ACP sədrindən Sərdar Cəlaloğluna cavab gəldi

Vaqif Mahmudov: «Rəsul Quliyev bu sözləri reytinq üçün deməyib»

ABŞ-da mühacir həyatı yaşayan Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin bir neçə gün əvvəl qəzetimizdə ərəb inqilabları və Azərbaycandakı vəziyyəti təhlil edən məqaləsində müxalifəti də tənqid edən məqamlar əksini tapmışdı. Öz növbəsində müxalifət təmsilçiləri yazını cavabsız qoymayıb.
ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat” qəzetinə verdiyi açıqlamasında R.Quliyevin reytinq toplamaq üçün belə fikirlər səsləndirdiyini, lakin bir daha əvvəlki reytinqini bərpa edəcəyinin mümkünsüz olduğunu deyib. Onun bu fikirləri isə ACP-də narazılıqla qarşılanıb. Partiya sədri Vaqif Mahmudov qəzetimizə müraciət edərək Rəsul Quliyevin ünvanına deyilən tənqidlərə cavab vermək istəyini dilə gətirdi.
ACP sədrinin sözlərinə görə, Rəsul Quliyev fikirlərini müxalifətin siyasətinin tənqidi üzərində qurmayıb: “Ölkədəki sosial və iqtisadi sistemin vətəndaşların normal yaşaması üçün qətiyyən münasib olmadığını bilirik. Insanların elementar hüquqları pozulur. Hamı bunu görür, hadisələrə reaksiya verir. Təbii ki, hakimiyyət də məsuliyyətini dərk etməlidir. Rəsul Quliyev həmçinin dəyişiklikləri xalqın edə biləcəyini bildirib”.
V.Mahmudovun fikrincə, ACP lideri bu sözləri reytinq üçün deməyib. Çünki yalnız siyasətə yenicə başlayan adamlar reytinq üçün hansısa fikir səsləndirə bilər. Rəsul Quliyev isə uzun müddətdir siyasi fəaliyyət göstərir.

Fizzə