Milli Şuranın sədri, professor Cəmil Həsənli Suriyada türkmənlərə qarşı baş verənlərdən yazıb. Cəmil Həsənli özünün Facebook səhifəsində yazır:
“Dostlar! Suriyada baş verən olaylar bu ölkədə yaşayan türkmənlərin məhv edilməsi ilə nəticələnir. Çox ağır və acınacaqlı durum yaranıb. İŞİD-ə qarşı mübarizə adı altında aparılan hərbi əməliyyatlar Suriya Türkmənlərinin yox edilmə təhlükəsini doğurmuşdur. Rusiya təyyarələrinin bombardmanları , Əsəd qüvvələrinin hücumları Bayır Bucaq, Qızıldağ bölgəsində təhlükəli durum yaratmışdır, bütövlükdə Türkmən dağı bölgəsində yaşayan 25 mindən çox türk əhalisi ev-eşiyini tərk edərək ətraf dağlara çəkilmişdi. Əhalinin başına tökülən qəfil bombalar dinc əhali, uşaqlar və yaşlılar arasında böyük tələfata səbəb olmuşdur. Suriyanın türk əhalisi qətliam təhlükəsi ilə üzləşmişdir. Onlar hələ ki, nə Türkiyədən, nə də ayrı bir ölkədən effektli yardım ala bilmirlər. Suriyada türk varlığının təmsilçiləri olan Türkmənlərin belə ümidsiz duruma düşməsi ciddi narahatlıq yaradır. Bu qətliam əməlində həyatını itirmiş Türkmən qardaş və bacılarımıza, günahsız uşaqlara, ixtiyar insanlara Allahın rəhmətini diləyir, köməksiz vəziyyətə düşmüş bu insanların yox edilməsi siyasətini pisləyirik”.