Ucarda hüquq müdafiəçisi həbs edildi

Taleh Xasməmmədov rayondakı cinayətləri ifşa etməsinin güdazına getdi

“Huquq və qanun 2010” MMC hüquq təşkilatının sədri, hüquq müdafiəçisi Taleh Xasməmmədov Ucar rayon polis şöbəsi əməkdaşları tərəfindən həbs edilib. Bu barədə hüquq müdafiəçisinin anası Gülbuta Xasməmmədova məlumat verib.
G.Xasməmmədova bildirib ki, oğlu bir neçə gün əvvəl Ucar polisinə çağırılıb. Orada ona polisə müqavimət ittihamı irəli sürülüb: “Oğlum hüquq müdafiəçisidir, o heç vaxt polisə müqavimət göstərməz. Ona qarşı irəli sürülən ittihamlar böhtandır. Əldə etdiyimiz məlumata görə, polis şöbəsində bir neçə nəfəri onun üzünə qoyublar”.
G.Xasməmmədova bildirib ki, polis şöbəsində saxlanılan oğlu ilə görüşə imkan vermirlər: “Oğlumu vəkillə də təmin etməyiblər”.
Qeyd edək ki, T.Xasməmmədov bir qrup Ucar sakininin rayonda mütəşəkkil cinayətkar dəstə yaratması və müxtəlif cinayətlər törətməsini araşdırırdı. Hüquq müdafiəçisi Ucar hüquq-mühafizə orqanlarının həmin dəstənin fəaliyyətinə göz yumması və onları himayə etməsi barədə mətbuatda geniş məlumatlar yaymışdı. Bununla bağlı “Azadlıq” qəzetinin ötən sayında da geniş məqalə dərc olunmuşdu. Görünür, T.Xasməmmədovun həbsi məhz bu məlumatları mətbuata ötürməsi ilə bağlıdır.
T.Xasməmmədov, Azərbaycanda tutulan ikici hüquq müdafiəçisidir. Bu ilin mayında hüquq müdafiəçisi Vidadi Isgəndərli həbs edilmişdi. Göyçay Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilən V.Isgəndərlinin cinayət işində T.Xasməmmədovun adı şahid qismində keçirdi.