elnurastanbeyli@gmail.com
Yadınızdadırsa, siyasi məhbuslardan birinin məhkəməsinə hakimin bu sözləri damğa vurmuşdu: “Allah qapını açsın!”
Təsəvvür edin, həmin məhbusun haqsız həbsdən qurtulması üçün hakimin sadəcə ona verilən siyasi sifarişi yox, vicdanının səsini dinləməsi, siyasi göstərişə deyil, qanunlara görə hökm çıxarması kifayətdir, o isə bunu allahdan təmənna edir.
Bir neçə ay əvvəl işıq idarəsinə zəng edib saatlardır sönən işıqların nə vaxt yanacağını soruşanda oradan belə cavab almışdım: “Allah qoysa, yanar!”
Iki il əvvəl uşağı doğuş zamanı ölən bir tanışıma isə həkim “Allahın işidir, biz neyləyə bilərik?!” demişdi.
Təzəlikcə bir professor niyə azərbaycanlı alimlərin Nobel ödülü ala bilmədiyi barədə jurnalistin sualına “Allah bilən məsləhətdir” cavabını vermişdi. Həqiqətən yerinə düşən cavab idi. Alimi bu cür düşünən bir ölkədən niyə kiməsə Nobel mükafatı versinlər ki?! Dəlidirlər məgər?
Yəqin fikirləşirsiniz ki, bütün bunlarla nə demək istəyirəm, nədir sözümün canı? Tələsməyin, izah edəcəm. Bəlkə də az sonra oxuyacaqlarınız kimlər üçünsə çox acı, kimlər üçünsə çox sərt görünəcək, ağız büzənlər tapılacaq, amma inanıram ki, normal düşüncəli hər kəs indi yazacaqlarımla xeyli dərəcədə razılaşacaq, müəllifin çatdırmağa çalışdığı “bizim toplumda inancın böyük ölçüdə ancaq imitasiya edildiyi” fikrinə ortaq olacaq.
Beləliklə, yuxarıda yazdıqlarımızdan yola çıxaraq, gəlin aydınlaşdırmağa çalışaq.
Birinci, bir halda ki, bu ölkədə məhbus ədaləti, həkim şəfanı, vətəndaş işığının yanmasını, suyunun gəlməsini göydən gözləyəcək, daha o ölkədə hakim nə üçündür, həkim nə üçün, çinovnik nə üçün? Bir ölkədə ki, alim hansısa elmi ödülü göylərin mərhəmətinə bağlayacaq, daha o ölkədə Elmlər Akademiyasına nə hacət var, oranı pirə çevirib səhər-axşam bizdən də kiminsə çürük qoz icad etməsi üçün gecə-gündüz nəzir-niyaz aparmaq doğru olmazmı?
Ikinci, hansısa həkimin səhlənkarlıqla xəstəni öldürməsinə, hansısa hakimin sifarişli hökmlə günahsız insanı həbsə atmasına allahı da şərik qoşması nə vaxtdan inanc göstəricisidir? Belə də inanc, belə də allah sevgisi, allah qorxusu olar? Bu necə olur axı, sənin nadanlığın üzündən hansısa körpə dünyaya ölü gəlir və bu, “allahın işi” olur, amma Məkkədə qaldırıcı kran aşıb yüzlərlə zəvvar öləndə bunu dərhal “masonların işi” sayırsan? Niyə sən qanunsuz hökm verib kimisə həbsə atanda onun qapısını açmağı allahdan arzu edirsən, amma o qanunsuz hökmə etiraz edən, o günahsız məhbusu azad etməyə çağıran Avropa təşkilatlarını da “xristian klubu”, “kafir yığnağı” deyə yamanlayırsan?!
Dəhşətə baxın: “kafir” deyilən özünü “mömin” adlandırandan ədalət istəyir, tələb edir. Bundan böyük tragikomediya ola bilərmi?!
Üçüncüsü, az qala hər kəsin hər fürsətdə, dəxli oldu-olmadı, allaha inancını dilə gətirdiyi, allah sevgisini, allah qorxusunu ifadə etdiyi bir ölkədə bu qədər allahsızlıq necə baş verir? Allahı sevirsiniz, bəs rüşvəti niyə, necə sevirsiniz? Allaha inanırsınız, bəs siyasi bütə niyə baş əyirsiniz? Allahdan qorxursunuz, bəs məzlumun ahını almaqdan, qul haqqı yeməkdən, qaraya ağ, ağa qara deməkdən, yalan danışmaqdan, millətin sərvətinə göz dikməkdən, seçki qutusuna topa-topa bülleten atmaqdan niyə qorxmursunuz?
“Allah” sözünün adamların dilindən düşmədiyi bir ölkədə bu qədər oğurluq, saxtakarlıq, işverənlik, üzəduranlıq, yaltaqlıq, yalançılıq hardandır?
Allaha bu qədər inanan bir toplumda allahlıq eşqinə düşən, əli üstə əl, sözü üstə söz tanımayan, “asdığım asdıq, kəsdiyim kəsdik” düşüncəsinə qapılan bir belə adam hardandır axı?
Qoy bu ölkədə hər kəs özünə və bir-birinə bu sualları versin, inanıram ki, ağlı, məntiqi azacıq yerində olanlar üçün həmin suallara cavab tapmaq qətiyyən çətin olmayacaq.
Çətinlik çəkənlər isə gedib Axundovu, Haqverdiyevi, Mirzə Cəlili, Sabiri, Ömər Faiq Nemanzadəni təzədən, daha diqqətlə, daha dərindən oxusunlar. Onlar belələrindən öz köməklərini heç vaxt əsirgəməzlər.
Axı onlar bu xalqın ASAN-cavab xidmətidirlər.