Torpaqlarla bağlı planlar açılandı

torpaqƏmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ölkədə Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması işinə başlayıb. ƏMDK-dan  veriən məlumata görə, komitənin əsas vəzifələrindən biri təyinatından və mülkiyyət növündən asılı olmayaraq, ölkə ərazisindəki bütün torpaqların elektron kadastr uçotuna alınması, ərazilərin rəqəmsal xəritələrinin hazırlanması, avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemi, mükəmməl torpaq bankının yaradılmasıdır. “Bu işlərin icrası məqsədilə bir çox ölkələrin qabaqcıl təcrübələri öyrənilib»-deyə məlumatda bildirilir.

Bakının kadastrı hazırdır

Komitədən bildirilib ki, ölkənin kadastr tarixinə ilk dəfə olaraq Bakı və Sumqayıtın müfəssəl (təfərrüatlı) elektron kadastr məlumat bazası yaradılıb, onların rəqəmsal kadastr xəritələri tərtib edilib. Bu bazada hər bir torpaq sahəsi, onların üzərindəki tikili barədə müfəssəl məlumatlar toplanıb. Yeni yaradılan sistemdə hər iki şəhərdəki bütün daşınmaz əmlaklar barədə məlumatlar, torpağın sahəsi və ölçüləri, kommunikasiya xətləri, mühafizə zonaları, torpağın yerləşmə vəziyyətini göstərən koordinatları, təyinatı, üzərindəki tikilini xarakterizə edən göstəricilər əksini tapıb. Bu göstəricilərə tikilinin balans saxlayıcısı, kommunal-təchizat vəziyyəti, mərtəbəliliyi, hər bir mənzilin texniki pasportuna dair məlumatları, istismar ili, ünvanı və s. aiddir.

Şəki və Gəncənin kadastrı yaradılır

Hal-hazırda Gəncə şəhərində və Şəki rayonunda da bu işlər görülür və 2016-cı ilin birinci yarımilliyində bu ərazilər üçün də mükəmməl kadastr işi hazır olacaqdır. Ölkənin 53 rayon mərkəzinin ərazilərinin də torpaq uçotu işinə başlanılıb. Bu layihə çərçivəsində yaxın 2 il ərzində daha 130.000 ha ərazidəki torpaqlar və onlar üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr işi yekunlaşacaq.

Əkin sahələrinin də uçotuna başlanıb

Paralel olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda da torpaq uçotu işinə başlanılıb. Bu sistemin yaradılması nəticəsində torpaqların sənədlərindəki göstəriciləri ilə faktiki yerləşmə vəziyyətinə dair göstəriciləri arasındakı uyğunsuzluqlar aradan qaldırılacaq. Kadastr xəritələri ilə bağlı problemlər həllini tapacaq. Torpaq ehtiyatlarının idarə edilməsinin dövlət mexanizmi təkmilləşəcək, dövlət nəzarəti daha effektiv həyata keçiriləcək.

Bakı bələdiyyələrinin xəritələri hazırlanır

Komitədən bildirilib ki, ölkənin 4 milyon hektar ərazisini əhatə edən ortofotomaterialların rəqəmsallaşdırılması işi müvəffəqiyyətlə icra olunmaqdadır və bu iş yaxın 4 ay ərzində başa çatacaq. Torpaqların elektron kadastr uçotu sisteminin yaradılması məqsədilə, komitə tərəfindən böyük əraziləri özündə cəmləşdirən sahələrdə torpaq tədqiqatı, örüş və biçənək sahələrinin tədqiqi işləri aparılır, rayonların Rəqəmsal Torpaq Xəritələri tərtib edilir. Torpaq uçotu işləri yekunlaşmış Bakı, Sumqayıt, Gəncə şəhərlərinin bələdiyyə xəritələrinin tərtibi işinə hazırlıq gedir.

2020-ci ilədək bütün işlər başa çatacaq

“Komitənin kadastr fəaliyyəti ilə bağlı hədəfi 2020-ci ilədək ölkə ərazisindəki bütün torpaqların elektron kadastr uçotu sistemini yaratmaqdan, pay torpaqlarının kadastr göstəriciləri ilə onların yerdəki faktiki kadastr göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılmasına nail olmaqdan ibarətdir”-deyə məlumatda bildirilir. Komitə bildirib ki, yeni sistemin yaradılması torpaq bazarında şəffaflığı artıracaq, bazarı stimullaşdıracaq, onlardan daha səmərəli istifadə olunmasına imkan verəcək. Eləcə də Torpaq bazarının bu Sistemlə tənzimlənməsi nəticəsində icarəyə götürülmüş, lakin istifadə olunmayan hektarlarla torpaqların aşkarlanacaq və istifadəyə veriləcək. Bundan əlavə, Sistem respublikada torpaqların təyinatı, istifadə növü üzrə dəqiq kadastr uçotunun aparılmasını, daşınmaz əmlakın qeydiyyatı işinin sadələşməsini təmin edəcək. Torpaq sahəsinə dair “plan-ölçü” sənədinin gələcəkdə elektron xidmət vasitəsilə verilməsinə, əmlak vergisinin təyini və toplanması işinin təkmilləşməsinə və digər mühüm məsələlərin həllinə səbəb olacaq.

 

(fins.az)