
Belçika polisi anti-terror reydləri nəticəsində 16 nəfəri həbs edib, amma Paris hücumlarında şübhəli bilinən yaraqlı Salah Abdeslam hələ də azadlıqdadır, hakimiyyət orqanları bildirib.
Belçikalı prokuror Eric van der Sypt mətbuat konfransında deyib ki, bazar günü Brüssel və Şarleruada ümumilikdə 22 reyd həyata keçirilib.
Polis Molenbeek-də əməliyyat zamanı bir maşına iki dəfə atəş açıb və sonradan həbs olunan bir şübhəli şəxsi yaralayıb.
Cənab van der Sypt bildirib ki, bazar günü axtarışları zamanı silah və ya partlayıcı maddələr tapılmayıb.
Noyabrın 13-də baş tutmuş Paris hücumları zamanı 130-dan artıq insan həlak olub və təxminən 350 nəfər xəsarət alıb.
Belçikanın baş naziri Charles Michelin sözlərinə görə, Brüsseldə ən yüksək səviyyəli həyəcan xəbərdarlığı davam edəcək. Universitetlər, məktəblər və şəhərin metro sistemi də qapalı qalacaq.
Parisdə 130 nəfərin ölümü ilə nəticələnmiş hücumda şübhəli bilinən Abdeslamın axtarışına görə, istirahət günlərində Brüssel ciddi izolyasiyada olub.
Cənab Michel jurnalistlərə bildirib ki, hakimiyyət “Paris hücumlarına bənzər, bir neçə məntəqədə eyni zamanda bir neçə hücumun baş verə biləcəyindən” ehtiyat edir.
Bundan öncə, Belçika daxili işlər naziri Jan Jambon Belçikaya olan təhlükənin tək Abdeslamla əlaqələndirilmədiyini demişdi.
İstirahət günlərində Brüsseldə əsgərlər polis patrullarına qoşulublar. Əhali rəsmi xəbərdarlıqlara qulaq asdığı üçün, adətən, səs-küylü paytaxtda bir çox ictimai yerlər boş olub.
Parisdə özünü partladan Brahim Abdeslam və axtarışda olan şübhəli Salah Abdeslamın qardaşı Məhəmməd Abdeslam Belçika televiziyasına müsahibə verərək, qaçaq qardaşını təslim olmağa çağırıb.
Belçika rəsmiləri indiyə qədər Paris hücumları ilə əlaqədar üç nəfəri həbs ediblər. Hadisəyə görə İD məsuliyyəti üzərinə götürüb.
Fransa mətbuatının bildirdiyinə görə, hücumlar doqquz silahlı tərəfindən həyata keçirilib və onlardan yeddisi cümə gecəsi ölüb.