Akademiklərdən Ramiz Mehdiyevə möhtəşəm zərbə

Bu yazının necə də həsrətindəydim, Ilahi! Həmkarlarının Rafiq Əliyevin əleyhinə məqalələr yazacağını, onu səviyyəsiz, başıpozuq alim kimi xarakterizə edəcəklərini, bir bilsəniz, necə gözləyirdim! Hətta ötən yazımızda anonsunu da vermişdim.

Ilham Əliyevin təfəkkürünə, Ramiz Mehdiyevin təzyiq üsullarına bələdəm axı! Necə olar ki, Rafiq Əliyevi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndiylə işdən qovsunlar, ancaq əleyhinə həmkarları məqalə yazmasın. Ola bilməz, axı! 37-ci ildən üzü bəri gələn bir təfəkkürdür, Ramiz Mehdiyev sıravi elmi işçidə sədaqətlə əməl etdiyi bu “elmi-fəlsəfi metodu” Rafiq Əliyevdə tətbiq etməzdimi?
Akademiklər Telman Əliyev və Fikrət Əliyev, müxbir üzvlər Rasim Əliquliyev və Ağasi Məlikov sağ olsunlar, çox intizarda qoymadılar, dördü birləşib, gözlədiyimdən də möhtəşəm bir məqalə yazdılar. Bu məqaləni oxuyandan sonra sevincimin həddi-hüdudu olmadı. Çünki alimlər gələcəyin anonsunu verdilər. Bir anlıq təsəvvür etdim ki, mahiyyət etibarilə bunlardan fərqlənməyən insanlar Ramiz Mehdiyev haqqında nələr yazacaqlar, nələr!
Üçü institut direktoru olan bu dörd alim, dörd ziyalı həmkarları Rafiq Əliyevin 1989-cu ildə AMEA-nın müxbir üzvlüyünə seçilməsini Əbdürrəhman Vəzirovun yerlibazlığı, qarabağlıların “meydan sulaması” kimi təsnif edirlər. Görürsünüzmü? Ramiz Mehdiyevin 2007-ci ildə müxbir üzv olmadan, birdən-birə akademik seçilməsinə bunların cavabı indidən hazırdı: deyəcəklər ki, naxçıvanlılar hakimiyyətdə idi və Ramiz Mehdiyev öz siyasi postundan sui-istifadə edərək müxbir üzv olmadan akademik seçildi. Sizcə, Rafiq Əliyevin müxbir üzv seçilməsini Ə.Vəzirovun tapşırığıyla bağlayanlar Ramiz Mehdiyevin seçkisini onun vəzifəsilə əlaqələndirməyəcəklər?
Akademiklər yazırlar ki, dünyanın heç bir yerində Rafiq Əliyev yaşda adam kafedra müdiri deyil? Necə gözəl yazırlar, qələmlərindən necə də nur tökülür! Həmin məqaləyə imza atan akademik Telman Əliyevin özünün 76 yaşı var və Memarlıq və Inşaat Universitetində Informasiya texnologiyaları və sistemləri kafedrasının müdiri, AMEA Kibernetika Institutunun direktorudur. Ramiz Mehdiyev isə AMEA Ictimai-siyasi tədqiqatlar və informasiya Institutunda şöbə müdiri işləyir. Təsəvvür etdinizmi? Görün, Ramiz Mehdiyevi nə günə qoyacaqlar, yazacaqlar ki, dünyanın harasında görünüb, böyük bir siyasi post tutasan, özün də 74 yaşında Akademiyada şöbə müdirliyini əldən verməyəsən, belə biabırçılıq olar?
Bu alimlər həm də Azərbayjan elminin nə gündə olduğunu bir daha görüntülədilər. Məqalə müəllifləri yazır ki, Rafiq Əliyevin rəhbəri olduğu Avtomatlaşdırılmış idarə sistemləri… kafedrasının adı çoxdan köhnəlib, hazırkı kompüter əsrində belə köhnəlmiş ad ayıbdır.
Düz sözə nə deyəsən!? Bəs, bu kafedranın adı niyə dəyişdirilməyib indiyə qədər? Rafiq Əliyev işdən çıxarılandan sonra kafedranın adı dəyişdirildi, yoxsa ləğv olundu? Axı, hazırkı “kompüter əsrində” ADNA rektoru akademik Siyavuş Qarayev bu elmin içinə niyə zibil qoyur, niyə kafedranı müasirləşdirmir?
Siyavuş Qarayevin dalıyca Azərbaycanın elm xadimlərinin nələr deyəcəyini təsəvvür etdinizmi?
Hələ onu demirəm ki, akademiklər Rafiq Əliyevi az qala Qarabağı ermənilərə verməkdə suçlayırlar. “Əbdürrəhman Vəzirov, Rafiq Əliyev və digər qarabağlılar” Dağlıq Qarabağın ermənilərə verilməsi üçün ölkə daxilində psixoloji hazırlıq aparılmasına rəhbərlik etməliymiş, sən deməyəsən. Qarabağlılara böyük bir nifrət və təhqirlə yazılan bu yazının məntiqi nəticəsi nədir?
Odur ki, həmin bu akademiklər və ya bunlardan mahiyyət etibarilə fərqlənməyən böyük-böyük alimlər Ramiz Mehdiyev haqqında da yazacaqlar ki, illərlə hakimiyyətdə olan naxçıvanlılar Qarabağı xalqın yaddaşından silmək üçün hər şey etdilər, qaçqın şəhərcikləri tikməklə qarabağlıları torpaqlarından ayırdılar. Inanmırsınız?
25 yaşında elmlər namizədi, 33 yaşında elmlər doktoru olan, dünyanın ən nüfuzlu alimlərindən sayılan Rafiq Əliyevi “istedadsız”, “qabiliyyətsiz” kimi təqdim edən bu “dördlük” 40 yaşında elmlər namizədi olan, 70 yaşın astanasında birdən-birə akademikliyə yüksələn Ramiz Mehdiyevin “elmi uğurlarını” futbol topu kimi çiləməyəcəklərmi? Qarabağı ermənilərə verməkdə “qarabağlıları” suçlayanlar “naxçıvanlıları” divara dirəməyəcəklərmi?
Budur Ilham Əliyevin ölkədə əkdiyi toxum!
Budur akademik Ramiz Mehdiyevin idarə etdiyi Azərbaycan elmi, Azərbaycan alimləri! Elmimizin gününü, alimlərimizin təfəkkürünü görürsünüzmü?
Qazana tökdükləri qaşıqlarına çıxacaq, inşallah! Bir gün Ilham Əliyevin və Ramiz Mehdiyevin dövləti və elmi xəyanətlərini elə bu alimlərin qələmindən oxusanız, qətiyyən təəccüblənməyin.