəlik nəyin əlamətidir? Bu ölkənin problemi tək bizim partiyanın qeydiyyatı deyil axı. Artıq bütünlükdə ölkə insanının başına dar edilmiş bir məmləkətdə yaşayırıq. Biz bu ölkədə sürgün edilmiş, haqqı əlindən alınmış, azadlıqları tapdanmış bir xalq statusundayıq artıq. Artıq bu hökumətə xalq lazım deyil. Bu hökumətə oyunlar, yarışlar, əyləncələr, reklamlar, gözqamaşdıran təbliğat rolikləri lazımdır. Insanların haqqından kəsilən milyonlarla daha parlaq görünmək, daha şıq yerimək, daha ədalı şəkildə səhnəyə çıxmaq maraqlandırır artıq onları. “Xalqın canı cəhənnəmə” əzbəri var. Inkar etsəniz də, etməsəniz də, bu belədir. Siz daha rayon qeydiyyatı olan maşınlarınızla şəhərə buraxılmayan bir ölkənin alçaldılmış vətəndaşlarısınız. Əliniz yansa, Bakıya çatdırılacaq ağır xəstəniz olsa belə, çarə sizlikdir. Öz yolunuzu özünüz seçin artıq…
Bəli, bu ölkədə hüquqsuz, kimliksiz, qeydiyyatsız kimi yaşayırıq hamımız, əslində. Bunu öz timsalımda daha açıq şəkildə hiss edə bilirəm. Mən sənədə görə rəsmi olaraq Qarabağ müharibəsində işğal olunmuş rayonların birində qeydiyyatdayam. Amma indi nə ora getmək imkanım var, nə də ordan hər hansı qeydiyyat arayışı almaq imkanım. Çünki o ünvanın bir sürü işğalçının əlində olduğunu hamı bilir. Lakin ortada bir qanunsuz işğal varsa, bu o demək deyil ki, mən haqqımın zorən əlimdən alınması faktı ilə barışıb, öz halal haqqımdan imtina edəcəyəm. Indi Ədliyyə Nazirliyi də bizim partiyanın qeydiyyat məsələsinə eyni münasibəti göstərir. Sizcə, aradakı fərq nədir? Mənə görə, böyük bir fərq yox. Ağlı başında olan və korluğu olmayan hər kəs görür ki, artıq bu ölkə bütünlükdə işğal olunmuş durumdadır. Bizimlə istədikləri kimi davrana bilirlərsə, istədikləri mürtəce qaydaları heç bir əngəl olmadan həyata keçirirlərsə, “rayon adamı” etiketi altında ölkə vətəndaşlarının paytaxta girişinə belə yasaq qoymağa cürət tapırlarsa, bunun adı işğaldan başqa bir şey deyil. Hər kəs bu ölkədə hansı statusda yaşadığını da artıq özü müəyyən etsin…