Arifoğlu Mahmudovu vəziyyətdən necə çıxarır?

ilham-rauf-mukafatYaxud baş redaktor bu dəfə baş şantajçı rolunda…

Rauf Arifoğlu yenə öz ampluasındadır. Deyəsən, indi də “adımı sənə qoyum” taktikasını seçib, bu istiqamətdə cızmaqaralar yazmaqla məşğuldur. Sanki 3-4 gün əvvəl vaxtilə Eldar Mahmudovun dəstəsilə əməkdaşlıqda, bu gün də həmin dəstənin maraqlarına uyğun informasiyaları tirajlamaqda ittiham olunan Rauf Arifoğlu və onun rəhbərlik etdiyi “Yeni Müsavat” deyildi. Görünür, Rauf Arifoğlu Eynulla Fətullayevin konkret arqumentlə irəli sürdüyü iddiaya cavab verə bilmədiyindən, öz ənənəsinə sadiq qalaraq, başqalarına şər-böhtan atmaqla hədəfi özündən yayındırmaq cəhdində bulunur. Bu yolla həm də absurd mövzunu ortaya atıb diqqəti hədəfdən yayındırmaq məqsədi güdülür.

Rauf Arifoğlunun “unutqanlığı”

Indi isə keçək Arifoğlunun cəfəng iddialarına. Guya, AXCP sədri Əli Kərimli və ona yaxın medianın (ad çəkilməsə də, “Azadlıq” qəzetinin nəzərdə tutulduğu şübhəsizdir-red.) keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla gizli razılaşması varmış. Bu razılaşmaya əsasən də nə Əli Kərimli, nə də ona yaxın media orqanı Eldar Mahmudovu, onun rəhbərlik etdiyi nazirliyin fəaliyyətini tənqid etmirmiş.

Bu iddianı səsləndirmək üçün ya “Azadlıq” qəzetində yazılanlardan bixəbər olmalısan, ya da vicdandan. Ən azı ona görə ki, MTN-in Əli Kərimliyə, “Azadlıq” qəzetinə qarşı törətdiyi təxribatlar nəinki yerli, hətta beynəlxalq mediada əks-səda doğurub. Eldar Mahmudovun “sağ əli” sayılan Akif Çovdarovun “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin başına gətirdikləri nə tez yaddan çıxdı? “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədova qarşı MTN-in təşkil etdiyi şantajı unutmaq ya yaddaş pozuqluğu olmalıdır, ya da…

Əli Kərimlinin ağır xəstə olan qaynı Elnur Seyidovu 2012-ci ilin martında MTN əməkdaşları həbs edib və o, təxminən iki il nazirliyin təcridxanasında saxlanılıb. Elnur Seyidov günü bu gün də 13 saylı cəzaçəkmə müəssisəsində sifarişlə ona verilmiş 7 il 6 aylıq həbs cəzasını çəkməkdə davam edir.

Əli Kərimli və rəhbərlik etdiyi partiyaya qarşı Ruslan Bəşirli əməliyyatını MTN təşkil etməmişdimi? Və yaxud MTN rəhbərliyinin, nazirliyin Antiterror Mərkəzinin rəis müavini Ilqar Əliyevin AXCP Ali Məclisinin üzvü Pərviz Həşimli və onun ailəsinin başına açdığı oyunlar… MTN-də Pərvizdən Əli Kərimliyə qarşı şər-böhtan xarakterli ifadələr almaq üçün ona hansı işgəncələr verildiyini bilə-bilə belə yalanları tirajlamağın özü xüsusi “keyfiyyətlər” tələb edir.

Xatırladaq ki, MTN-də Pərviz Həşimlidən guya, onun üzərindən və evindən tapıldığı iddia olunan silahların Əli Kərimliyə gətirildiyi, həmçinin milli təhlükəsizlik nazirinin sabiq müavini, hazırda isə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəis müavini olan Əli Nağıyevin AXCP sədrinə maliyyə ötürdüyü barədə ifadələr almaq üçün ona işgəncələr verilib. Pərviz işgəncələrə baxmayaraq, başqalarına böhtan atmadığına görə məhz MTN-in sifarişilə 8 illik həbslə cəzalandırılıb və hazırda həmin cəzanı çəkməkdədir.

AXCP sədrinin müavini, “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həzinin başına torba keçirilərək oğurlanıb işgəncələrə məruz qalmasının MTN-in Antiterror Mərkəzinin əməliyyatı olduğunu Arifoğlu bilmirmi?

