Biz insanlara təkcə narazı olduğuna görə tribuna versəydik, bəlkə indi elə bir hay-küy qalxardı ki, bu qovğada öz səsimiz də batardı. Lakin biz yalnız həqiqəti istəyirik. Bir də istəyirik ki, insanlar özlərini azad hiss edə bilsinlər. Belə ölkədə özünü azad hiss etmək nə qədər çətin olsa belə!..
Bu yazı üçün elə bir mövzu fikirləşmədim. Bir qədər improvizasiya etmək qərarına gəldim və bunu ona görə etdim ki, günün siyasi mövzusu məlumdur. Həmin mövzu ilə bağlı artıq yazmışam, təkrara elə bir ehtiyac yox. Ötən yazılarımda sovet dövrünün akademik mühitindən üç detal misal gətirmişdim. Qənaətim də bu olmuşdu ki, hətta sovetlər belə, ziyalılara, xüsusən elm adamlarına imkan və rejimin yol verə bildiyi çərçivələrdə həssas yanaşırdılar, onları incik salmaq istəmirdilər. Indi görün biz hansı sistemdə yaşayırıq? Amma bədbin olmaq üçün də əsas yoxdur. Bir fikrə bir daha qayıtmaq istəyirəm. Bəli, biz bir çox prosesləri dünyanın sürətilə tutuşdururuq və bizə elə gəlir ki, əgər dünyada hər şey bu cürdürsə, bizdə də belə olmalıdır. Lakin biz demokratiya yolunda təzəcə addımlamağı öyrənən uşaqlar kimiyik, yıxılırıq, dururuq, əllərimiz və qollarımız əzilir, amma yerimək, ayaq üstə durmaq əzmindəyik. Əsas da elə bu sonuncudur, əzmkarıq, qərarımız qətidir.
Bilirsiniz, çox şey mürəkkəbdir və formal məntiq çərçivələrinə sığmır. Bəli, təxminən 20 il bundan əvvəl bir demokratiya dalğası gəldi ölkəmizə. Fəqət, insanlar birdən-birə bu qədər böyük azadlığı həzm edə bilmədi, onu özününküləşdirməyi bacarmadı və dərk olundu ki, azadlıq məsələsində də bir tələb-təklif söhbəti var. Bu mənada mən ötən illəri faydasız hesab etmirəm. Bu illər düşünmək, daşınmaq və bir də yaxşıca götür-qoy etmək üçün lazım idi. Elə bir vaxt yetişməlidir ki, bir nəfər, iki nəfər deyil, hamı azadlığa can atsın, azadlıq yanğısı duyulsun. Bir neçə il bundan əvvəl baş verən proses mahiyyətcə aydındır: totalitarizmdən yenicə qurtulmuş insanda azadlığın yaratdığı boşluq vahimə oyadır. Dövlət nəzarətinin olmadığı bütün sferalar bu cür insanlara anarxiya kimi görünür, o, birdən-birə bu qədər boşluğu qəbul etmək, onu öz iradəsilə doldurmaq imkanında olmur və azadlıqdan qaçış baş verir.
Bəli, biz 20 il bundan əvvəl verilmiş azadlıqları qoruyub saxlaya bilmədik, zira onları özününküləşdirmək iqtidarında olmadıq. Indi həmin azadlığı qram-qram, hissə-hissə alırıq və güman ki, bu dəfə onun qədrini biləcəyik. Bu səbəbdən əminəm ki, bu dəfə azadlığın və demokratiyanın qələbəsi daha təminatlı olacaq, onu insanlardan geri almaq çox çətin olacaq. Ona görə də deyilən hər doğru söz qiymətlidir, vacibdir və ümumi işə xidmət edir. Geriləmələrə gəldikdə isə, bunlar tək Azərbaycanda olmadı.
Putin nə qədər gözləməli olacaq?
Çox az qalıb. Artıq gələn həftə Federasiya Şurası 2012-ci il üçün prezident seçkisinin vaxtını müəyyən edəcək. Bu, növbəti il mart ayının ilk həftəsində olacaq. Amma Putinin özündən soruşsan ki, nədən prezidentliyə qayıtmaq istəyirsən, çox güman ki, bir məntiqli cavab verə bilməz. Bütün avtoritarlar, yəni, avtoritar liderlər üçün həmişə vaxt azlıq edir. Amma siyasətçidə də bir temporal duyğu, zaman hissi olmalıdır. Görən niyə digər böyük siyasətçilər öz planlarını səkkiz ilə, uzağı on ilə sığışdıra bilirlər, amma diktatorlar bunu bacarmır? Məgər Putin Yeltsindən çox iş görmək istəyir? Ölkənin dramatik və həlledici dövrü məhz onun vaxtına təsadüf etdi, amma o, nəinki əlavə bir vaxt istəmədi, hətta vaxtından da tez getdi. R.Reyqan haqqında da zarafatla deyirlər ki, o, iki müddətlik prezidentliyi dövründə nəinki ölkə iqtisadiyyatını dirçəltdi, hətta sovet imperiyasının da axırına çıxdı!..
Beləliklə, cənab Putin heç bir halda öz qayıdışını ciddi şəkildə əsaslandıra bilməz. O, sadəcə, şəxsi ambisiyasını təmin etmək istəyir. Bəs cəmiyyət nə düşünür? Ruslar bir əsr bundan əvvəl baş vermiş inqilaba görə peşmançılıq çəkir. Rusların ictimai şüurunda Rusiya bir qadınla eyniləşdirilir. Onlar bu “qadın”a qarşı növbəti zorakılıq etmək istəmirlər – əsl Freyd kompleksidir!


