Quzanlıda yenicə tikilən xəstəxananın uçması Nizami Sadıqovun karyerasını təhlükə altında qoyub
Ağdamın Quzanlı kəndində yenicə tikilmiş xəstəxana uçub. Bu barədə pia.az saytı məlumat yayıb. Məlumata görə, xəstəxananın tikilişinə 27 milyon manat xərclənib. Layihəni səhiyyə naziri Oqtay Şirəliyevə yaxın olduğu bildirilən “Viel” şirkəti həyata keçirib. Məlumatda deyilir ki, doğum evi və uşaq poliklinikasından ibarət olan həmin xəstəxananın arxa hissəsi hələ tikinti işləri başa çatmamış çökübmüş. Bir neçə gün əvvəl isə xəstəxana binasının hər iki girişi uçub və divarlarda iri çatlar əmələ gəlib. Ilham Əliyevin isə yaxın vaxtlarda Ağdama səfəri gözlənilir. Səfər proqramına bu xəstəxananın açılışı da salınıb.
Əgər səfər təxirə salınmasa, Ağdamın icra başçısı Nizami Sadıqov vəzifəsinə əlvida deyə bilər. Doğrudur, bu məsələdə Oqtay Şirəliyev də məsuliyyət daşıyır. Lakin səhiyyə nazirinin ailəyə yaxın şəxs olduğunu nəzərə alsaq, bu biabırçılığa görə, rayondakı tikintilərə nəzarət edən icra başçısının cəzalandırılacağını söyləmək olar.
Bundan əvvəl Nizami Sadıqovun adı kürəkəninin döyülməsində hallanırdı. Icra başçısının polis zabiti olan kürəkənini ölümcül döydürməsi kifayət qədər ajiotaja səbəb olmuşdu. Hələ o zaman Nizami Sadıqovun işdən çıxarılacağı barədə xəbərlər yayılsa da, təsdiqini tapmadı. Görünür, bunun ailədaxili məsələ olduğunu nəzərə alaraq icra başçısına dəyməyiblər. Lakin bu dəfə Nizami Sadıqova güzəşt ediləcəyi inandırıcı görünmür.


