Bərdənin icra başçısı İlham Əliyevi necə aldadır?

Bərdəlilər Vidadi Isayevin onlara gətirdiyi ac günləri yaşayır…

Bərdə sakini, 2-ci qrup əlillik dərəcəsi olan Zahid Mikayılov yaşadığı rayonun icra başçısından şikayətçidir. Məktubunda da yazır ki, Bərdənin icra başçısı Vidadi Isayevdən narazı olan tək o deyil, hazırda yüzlərlə bərdəli bu adamın əlindən bezib. Təsadüfi deyil ki, son vaxtlar Vidadi Isayevdən dövlət başçısı Ilham Əliyev, onun xanımı Mehriban Əliyeva, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə göndərilən şikayətlərin sayı həddindən artıq çoxdur. Zahid Mikayılovun sözlərinə görə, Bərdədə yaranmış dözülməz vəziyyət sakinləri müvafiq qurumlara üz tutub, onlardan kömək istəməyə məcbur edir.
Zahid Mikayılov yazır ki, icra başçısı şahmat nəzəriyyəsinə uyğun, özünü sığortalamaq üçün taktiki planlar hazırlayır. Planın nədən ibarət olduğunu da açıqlayır: “Icra başçısı narazı əhalini icra hakimiyyətinə dəvət edərək onları şirin dilə tutur, yağlı vədlər verib rayonun və imkansız əhalinin vəziyyətini düzəldəcəyinə söz verir. Qəbula gələn şəxslərdən xahiş edir ki, icra hakimiyyəti binasını tərk etməmişdən əvvəl köməkçisi Isgəndər adlı şəxsə, başçının nüfuzuna xələl gətirməyən şəkildə izahat versin. Başçının siyasətindən narazı qalan şəxslər şirin dilə uyaraq köməkçiyə izahat verməli olur. Saxtakarlıq da elə burdan başlayır, verilən izahatlarda tarix qoyulmur. Bu da həmin kağızın daim təzə olmasına dəlalət edir. Vidadi Isayevdən narazı qalan şəxslər bir müddət susmaq mövqeyində dayansa da, sonra aldadıqlarını görüb yenidən icra başçısından prezidentə şikayət edirlər. Icra başçısı isə həmin şəxslərdən aldığı izahatların üzünü çıxararaq Prezident Administrasiyasına göndərir. Bu taktika ilə Vidadi Isayev Prezident Administrasiyasını və yerli əhalini aldatmağa müvəffəq olur”.
Şikayətçi məktubunda onu da qeyd edir ki, şəhərdəki mədəniyyət sarayı hazırda icra başçısının qərarıyla sökülür. Bərdənin məşhur “Ana” kinoteatrını da icra başçısı sökdürür. Hər iki obyektdə olan inşaat materialları isə mənimsənilir. Bir sözlə, Vidadi Isayev rayonun mədəniyyət ocaqlarına qənim kəsilib.
Zahid Mikayılovun sözlərinə görə, Bərdədə sosial həyat tərzi son dərəcə ağırdır. Narkomaniya tüğyan edir, işsizlik ən böyük bəladır. Vidadi Isayev isə Ilham Əliyevi aldadaraq, onun gəzəcəyi yerləri əvvəlcədən abadlaşdırır. Üstəlik, abadlıq işləri də əhalinin hesabına aparılır.
“Rayonun büdcəsi isə kim bilir, hara gedir. Insan haqları,  vicdan azadlığı boğulur, rayonda bir dənə də qəzet köşkü qalmayıb. Bərdəlilər nə edəcəyini bilmir, onlar icra başçısının onlara gətirdiyi ac günləri yaşayır”, – deyə Zahid Mikayılov məktubunu tamamlayır.

Sosial şöbə