Diplomatiyamızda ayətullah boşluğu

Fikir vermisinizsə, həmişə belə olur: məsələn, ABŞ Konqresində biri çıxır, bizim hakimiyyət barədə güldən ağır söz deyir, bu sözün əks-sədası qulağımızdan çəkilməmiş bir başqa konqresmen durur, Ilham Əliyevə tərif oxuyur, məlum olur ki, burda nazirləri delfin saxladığı kimi, özləri də okeanın tayında konqresmen saxlayırlar.

Ya da AŞ PA-da bir deputat durur bunların iç üzünü açan, maskasını yırtan bir açıqlama yayır, ertəsi gün elə AŞ PA-nın özündən onun üstünə beş-altı deputat salırlar. Məlum olur ki, bunlar AŞ PA-da da fəzail ağamalılar, siyavuş novruzovlar saxlayırlar, bəsləyirlər.
Hansısa bir Qərb qəzeti bunları yıxıb-sürüyən bir məqalə dərc etdirir, o məqalənin mürəkkəbi qurumamış beş qəzetdə özləri barədə mədhiyyələr, tərifnamələr dərc etdirirlər. Məlum olur ki, bunların Qərbdə də öz “Azərbaycan”lar, “Xalq”, “Səs” qəzetləri var.
Amma aylardır Iranda ayətullahlar bir-birinin ağzına tüpürübmüş kimi bunların hakimiyyətinin ünvanına döşəyirlər, amma hələ bir iranlı ayətullah görmədim, çıxıb onların cavabını versin, deyilənləri “yalan”, “şər”, “böhtan” adlandırsın.
Istər-istəməz heyrətlənir adam: Belə səhvi necə buraxıb bunlar?  Xeyir ola, nə əcəb bunların ağlına Iranda ayətullah saxlamaq gəlməyib indiyəcən?
Abel Məhərrəmov özünü necə “yandırdı”?
Dünən BDU-nun rektoru Abel Məhərrəmovun Rafiq Əliyevin kafedra müdirliyindən uzaqlaşdırılmasına dair açıqlamasını oxudum, ləzzət elədi. Deyir ki, hazırda Bakı Dövlət Universitetində 300-dən çox professor, 30-a yaxın akademik, 14 deputat var, amma onların heç biri “dövlət əleyhinə forumlarla, çağırışlarla məşğul olmurlar”.
Bu, birbaşa ADNA-nın rektoru Siyavuş Qarayevə ilişməkdir, onun yarıtmazlığına eyham vurmaqdır. “Sən necə rektorsan ki, sənin professorun, kafedra müdirin hakimiyyətə qarşı çıxır” deməkdir.
Eyni zamanda BDU-nun o qədər professorunu, akademikini aşağılamaqdır. Abel müəllim demək istəyir ki, başqa rektor-mektorlar da mənə baxıb dərs almalıdırlar, görürsünüz, məndən icazəsiz BDU-nun bir professorunun, akademikinin ağzı nədir hakimiyyət haqqında güldən ağır söz desin. Əgər BDU-da həqiqətən də professorlar, akademiklər varsa, Abel Məhərrəmovun onlara bu cür aşağılayıcı münasibətinə dözməməlidirlər, dözəcəklərsə, deməli, BDU rektoru nə deyibsə, az deyib, ordakılar daha artığına layiqdir.
Məhərrəmov açıqlamasında daha bir “gül” vurub, deyib ki, “Bu yaxınlarda Bakı Dövlət Universitetinin alimləri və ağsaqqallarının Rafiq Əlyevlə bağlı müraciəti olacaq. Müraciət ondan ibarətdir ki, bəzi alimlər və ziyalılar yığışaraq müxtəlif forumlar keçirir və müraciətlər qəbul edirlər. Bilmək lazımdır ki, Azərbaycan inkişaf edir və ölkəyə sabitlik gərəkdir. Bu sabitliyin qorunması üçün hər kəs öz dəstəyini əsirgəməməlidir. Azərbaycan həmçinin, müharibə şəraitində yaşayır”.
Biz onsuz da bu cür müraciətlərin lap Sovet dövründə olduğu kimi, yuxarıların düyməyə basması ilə, sifarişlə, hakimiyyətin diqtəsi ilə hazırlandığını bilirik, burada onsuz da elə bir yenilik yoxdur.
Amma məncə, Abel Məhərrəmov həmin müraciəti indidən deşifrə etməklə yaxşı iş görməyib. Ən azı özünü ifşa edib, müraciətin sifarişlə, diqtə ilə hazırlandığını bəri başdan açıq-aydın ortaya qoyub. Əks halda soruşmaq lazımdır: kimlərsə könüllü, ürəkdən gələn bir müraciət hazırlayırsa, bundan sən necə xəbər tutmusan? Yaxşı, deyək ki, müraciət hazırlandığından xəbərin var, bəs onun içini, məzmununu bu qədər dəqiqliklə hardan bilirsən? 
Kar və kərən
“Narahat olmayın, ulu öndər elə bir sistem yaradıb ki, bu hələ 40 il də gedəcək” – bu əyləncəli şərhi dünən saytların birində Rəsul Quliyevin bloqçuluğa başlaması barədə xəbərin altında oxudum. Adam heyrətlənir ki, ölkəmizdə necə nadir nüsxələr yaşayır.
Təsəvvür edin, bir informasiya saytına daxil olub hansısa xəbərə şərh yazır, Azərbaycandakı bu çirkin idarəetmə sisteminin hələ 40 il də davam edəcəyini sevinclə hamıya bəyan edirsən, amma elə həmin saytdaca dünyada 40 il davam edən oxşar sistemlərin necə rəzilcəsinə çökdüyü barədə üst-üstə qalaqlanmış xəbərlərin sənə heç bir isti-soyuğu yoxdur.
Mənim burda yadıma kar və kərən haqqında məşhur atalar sözü düşür, amma camaatın ana-bacısı var deyə yazmıram.