TAP konsorsiumu ləğv edilə bilər

TAP

 Proyektin reallaşmasına siyasi səbəblər, çoxsaylı icazələrin alınması əngəl yaradır 

Nemət Əliyev: «Proyektlə bağlı problem Azərbaycanın qaz gəlirlərinin aşağı düşməsinə səbəb ola bilər»

Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Transadriatik Qaz Kəməri (TAP) layihəsinin reallaşması perspektivləri ilə bağlı ciddi risklərin olduğu açıqlanıb. Bu barədə TAP konsorsiumunun maliyyə auditi hesabatında göstərilir. Konsorsiumun auditini “Deloitte” şirkəti aparıb.

 

Hesabatda göstərilir ki, layihənin qarşısında siyasi səbəblərdən, çoxsaylı icazələrin alınmasından, hansısa gözlənilməz hadisələrdən və ya geoloji risklərdən qaynaqlanan potensial problemlər dayanır. Əgər bu əngəlləri vaxtında aradan qaldırmaq mümkün olmasa,ÿsəhmdarlar layihənin həyata keçirilməsinin mümkün olmadığı qənaətinə gələ bilərlər.

Konsorsium TAP kəmərinin tikintisinə 2016-cı il, mayın 16-da başlamağı planlaşdırır. “Şahdəniz-2″ qazını Avropa bazarına çıxaracaq bu kəmər Türkiyənin Yunanıstanla sərhədindən başlanğıc götürərək Italiyanın Leççe əyalətinin Melendugno bələdiyyyəsinin ərazisində yekunlaşmalıdır. Qarşıda böyük işlər durur, çünki 878 kilometr uzunluğunda boru xətti çəkmək lazımdır.

Audit hesabatında deyilir ki, layihə ilə bağlı investisiya layihəsinə problem yoxdur. Çünki Avropa Yenidənqurma və Inkişaf Bankı qitənin energetika təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb edən bu layihəni maliyyələşdirməyə hazırdır.

Bank artıq layihəni maliyyələşdirmək üçün 2 milyard avro kreditin ayrılmasına dair danışıqlara başlayıb.ÿBu, bankın tarixində ən iri kredit olacaq.

Lakin TAP-ın 2014-cü il büdcəsinə dair hesabat meqa-layihədə bəzi çatların olduğunu üzə çıxarıb. Belə ki, konsorsium ili 100 milyon avro ziyanla başa vurub. Tikintinin hələ başlamadığı nəzərə alınarsa, bu, normal hesab edilə bilər.

Ancaq bildirilir ki, vaxt TAP-ın əsas düşmənidir. Əsas səhmdarları BP, SOCAR, “Statoil”, “Fluxys”, ENAGAZ və “Axpo” olan bu konsorsiumun maliyyə auditinə dair hesabatda deyilir ki, layihə “zamanla dəyişə bilər bir sıra risklərlə qarşı-qarşıyadır”.

Bura siyasi və ya texniki problemlər daxildir. Həmin problemlər layihənin vaxtında həyata keçirilməsinə mane ola və xərclərin artmasına gətirib çıxara bilər.

“Nəticədə səhmdarlar konsorsiumu ləğv etmək qərarı verə bilərlər”- hesabatda belə deyilir. (virtualaz)

Iqtisadçı Nemət Əliyev bildirdi ki, neft gəlirlərinin kəskin aşağı düşdüyü bir dövrdə Azərbaycan hökumətinin diqqəti əsasən mavi yanacağın Avropa bazarlarına çıxarılmasına fokslaşıb. TAP və TANAP layihələrinin bu istiqamətdə əsas resurs sayıldığını deyən N.Əliyev bildirdi ki, TANAP ilkin mərhələdə Azərbaycan və Türkiyə ərazisindən keçir. Amma həmin yanacağın Avropaya çatdırılması üçün gərək, TAP layihəsi də reallaşsın: “Bu Azərbaycan qazının daha geniş bazarara çıxarılmasına imkan yaradacaq. Indi məlum olur ki, həmin TAP layihəsinin səhmdarları proyektin reallaşması istiqamətində əngəllərlə üzləşiblər. TAP-ın səhmdarlarının öz kapitallarını geri çəkmək barədə düşünməsi proyektin reallaşmasını təhlükə altına qoyur. Bu baxımdan Azərbaycan hökumətinin gözləntilərinin həyata vəsiqə almasını mümkünsüz edir. Proyektlə bağlı problem Azərbaycanın qaz gəlirlərinin aşağı düşməsinə səbəb ola bilər. Hazırkı dönəmdə bu çox vacibdir. Çünki neft gəlirləri sürətlə aşağı düşür. Qiymətlərin hətta 20 dollara düşəcəyi ilə bağlı ekspert rəyləri mövcuddur. Demək Azərbaycanın gəlirləri aşağı düşəcək. Onu da nəzərə almaq lazımdır ki, bu layihə ilə Azərbaycan həm öz qazını nəql etməyi nəzərdə tuturdu, həm də həmin kəmərlərin Azərbaycan ərazisindən keçməsi ölkəmizi enerci mərkəzinə çevirəcəkdi. Çünki gələcəkdə bu kəmərlərlə başqa ölkələrin də mavi yanacağı ötrülə bilərdi”.

N.Əliyev onu da bildirdi ki, Türkmənistan və Qazaxıstanın qaz resurslarının dəniz vasitəsilə Azərbaycana bizdən isə Avropaya çıxarılmasına böyük imkan var. Amma indi belə çıxır ki, o imkanların reallaşması mümkün deyil.

Xəyal