Bakıya çəkilən kəmər Oğuzu, Qəbələni susuz qoyub, fındıq bağları və kənd təsərrüfatı məhv olur
Ekoloqların Oğuz və Qəbələnin sualtı mənbələrinin Bakının su ilə təchizatı üçün istismarının regionda içməli su mənbələrinin quruması və meşələrin məhv olmasına gətirib çıxaracağı barədə təşvişləri təsdiq olunur. Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib ki, bir sıra kəndlərdə quyular quruduğu üçün su çatışmır, bəzi yerləri isə, əksinə, su basır.
“Artıq fındıq bağlarının 25%-i məhv olub”, – deyə o, su təchizatı probleminə həsr edilən dəyirmi masada bildirib. Onun sözlərinə görə, korrupsiyalı və iddialı Oğuz-Qəbələ-Bakı su kəmərinin layihəçilərinin hesablamaları doğru deyil. “Su kəməri Bakının su təchizatını təmin etməyib, iki rayonda kənd təsərrüfatının məhv olması üçün real təhlükə yaradıb”, – deyə Qəhrəmanlı bildirib.
Su kəməri tikiləndə və işə salınandan sonra hakimiyyət vəd edirdi ki, paytaxtın 75%-i fasiləsiz su ilə təmin ediləcək. “Azərsu” ASC-nin təmsilçilərinin etirafına görə, hələlik su kəməri Bakının bir sıra qəsəbələrinin problemini qismən həll etməyə kömək edib. Uzunluğu 263 km olan su kəməri 45 aya Dövlət Neft Fondunun vəsaitləri ilə (780 mln manat) tikilib. Ilkin mərhələdə tikinti müddəti 12 ay, xərclər 480 mln manat göstərilirdi. QHT və müstəqil KIV layihənin korrupsiya mənbəyi olması barədə çoxlu hesablamalar aparıblar.
Qəhrəmanlı hesab edir ki, hökumət Oğuz və Qəbələnin su ehtiyatlarından istifadəyə yenidən baxmalıdır. Onun fikrincə, 5 m/saniyə həcmində su hasilatı yerli yeraltı su resurslarını boşaldır.
Hüquq müdafiəçisi həmçinin qeyd edib ki, kəmər çəkilən zaman vətəndaşların əmlak hüququ pozulub, onların çoxu nə pul kompensasiyası, nə də uyğun torpaq payı alıb(Turan).