Əli Kərimli Naxçıvan “xanı”nın naxçıvanlılara yaşatdığı dəhşətlərdən yazdı

akarimli-2014AXCP sədri Əli Kərimli Facebook səhifəsində Naxçıvanda yaşayanların üzləşdiyi dəhşətlərdən yazıb. Onun statusunu təqdim edirik:

“Bugünlərdə Türkiyədə yaşayan bir dostumla Skype vasitəsilə söhbət edirdik. Dostum Türkiyədə işləməyə məcbur olmuş 10 minlərlə naxçıvanlı həmvətənlərimizin yaşadığı çətinliklərdən yana – yana danışırdı (özü naxçıvanlı deyil). Deyirdi ki, Naxçıvandakı işsizlikdən, səfalətdən, hüquqsuzluqdan baş götürüb Türkiyəyə gəlmiş naxçıvanlı soydaşlarımız orada da olduqca acınacaqlı vəziyyətdə yaşayırlar. Türkiyədə yaşamaq və işləmək hüquqları olmadığından bu adamlar üçün həyat daha da ağır keçir. Əksəriyyəti çətin, az qazanclı, qeyri- leqal işlərdə işləyir. Ucuz başa gəlsin deyə, xeyli adam 8-10 nəfər bir mənzildə kirayə qalırlar. Ən dəhşətlisi isə orada böyüyən uşaqların xeyli hissəsi təhsildən kənar qalır. Ailələri Türkiyədə müvafiq hüquqi əsaslar olmadan yaşadıqları üçün uşaqlar məktəbə gedə bilmir. Minlərlə uşaq 11-12 yaşlarından başlayaraq valideynlərinə müxtəlif işlərdə kömək etməyə məcbur olurlar. Bir sözlə, gələcəyimiz, millətin genefondu məhv edilir.

Naxçıvandakı dözülməz sosial gərginlik büdcədən ayrılan vəsaitin azlığı ilə deyil, Naxçıvanda korrupsiyanın daha nəhəng miqyası ilə bağlıdır. Əslində Naxçıvana Azərbaycan büdcəsindən ayrılan vəsait digər bölgələrlə müqayisədə xeyli çoxdur. 2015 –ci ilin dövlət büdcəsində Naxçıvana 298 milyon manat dotasiya ayrılıb. Bu vəsait məsələn Gəncə kimi əhalinin sayına görə Naxçıvanla müqayisə oluna bilən şəhərə ayrılan vəsaitdən 12 dəfə artıqdır. Başqa bir müqayisəyə baxaq. Yenə də, 2015- ci ilin dövlət büdcəsində Naxçıvana ayrılan vəsait Lənkəran, Şəki, Cəilabad, Tovuz və Bərdəyə birlikdə ayrılan vəsaitdən təqribən 3 dəfə çoxdur. Hansı ki, bu rayonların birlikdə əhalisi Naxçıvan əhalisindən iki dəfədən də artıqdır. Deməli, Naxçıvanda sosial problemlərin kəskinliyi pulun azlığı ilə deyil, idarəetmənin daha da pis olması ilə bağlıdır.

Bu bir aksiomadır ki, harada siyasi hüquqlar daha çox məhdudlaşdırılırsa, həmin yerdə korrupsiyanın səviyyəsi daha yüksək, idarəetmənin səmərəliliyi daha aşağı olur. Naxçıvanın nümunəsində biz bu aksioma bir daha əmin ola bilərik. Naxçıvanda xeyli müddətdir ki, Özbəkistan idarəetmə standartları tətbiq olunur. O da məlumdur ki, Azərbaycan rəhbərliyi Naxçıvana siyasi poliqon kimi baxır. Əslində Azərbaycanın hər yerində bərqərar etmək istədikləri “qaydaları” ilk öncə Naxçıvanda tətbiq edib, sınaqdan keçirirlər.

Azad mətbuat əvvəlcə Naxçıvanda sıradan çıxarıldı, sonra bütövlükdə ölkə boyu azad mətbuatın ləğvinə başlanıldı. Vətəndaş cəmiyyəti də əvvəlcə Naxçıvanda məhv edildi, sonra da ölkə boyu susduruldu. Hüquq müdafiəçilərinin vəhşicəsinə döyülməsi də Naxçıvanda İlqar Nəsibovla başlayıb, Bakıda Leyla Yunusla davam etdirilir. İndi də Vasif Talıbov müxalifəti tamamilə məhv edib, təkpartiyalı sistem yaratmağın təcrübəsini keçir Naxçıvanda. Proses durdurulmasa, Bakıda da eynisinə cəhd ediləcək.

Təəccübləndiniz ki, Naxçıvanda hələ də müxalifətçilər var? Razıyam, xeyli təəccüblüdür. Amma var. Və yəqin ki, bu qəhrəman insanların hələ də mübarizəni davam etdirməsinə görədir ki, Naxçıvan azacıq da olsa, Şimali Koreyadan, Özbəkistandan fərqlənir.

AXCP Naxçıvan təşkilatı hörmətli Yaşar Bağırzadənin rəhbərliyilə hələ də ayaqdadır, mübarizəni davam etdirirlər. Qanunsuz həbslər, işgəncələr, döyülmələr, təhqir və şantajlar belə bu qəhrəman insanları susdura bilməyib. Yaşar bəy özü də, Naxçıvan təşkilatımızın bir çox fəalları da siyasi məhbus həyatı yaşayıblar. Yaşar bəyə təzyiq etmək məqsədilə onun böyük qardaşı, AXCP fəalı Zeynalabdin bəyi bir dəfə də şərləyib həbs etmişdilər. Bir neçə il siyasi məhbus həyatı yaşadı. İndi də Zeynalabdin Bağırzadəni yenidən şərləyiblər. Onun barəsində vəzifəli şəxsə müqavimət ittihamı (CM-in 315.1 maddəsi) ilə 3 ay həbs-qətimkan tədbiri seçilib. Məqsəd Yaşar bəyə təzyiq edib, onu haqq davasından çəkindirməkdir. Bu günlərdə məlumat yayıldı ki, Vasif Talıbov oğlunu da Naxçıvan Muxtar Respublikası Milli Məclisinə deputat təyin etdirib. Oğlunu deputat təyin etdirən kimi oradakı müxalifət liderinin qardaşını da zindana göndərdi. Nə demək olar? Ölkənin idarə olunduğu feodal təfəkkürünə görə elə belə də olmalıdır.

Əziz həmvətənlər, bilin və agah olun:

– Rejim sərtləşdikcə, təkcə siyasi hüquqlarımız məhdudlaşmayacaq, həm də sosial vəziyyətimiz daha da pisləşəcək;

– İndi repressiyaların qarşısında dirəniş göstərən və buna görə məhrumiyyət yaşayan cəsur insanlar daha böyük dəstəyə layiqdirlər;

– Naxçıvan avtoritarizmlə mübarizənin ön cəbhəsidir. Naxçıvan müxalifətçilərini unutmayaq, həbs olunmuş Zeynalabdin Bağırzadəyə hamılıqla dəstək verək.

– Şər qüvvələr o qədər azğınlaşıb ki, indi onları durdurmaq üçün bir neçə min nəfər mübariz insanın fədakarlığı artıq kifayət etmir. Bakının da bir gün Naxçıvan kimi idarə olunmaması üçün indidən bir şeylər etmək, haqq səsimizi ucaltmaq lazımdır”.