AXCP-yə qeydiyyat problemi yaradanlara Milli Şura sədrindın “tərs şillə”
AXCP-ni dağıtmaq üçün xərclənən paralar ağılsız ideyanın cazibəsində param-parça oldu
Xalqın etimadını itirən bir rejimin AXCP ilə “etimad” oyunu oynaması onun özünü günbəgün etimadsız duruma salır
Milli Şuranın sədri Cəmil Həsənli Ədliyyə Nazirliyinin AXCP-yə qeydiyyat problemi yaratmasına münasibət bildirib. Cəmil bəy feysbuk səhifəsində bu mövzuda yazıb:
Dostlar! Millətin həyatı ağır keçsə də, hökumətimiz hərdən onu güldürməyi yaddan çıxarmır. Azərbaycan Xalq Cəbhəsi Partiyasının son qurultayının sənədlərinin müvafiq dövlət orqanı tərəfindən geri qaytarılması da bu gülməli hadisələrdən biridir. 20 ildən çoxdur ki, 20 faiz ərazisi işğal altında qalan bir ölkənin hakim rejimi Cəbhə ilə vuruşur. Gah onun qeydiyyatını ləğv edib 5 gün sonra yenidən bərpa etmək məcburiyyətində qalır, gah terror örgütü kimi partiyanın qərargahını partladıb normal bir izahat verə bilmir. İndi də Razi ilə niyaz edib “etimad qurultayı” keçirənlər bundan Xalq Cəbhəsinə qarşı etimadsızlıq məqamı kimi istifadə etməklə bu səfeh işə xərclədikləri paraların hesabını silmək istəyirlər. Çünki həmin paralar da ağılsız ideyanın cazibəsində param-parça olmuşdur.
Bu adamlar anlamırlar ki, onların ümid yeri olan Razi özü televiziya vasitəsi ilə açıqlama verib Xalq Cəbhəsindən çıxdığını bəyan etmişdi. Qalan 2-3 nəfər də nizamnamə qaydalarına uyğun partiyadan uzaqlaşdırılmış adamlardır. Partiya qurultayı keçirməyə nizamnamə tələblərinə uyğun partiya orqanları səlahiyyətlidir. Necə ki, az əvvəl AXCP belə bir qurultayı keçirdi. Haradansa 5-3 nəfəri tovlayıb “5 manatlıq gəlin” tamaşasına gətirməklə qurultay olmaz ki! Öz dili ilə bir təşkilatdan, siyasi partiyadan çıxdığını bəyan edən bir şəxsin həmin partiya, təşkilat adından “etimad qurultayı” keçirməsi Mirzə Cəlillik məsələdir vallah. 10-15 il bundan öncə Cəbhə ilə üzülüşüb siyasi kluarlarda hər rəngə adaptasiya olan 3-5 nəfəri prosesə qoşub görüntü yaratmaq sabun köpüyü kimi puça çıxdı. Hamı gördü ki, işin kökü Razidə deyil, kriminal rejimin Xalq Cəbhəsinə olan patoloji nifrətindədir. Bu qədər pul-para ilə Cəbhəni dağıda bilmədilər, bu prosesdən siyasi təşkilat olaraq AXCP, əqidə sahibi olaraq cəbhəçilər daha güclü çıxdı. Sentyabr ayının sonlarında keçirilən möhtəşəm qurultay bu gücün kiçik bir ifadəsi idi.
Bu qurultayın video materiallarına baxan, onun cəmiyyətdə doğurduğu rəylə tanış olanlar bunu necə Razinin “narazıları” ilə eyniləşdirirlər? Doğrudan da məmləkətdə ölçü hissi itib. Ölkənin birinci partiyasına, alternativ güc mərkəzinə, başlıca müxalifət təşkilatına qarşı hakimiyyət dövlətin resurslarından dədə malı kimi istifadə edir, anti-konstitusiyon yollarla, qanunsuz addımlarla öz alternativini qanundan kənar saxlamağa, susdurmağa uğursuz cəhdlər edir. Bununla bir şeyə nail olmaq mümkün deyil. Çünki xalqın sınanmış bir təşkilat kimi Cəbhəyə olan etimadı, “etimad qurultayının” ümidinə qalanlardan müqayisəyə gəlməz dərəcədə böyükdür.
