Avropa İttifaqı hakimiyyətin bəhanəsini əlindən aldı

fuad-qehremanli-enyeniFuad Qəhrəmanlı: «Avropa İttifaqının addımları iqtidarın münasibətləri biryolluq pozmaq cəhdinin qarşısını almağa hesablanıb»

Noyabrın 18-də Avropa Komissiyası və Avropa Ittifaqının xarici işlər, təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Avropa Qonşuluq Siyasətinin (AQS) icmalının əsas istiqamətlərini açıqlayaraq şərq və cənubdakı qonşularına münasibətdə ittifaqın yanaşmasını dəqiq izah ediblər.

Icmaldan sonra üzv dövlətlər, tərəfdaş ölkələr, beynəlxalq təşkilatlar, sosial tərəfdaşlar, vətəndaş cəmiyyəti və elmi dairələrlə geniş məsləhətləşmələr aparılıb.

AI-nin vitse-prezidenti, xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Federika Mogerini bildirib ki, AI-nin sərhədləri hüdudlarında və onlardan kənarda çətinliklərlə üzləşdiyi bir dövrdə qonşularla tərəfdaşlığın daha da güclənməsi ittifaq üçün vacib məsələdir.

Avropa Qonşuluq Siyasəti və genişlənmə üzrə komissar Yohannes Han isə qeyd edib ki, AI üçün ən təxirəsalınmaz çağırış qonşuluğunda sabitliyin olmasıdır: “Münaqişələr, terrorizm və radikallaşma hamımızı təhdid edir. Ancaq yoxsulluq, korrupsiya və zəif idarəçilik də təhlükə mənbələridir. Buna görə də həqiqətən ortaq olan birgə maraqlarımız baxımından zəruri yerlərdə tərəfdaşlarımızla münasibətlərimizdə istiqamətləri yenidən müəyyən edəcəyik. Xüsusilə də iqtisadi inkişafda əsas diqqəti gənclərin məşğulluğu və səriştə qazanması məsələlərinə yönəltmək vacibdir”.

Beləliklə, Avropa Ittifaqı hər bir ölkə ilə onun cavab addımına uyğun olaraq münasibətlər qurmaq və davam etdirmək niyyətindədir. Bu isə Avropa Ittifaqının prinsiplərində dönməz və sona qədər getmək niyyətində olduğunu göstərir.

Əslində bu, Azərbaycanın bir müddət əvvəl Şərq Tərəfdaşlığı üzrə iş gördüyü qurumun adındakı “inteqrasiya” sözünü “əməkdaşlığa” dəyişməsinə verilən tutarlı cavabdır.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, əslində baş verənlər onu göstərir ki, hakimiyyətin israrla Avropa Ittifaqına inteqrasiya siyasətindən yayınmaq cəhdi öz mənfi nəticəsini verməkdədir. F.Qəhrəmanlının sözlərinə görə, bu gün Avropa Ittifaqı ilə Azərbaycan arasında münasibətlər inteqrasiya zəmnində deyil, daha çox müəyyən qarşılıqlı maraq doğuran məsələlərıə bağlı əməkdaşlıq formasında ifadə olunur: “Bu baxımdan Avropa Ittifaqının hər ölkə ilə münasibətləri onun istədiyi formada tənzimləyəcəyini bildirməsi onu göstərir ki, Brüssel Azərbaycanın mövqeyini nəzərə alır. Eyni zamanda görünür ki, Azərbaycanla münasibətlərin saxlanılmasını Avropa Ittifaqı özü üçün vacib məsələ sayır. Əslində Avropa Ittifaqının rəsmisi Yohannesin təşkilatın hər bir ölkə ilə arzuladığı formada əməkdaşlıq münasibətləri yaradacağını bəyan etməsi o anlama gəlir ki, Avropa Ittifaqı indiki halda Azərbaycanın irəli sürdüyü şərtləri qabardaraq münasibətləri pozmaq siyasətini qəbul etmək niyyətində deyil. Bu, bir növ bəhanəyə yer verməmək mövqeyidir”.

F.Qəhrəmanlının fikrincə, AI üçün indiki şərtlərlə əməkdaşlığın davam etməsi sonrakı inteqrasiya üçün baza rolunu oynaya bilər. F.Qəhrəmanlının sözlərinə görə, AI-nin Azərbaycanla münasibətlərini əməkdaşlıq səviyyəsində tənzimləməsi o anlama gəlmir ki, inteqrasiya istəyindən imtina olunaraq, Azərbaycanın mövqeyi son variant kimi qəbul edilir: “Indiki halda Avropa Ittifaqının yanaşması Azərbaycan hakimiyyətinin münasibətləri pozmaq cəhdinin qarşısını almağa xidmət edir. Bu, münasibətləri qoruyub saxlamaq formasıdır. Bu, siyasət indiki şərtlərə bağlıdır. Bu, keçici bir mərhələdir və irəlidə Avropa Ittifaqı ilə inteqrasiya mərhələsi var”.

Xəyal