Sumqayıtda təhsilə ayrılan pullar göyə sovrulur

«Idman kompleksləri büdcədən pul oğurlamaq üçündür»

Sumqayıt şəhər 16 saylı məktəbin müəlliməsi Nailə Novruzova redaksiyamıza məktub yollayıb. Məktubu müəllifin öz sözlərilə təqdim edirik:
“Özüm, qohumlar, ətrafımdakı insanların heç biri yaxşı yaşamır. Yaxşı yaşamaq heç də maddi durumdan asılı deyil. Insanlar özünü qoyun yox, insan kimi hiss etmək istəyir, mən də həmçinin.
Sözümün canı budur ki, qızım yeni dərs ilində məktəbə gedəndə ona gündəlik aldım. Ötən illərdəki gündəliklərdən bir az fərqlənirdi, ön səhifələrdə Təhsil Nazirliyinin qaynar xəttinin telefon nömrəsi vardı. Dərhal zəng edərək məni narahat edən, rus bölməsindəki dərsliklərin yararsızlığını və bəzən də heç olmamasını diqqətə çatdırdım. Söylədilər ki, kitablar yaxın günlərdə olacaq. Oktyabrın ikinci yarısında dərsliklər verildi. Müdiriyyətdən kitab barədə soruşanda hamısının satışda olduğunu deyirdi. Bütün kitablar satışda var, məktəbdə isə yoxdur, görəsən niyə?
Sumqayıt Təhsil Şöbəsi isə kitabların olmadığını bildirir. Nə vaxt olacağını da demir.
Məktəblərdə idman avadanlığı da yoxdur. Mən 16 saylı orta məktəbdə fiziki tərbiyə müəlliməsiyəm, işlədiyim 6 il ərzində heç bir idman inventarı almamışıq. Ucqar rayonlarda böyük idman kompleksləri tikiləndə, o qədər pul xərclənəndə əsəbiləşirəm. Bütün bu təmir və komplekslər büdcədən pul oğurlamaq üçündür. Bir müəllim kimi bilirəm ki, idmana həvəs məktəbin idman dərslərində yaranır. Məktəbdə dərs keçilmirsə, komplekslərə də kimsə getməyəcək.
Təhsil Nazirliyinə müraciət edərək məktəblərə idman avadanlığı alınması üçün pul ayrılması məsələsini soruşdum. Nəticədə direktor məni çağıraraq bu işin səlahiyyətimə aid olmadığını söylədi, məktəbə lazım olarsa, idman avadanlığının alınacağını dedi. Təhsil şöbəsinin inspektoru  S.Məmmədov da məni çağıraraq öz işimlə məşğul olmağımı tələb etdi. Hamı deyir ki, yuxarıdakılar nəyin lazım olduğunu səndən yaxşı bilir.
Bir sözlə, bəlli oldu ki, Sumqayıt məktəblərinə təxminən 1000 manat ayrılır ki, ona da 40-dan çox məktəbə idman ləvazimatları almaq mümkün olmur. Idman ləvazimatlarının taleyi sirr olaraq qalır, kimsə də bununla maraqlanmır”.

Sosial şöbə