İndi bilgisayar əsridir. Sosial şəbəkələrin ictimai rəyə güclü təsiri var. İnformasiyaların yayılma sürəti az qala səs sürətinə yaxınlaşmaqdadır. İndi xəbər məlumatları külək təpələrin arasında yayılan kimi yayılır. 5-3 nəfər əqidə alverçisi ilə zamanın sürətinə dəng gəlmək mümkün deyil. Bu dəyişən dünyada hələ də mürgü vuran ölkəmizin vəzifə sahibləri, hakimiyyəti etimadsız duruma gətirənlər məmləkətin min bir dərdini qoyub Cəbhəyə badalaq vurmaq üçün “etimad qurultayından” nicat gözləyirlər. Ölkədə idarə olunan cəmiyyət, idarə olunan müxalifət yaratmaq sevdasına düşən Təhlükəsizlik Nazirliyinin və həmin ideyanın “cazibəsinə” düşüb idarə olunanların aqibəti göz qabağındadır. Dövlətçiliyi qorumaq adı altında bu ölkəni sökənlər, dövlətçilik anlayışları oğurluq yolla sərvət toplamaqdan uzağa getməyənlər Cəbhədən ram olmamağının, boyun əyməməyinin, öz vüqarını saxlamağının, millətə xidmətin qisasını alırlar, amma primitiv yollarla.
Ölkənin Milli Təhlükəsizlik Nazirliyini çökürdənlər, dövlətin və millətin təhlükəsizliyini etimadsız həddə çatdıranlar anlamırlar ki, sosial narazılıq elə kritik həddə çatıb ki, xalqın etimadını itirən bir rejimin Cəbhə ilə “etimad” oyunu oynaması onun özünü günbəgün etimadsız duruma salır. Başa düşmək istəmirlər ki, indi hansısa qurumu, partiyanı, siyasi təşkilatı qeydə alıb-almamaqla ictimai proseslərə yön vermək, kimisə indulgensiya qəbzi ilə cənnətə göndərmək dövrü arxada qalıb. Soruşan yoxdur ki, 20 ilin qeydiyyatı ilə Cəbhəyə nə vermişdiniz və son illərin ən etimadlı qurultayını keçirmiş bir partiyanın sənədlərini geri qaytarmaqla ondan nəyi alacaqsınız? Hansısa bir quruma xalqın etimadı qeydiyyatla həll olunmur, bu etimadı Cəbhəçilər bu millətə xidmətləri ilə əldə ediblər, Prezident Aparatından, MTN antiterror mərkəzindən idarə olunmamaları ilə qazanıblar. Mustafa Kamal paşa demiş, millətin əfəndisi olmaq ona xidmətdən keçir. Bu əfəndiliyi Cəbhəçilər öz həyatları ilə, özlərinin mübarizə əzmi ilə, təmiz bir əqidə sahibi olmaları ilə təsdiqləyiblər. Son 20 ildə Cəbhənin bioqrafiyasını siyasi məhbuslarsız təsəvvür etmək çətindir. Bügün də 7 nəfər siyasi məhbusu var, onun yarıya qədəri bilavasitə partiyanın rəhbər orqanlarında təmsil olunur.
Məsələnin kökünü araşdırsaq, əslində hakimiyyətin problemi heç Cəbhə də deyil, Əli Kərimlidir. Son 10 ilin istibdadına, təzyiqlərinə, basqılarına, şər-böhtanına mərdi-mərdanə sinə gərən, hakimiyyətin bütün çirkli oyunlarını ifşa edən və bu qeyri-bərabər mübarizədən şərəflə çıxan, xalq və millət yolunda öz siyasi iradəsini ortaya qoyan, ən böhranlı məqamlarda belə mənəvi ucalığını saxlayan Əli Kərimli!