Ölkə başçısı bu sahədəki korrupsiyadan, Ədliyyə naziri isə şəffaflıqdan danışır
Çoxdandır ki, Azərbaycanın məhkəmə sistemi karikaturalara, lətifələrə mövzu olur. Artıq ölkə ictimaiyyəti kimi, dünya ictimaiyyəti də Azərbaycanda məhkəmələrin sifarişlə hökm çıxardığını, məhkəmənin Prezident Aparatından asılı quruma çevrildiyini dəqiq bilir.
Amma bu qədər ifşalara, faktlara baxmayaraq, Azərbaycanın Ədliyyə sistemini məhd edənlər tapılır. Bəli, ölkə üçün həməiyyətli olan xəbərləri tiraclamaq üçün yuxarı kanallardan sifariş gözləyən “Azərbaycan” qəzetində Fikrət Məmmədovun “Azərbaycan ədliyyəsi daim inkişafdadır” başlıqlı geniş yazısı dərc olunub. Məqalənin adından da görünür ki, yazıda ədliyyə sisteminin bütün strukturlarında inkişaf getdiyi bildirilir, Ədliyyə Nazirliyinin həyata keçirdiyi mühüm layihələrdən söhbət açılır və s. Sanki bu məqalə hansısa Avropa ölkəsinin ədliyyə sisteminə həsr olunub. Çünki, Azərbaycanın ədliyyə sisteminin necə xəstələndiyinə dair 100-lərlə fakt var.
Bu gün Azərbaycandan Avropa Məhkəməsinə 1000-lərlə şikayət daxil olur. Hər il dövlət Avropa Məhkəməsinin çıxardığı qərarlara görə təzminat ödəməli olur. Yaxud əlində məhkəmə qərarı olan minlərlə insanın işi icraya yönəldilmir. Məhkəmə qərarları istənilən vaxt dəyişdirilə bilir. Məhkəmə hökmünü satın almaq praktikası var. Bu gün ölkədə 100-ə yaxın siyasi məhbus var və bu adamların taleyini son mərhələdə məhkəmələr müəyyən edib.
Ən son olaraq MTN-də baş verənlərə nəzər salaq. Əgər MTN-də sahibkarlara işgəncə verilibsə, insanları əsassız olaraq təcridxanaya atıblarsa, MTN əməkdaşlarının fəaliyyəti əsasında 100-lərlə insan azadlığını itiribsə, bütün bu qanunsuz əməllərə son qiyməti məhkəmələr verib. Yəni bu insanların şərləndiyini, işgəncə gördüyünü, günahsız olduğunu məhkəmələr biliblər. Sadəcə olaraq sifarişə uyğun olaraq qərar çıxarılıb. Təkcə MTN-də baş verənlər ədliyyə sisteminin hansı vəziyyətdə olduğunu göstərir. Yaxud həbsxanada məhbusun döyülərək öldürülməsi, insanlara işgəncə verilməsi faktları, məhbusun qanunla müəyyən olunmuş hüquqlarını pulla alması və digər hallar ədliyyə sisteminin bərbad vəziyyətdə olmasından xəbər verir.
Hansısa vəzifəli şəxsin oğlu adam öldürdüyü halda şərti azadlığa buraxılır, hansısa müxalifət fəalı isə birinə şillə vurduğuna görə 6-7 il həbs cəzası alır. Budurmu, ədliyyə sistemindəki inkişafın göstəricisi? Insanlar haqlı olduqları halda da məhkəmələrə müarciət etmək istəmirlər. Çünki bilirlər, süründürməçiliklə üzləşəcəklər, bilirlər ki, qarşı tərəfin pulu varsa, məhkəməni udacaq.
Bu gün Azərbaycan məhkəmələrindən qanunsuz, qərəzli hökmlər çıxdığı üçün, ölkəmiz bütün dünyanın tənqid hədəfinə çevrilib. Tanınmış hüquqşünaslar, siyasi xadimlər, jurnalistlər vətəndaş mövqeyinə görə həbs olunub. Bütün mötəbər qurumlar Azərbaycan hakimiyyətindən bu insanları azad etməyi tələb edir. Deməli, bu gün dövlətin imicinə ləkə vurulması birbaşa məhkəmə hökmləri ilə bağlıdır.
Ona görə də palaz boyda məqalə yazıb, ədliyyə ssitemini öyməkdənsə, bu sistemdəki palaz-palaz neqativləri aradan qaldırmaq lazımdır.
Yeri gəlmişkən, ölkə başçısı Ilham Əliyev Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılışında belə demişdi: “Ilk növbədə məhkəmə sistemində korrupsiya halları tam aradan qaldırılmalıdır. Buna yol verilməməlidir. Eyni zamanda, məhkəmə qərarları elə olmalıdır ki, bu böyük bəla ilə bizim mübarizəmiz daha da səmərəli olsun”.
Fikrət Məmmədovun məqaləsində isə şəffaflıqdan söhbət açılır, neqativ halların olmadığı iddia edilir. Indi necə başa düşək, Ilham Əliyev yalan danışır, yoxsa Fikrət Məmmədov?
Samir