Eldar Mahmudovu milli qəhrəman etmək missiyası

“Azadlıq” qəzetinin səhifələrində baş redaktor Qənimət Zahidin müəllif yazıları da daxil olmaqla, MTN-in fəaliyyətini tənqid edən, bu qurumun öz funksiyasını bir kənara qoyub, müxalif siyasətçilərə, müstəqil jurnalistlərə qarşı ən murdar üsullarla təqib-şantaj kampaniyası aparması, iş adamlarının qəniminə çevrilməsi barədə məqalələrdən Rauf Arifoğlu bixəbərdisə, bunu onun yaddaşsız oxucu olmasının ayağına yazaq. Yaddaşı onu pis vəziyyətdə qoyursa belə, azacıq vaxt və əziyyət səfr edib “google” vasitəsilə axtarış aparsaydı, gülünc duruma düşməkdən xilas ola bilərdi.

Hələ ondan danışmırıq ki, “Azadlıq” qəzetinin maliyyə sanksiyaları ilə çökdürülməsi planı da gedib Eldar Mahmudovun yaxın qohumu olan Əli Əsədova gedib çıxır. Arifoğlunun bundan məlumatsızdırsa, hökumətdəki dostlarından, Tağı Əhmədovdan öyrənə bilər.

Indi isə keçək Arifoğlu və rəhbərlik etdiyi qəzetin bir ay əvvələ qədər Eldar Mahmudov və MTN haqqında yazılanlara. Artıq neçə illərdir ki, Rauf Arifoğlu və qəzeti MTN-in təxribatları ilə üzləşən, bu qurumun hədəfində olan şəxslərə qarayaxma, böhtan kampaniyası apardığına görə zaman-zaman tənqid olunur. “Yeni Müsavat”ın səhifələrində Emin Milli və Adnan Hacızadənin təxribatla həbsindən sonra yazılanlardan tutmuş, Xədicə Ismayıl, Leyla Yunus və Emin Hüseynovun guya, Qərb kəşfiyyatının adamı olması barədə böhtanlara qədər müxtəlif nümunələr göstərmək olar. Heç kimə sirr deyil ki, Xədicə Ismayıl, Leyla Yunus və digərlərinə qarşı şər-böhtan planı MTN-in Antiterror Mərkəzində hazırlayıb yayılır.

Arifoğlu bu böhtanları tirajlayanda “Azadlıq” qəzeti Naxçıvan sakini Turac Zeynalovun MTN-də işgəncə ilə öldürülməsini ifşa edən məqalələr yayımlayırdı.

Rauf Arifoğlu özünü elə aparır ki, sanki keçmiş daxili işlər naziri Vaqif Novruzovun “Eldar Mahmudova Milli Qəhrəman adı verilməlidir” təklifini tirajlayan “Yeni Müsavat” qəzeti deyildi.

Baş redaktor Ilham Əliyevə xəyanət edir?

Hər halda, “Yeni Müsavat”dan fərqli olaraq, “Azadlıq” qəzeti heç vaxt MTN-in deputatlarının təbliğat ruporuna çevrilməyi özünə rəva görməyib.

Arifoğlu bir yadına salsın, Eldar Mahmudov vəzifədən çıxarılan gün səhər (hələ bu barədə xəbər yayılmamış) onun qəzetinin manşeti necə idi? Eldar Mahmudovun xidmətlərinə görə irəli çəkiləcəyi və baş nazir olacağı barədə manşet yazısı nə tez yaddan çıxdı?

Arifoğlunun qəzetində Eldar Mahmudov və MTN-i tənqid edən yazılara nə vaxtdan və hansı səbəbdən yasaq qoyulduğu barədə də təkcə “Azadlıq” qəzeti olaraq bizim yox, çoxlarının məlumatı var. Sadəcə, Rauf Arifoğlunun bir sıra başqalarına qarşı davranışlarından fərqli olaraq, biz özəl həyata aid məqamları qəzet səhifələrinə çıxarmağı özümüzə yaraşdırmırıq. Həm də hesab edirik ki, kimliyindən asılı olmayaraq, hər kəsə qarşı şantaj pislənməlidir.

Və nəhayət, Eldar Mahmudovla Əli Kərimli, “Azadlıq” qəzeti arasında razılaşma olduğunu bildiyi halda, Arifoğlu bunu niyə vaxtında yazmırdı? Bu, onu xidmətlərinə görə medala layiq görmüş Ilham Əliyevə xəyanət deyilmi?

Görünür, Arifoğlunun Ilham Əliyevin gözündən düşməkdən qorxduğu dönəmlərdən növbətisidir və Əli Kərimlini, “Azadlıq” qəzetini hədəfə gətirməklə özü yayınmağa çalışır.

“Azadlıq”