Oqtay Şirəliyevin saxladığı məxfi hesabat

Radiolokasiya Stansiyası Qəbələdə nələrin kökünü kəsib?

Qəbələ Radiolokasiya Stansiyasının (RLS) ətraf mühitə təsirilə bağlı məsələ gündəmə gəlib. Bu barədə “Mediaforum” saytına verilən məlumatda bildirilib. Media Hüququ Institutundan verilən məlumata görə, müvafiq təsiri ifadə edən sənədlərin gizli saxlanması səbəbindən bu işə Avropa Insan Hüquqları Məhkəməsi baxacaq. Çünki əlaqədar qurumlar RLS-in ətraf mühitə radioaktiv təsiri barədə bilgiləri açıqlamaqdan imtina edib, yerli məhkəmələr isə həmin qurumların xeyrinə qərarlar çıxarıb.
Institutun məlumatına görə, Qəbələ RLS-in ətraf mühitə təsirini öyrənmək məqsədilə 2003-cü ildə Dövlət Komissiyası yaradılıb, onun sədri isə səhiyyə naziri olub. Komissiyanın işi, araşdırmaları, hesabatları barədə topluma yetərli bilgi verilməyib. Səhiyyə Nazirliyindən bilgi sorğusu istəniləndə qurum onu təmin etməkdən yayınıb. Bundan sonra iş məhkəmə müstəvisinə keçib və ən nəhayət, ölkə çərçivəsindən kənarda haqqını tapmağa qərar verilib.
RLS-in ətraf mühitə zərərli təsiri barədə zaman-zaman yazılıb, materiallar dərc edilib, lakin Rusiyanın icarəsində olan stansiyanın əhali üçün ziyanverici təsiri ilbəil qalmaqda davam edir.
Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov RLS-in fəaliyyətinin istehlakçıların həyatına birbaşa zərər verdiyini söylədi. Qurum sədrinə görə, istehlakçı hüquqlarıyla birgə, ekomühitin dəyişməsi də son nəticədə istehlakçı problemini yaradıb: “Mənə çoxsaylı məlumat gəlir ki, həmin zonada Azərbaycanın aboregen, heç yerdə yetişdirilməyən ”qızıləhməd” almasının kökü kəsilməkdədir. Qalanları da mutasiya olunaraq “qızıləhməd”liyini itirib.  Radiasiya maddələri daşıyan avtomobillərdə həmin zonaya siqaretlər gətirilməsi faktı da bizə məlumdur. Yəni bu, birmənalı şəkildə istehlakçı hüquqlarının, ekomühitin pozulmasıyla nəticələnən məsələdir”.
AIB sədri söylədi ki, buna oxşar problem mobil operatorların antennalarında da mövcuddur. AIB hələlik hansısa müstəqil ekspertizaya nail olmasa da, bu məsələ istiqamətində müəyyən işlər aparır: “Xüsusən onun həmin aboregen bitkilərə və biomüxtəlifliyə təsirini öyrənmək üçün tədqiqatlar aparırıq. Bu məsələni qaldıran insanlar tam haqlıdır və onlara həmişə dəstək veririk”.

Nigar